Məhkəmə qərarları › İş №2(012)-1427/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1427/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1427/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 010R********** saylı kredit razılaşması üzrə 15.406,17 manat məbləğində kredit borcu, 6.575,43 manat məbləğində faiz borcu və 11.276,31 manat məbləğində cərimə borcu olmaqla, cəmi 33.257,91 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, ünvan 1ində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı məqsədli 0.10 ha torpaq sahəsinin açıq hərracdan satılması, 33.257,91 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ünvan 1ində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı məqsədli 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X1 həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, həmin torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi iddia tələbini müdafiə edib izahatında bildirdi ki, Cavabdeh4 ilə İddiaçı QSC ilə arasında bağlanmış 13.11.2012ci il tarixli 10L000003636 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə arasında bağlanmış 30.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23.500 manat kredit götürmüşdür. Tərəflər arasında imzalanmış 05.01.2016-cı il tarixli 010R**********SA saylı, 13.01.2017-ci il tarixli 010R**********SC saylı, 15.01.2018-ci il tarixli 010R**********SD saylı və 20.06.2018-ci il tarixli 010R**********SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh4 müqavilənin şərtlərini pozaraq ödənişləri dəfələrlə yubatmış və 02.05.2019-cu il tarixdən kredit və faiz borclarını qaytarmamışdır. O, kredit borcundan 8.093,83 manat ödəniş etmiş və iddiaçıya 15.406,17 manat məbləğində kredit borcu qalmışdır. Müqavilə ilə müəyyən edilmiş faiz hesablamalarına əsasən cavabdeh kredit və faiz borcunu iddiaçıya qaytarmadığı üçün onun 06.10.2020-ci il tarixə 523 gün üçün hesablanmış faiz borcu 6.575,43 manat təşkil edir. Eləcə də müqavilə ilə müəyyən edilmiş cərimə hesablanmalarına əsasən həmin tarixə cavabdehin 523 gün üçün müqavilə üzrə hesablanmış cərimə borcu 11.276,31 manat təşkil edir. Qeyd edilən kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələri imzalayaraq bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Bu səbəbdən onlar da Cavabdeh4 ilə birgə məsuliyyət daşıyırlar və onun öhdəliklərini birgə icra etməlidirlər. Cavabdeh4 öhdəliklərini icra etmək məqsədi ilə onunla bank arasında bağlanmış 26.12.2014-cü il tarixli 010M**********01 saylı ipoteka müqaviləsi əsasında ünvan 1ində 0.10 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin əmlakın ipoteka ilə yüklü edilməsi çıxarışla qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı digər nümayəndəsi iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 hər biri ayrıayrılıqda iddianı qəbul etmədiklərini bildirdilər. Digər Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə borclu Cavabdeh4 arasında bağlanmış 13.11.2012-ci il tarixli 10L000003636 saylı kredit xətti müqaviləsinə əsasən bank borcalana 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. İş materiallarında olan 13.11.2012-ci il tarixli 10S000007832 nömrəli, 30.12.2014-cü il tarixli 10S**********01 nömrəli və 05.01.2016-cı il tarixli 056S**********01 nömrəli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bank ilə borclu Cavabdeh4 arasında bağlanmış 13.11.2012-ci il tarixli 10L000003636 nömrəli kredit xətti müqaviləsi və bu kredit xətti müqavilənin ayrılmaz hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsi 20.04.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh4 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 178 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 26.12.2014-cü il tarixli, 010M**********01 saylı ipoteka saxlayan İddiaçı QSC və ipoteka qoyan və borclu Cavabdeh4 ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsi 13.11.2012-ci il tarixli 10L000003636 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 28.000 ABŞ dolları olaraq müəyyən edilmişdir. İş materallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh4 məxsus ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı QSC-nin Elmlər Akademiyası filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 178 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 26.12.2014, qeydiyyat nömrəsi **********, əsas öhdəlik 13.11.2012-ci il tarixli 10L000003636 nömrəli kredit xətti müqaviləsi, kredit xəttinin məbləği 30.000 ABŞ dolları. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 13.11.2012-ci il tarixli 10L000003636 nömrəli kredit xətti müqaviləsi üzrə 30.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşmasından və ödəniş planından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla 23.500 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit məbləğinin müvafiq qrafikə əsasında aylıq 656 manat olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 2.3-cü bəndində əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş 30.12.2014-cü il tarixli kreditin verilməsi üçün köçürülmədən görünür ki, 30.12.2014-cü il tarixdə Cavabdeh4 İddiaçı QSC-dən 23.500 manat məbləğində vəsait götürmüşdür. İş materiallarından olan 05.01.2016-cı il tarixli 010R**********S №-li kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən və ödəniş planından müəyyən edilir ki, həmin kredit müqaviləsinə dəyişiklik edilmiş, bank ilə kredit alan arasında 30 dekabr 2014-cü il tarixli 10L000003636 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30 dekabr 2014-cü il tarixdə bağlanmış 010R********** saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan 30 dekabr 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğlərinin və ödəniş tarixlərinin bu Sazişə əlavə olunan 05 yanvar 2016-cı il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilməsi, kredit alanın kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizlərinin yeni ödəniş planına uyğun olaraq banka ödənilməsi, kredit alanın yeni ödəniş planı üzrə ödənişlərinin sayının 2(iki) mislindən artıq sayda olduqda bankın yeni ödəniş planı üzrə hər bir ay üçün kreditin qalıq məbləğinə bu Sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə müvafiq ay üçün bu Saziş ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsinin fərqi qədər faiz dərəcəsi tətbiq etməklə cərimə hesablayaraq kredit alandan tələb edə bilməsi və bu halda kredit alanın həmin cəriməni banka ödəməli olması müəyyən edilmişdir. İş materiallarından olan 04 aprel 2016-cı il tarixli, 010R**********SA №-li kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən və ödəniş planından müəyyən edilir ki, 13.11.2012-ci il tarixli 10L000003636 nömrəli kredit xətti müqaviləsi üzrə 30.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında kredit alanın kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 04 aprel 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməsi müəyyən edilmişdir. İş materiallarından olan 13 yanvar 2017-ci il tarixli, 010R**********SC №-li kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən və ödəniş planından müəyyən edilir ki, 13.11.2012-ci il tarixli 10L000003636 nömrəli kredit xətti müqaviləsi üzrə 30.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında kredit alanın kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 13 yanvar 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməsi müəyyən edilmişdir. İş materiallarından olan 15 yanvar 2018-ci il tarixli, 010R**********SD №-li kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən və ödəniş planından müəyyən edilir ki, 13.11.2012-ci il tarixli 10L000003636 nömrəli kredit xətti müqaviləsi üzrə 30.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında kredit alanın kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 15 yanvar 2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməsi müəyyən edilmişdir. İş materiallarından olan 20 iyun 2018-ci il tarixli, 010R**********SE №-li kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən və ödəniş planından müəyyən edilir ki, 13.11.2012-ci il tarixli 10L000003636 nömrəli kredit xətti müqaviləsi üzrə 30.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında kredit alanın kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 20 iyun 2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, 16 avqust 2019-cu il tarixdə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcunun ödənilməsi barədə İddiaçı QSC tərəfindən xəbərdar olunmuşdur.. İş materiallarında olan 27.11.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 06.10.2020-ci il tarixinə Cavabdeh4 30.12.2014-cü il tarixli, 010R********** saylı kredit müqaviləsi üzrə 15.406,17 manat məbləğində əsas borcu, 6.575,43 manat faiz borcu, 11.276,31 manat cərimə borcu olmaqla, cəmi 33.257,91 manat borcu vardır. İş materiallarında olan 02.09.2020-ci il tarixli 19955 nömrəli bildirişin surətindən və 08.09.2020-ci il tarixli 20514 nömrəli ərizədən görünür ki, Cavabdeh4 banka olan borcunun ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı və tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə İddiaçı QSC tərəfindən xəbərdar olunmuşdur, bildiriş ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində 09.09.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Elektron Xidmət Portalından çıxarışdan görünür ki, ipoteka predmeti olan daşınmaz əmlakın tutumanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 25.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin ödənilməsi bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından olan "xxxx" MMC tərəfindən verilən 02 iyun 2021-ci il tarixli, 224/E №-li ekspert rəyindən müəyyən edilir ki, ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsinin hazırki likvid dəyəri 40.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2021-ci il tarixli, 09/3424 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli 10L000003636 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30 dekabr 2014-cü il tarixli, 010R********** nömrəli razılaşması müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 maliyyə arayışı müddətinədək, yəni 06.10.2020-ci il tarixinədək olan borcu: - əsas borc üzrə 15.405,89 manat, faiz borcu üzrə 5.801,34 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı QSC ilə borclu Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli 10L000003636 saylı kredit xətti müqaviləsinə əsasən bank borcalana 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin kredit xətti müqaviləsi üzrə 30.12.2015-ci il tarixli 010R********** saylı kredit razılaşmasına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh4 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla 23.500 manat məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh4 25.01.2012-ci il tarixli, 01A000028279 saylı razılaşma ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə bank tərəfindən Cavabdeh4 30.12.2014-cü il tarixli kredit razılaşması üzrə 06.10.2020-ci il tarixə 15.406,17 manat əsas, 6.575,43 manat faiz, 11.276,31 manat cərimə borcu, cəmi 33.257,91 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, 13.11.2012-ci il tarixli 10S000007832 nömrəli, 30.12.2014-cü il tarixli 10S**********01 nömrəli və 05.01.2016-cı il tarixli 056S**********01 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bank ilə borclu Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli 10L000003636 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqavilənin ayrılmaz hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehdən 06.10.2020-ci il tarixə 30.12.2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə 15.406,17 manat əsas borc və 6.575,43 manat faiz borcu tələb edir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən isə cavabdehin 06.10.2020-ci il tarixə 30.12.2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə əsas borcu 15.405,89 manat, faiz borcu isə 5.801,34 manat təşkil edir.Ekspert rəyini təkzib edən sübut iş materiallarında mövcud deyildir. Ona görə də məhkəmə ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək 30.12.2015-ci il tarixli 010R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 15.405,89 manat və faiz borcu üzrə 5.801,34 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən məhkəmə qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, iddia ərizəsində qeyd olunmuş 11.276,31 manat cərimənin məbləği azaldılmalı, 580 manat müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC və Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, habelə zaminlik müqavilələri əsasında onun bank qarşısında öhdəliklərinə görə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onunla birgə məsuliyyət daşıdığından, iddia bu hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilməli, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15.405,89 manat kredit borcu 5.801,34 manat faiz borcu, 580 manat cərimə borcu olmaqla, cəmi 21.787,23 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.1-ci maddəsinin görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. “İpoteka haqqında Qanun”un 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qismən təmin edilməli, tələb ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli və hərracdan satılandan bir ay sonra Cavabdeh4 həmin torpaq sahəsinindən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra sonra Cavabdeh4 həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsinə və alıcıya təhvil verilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı qeyd olunan ipoteka predmetinin mülkiyyətçisi olmadığı üçün belə bir iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir, bu hüquq yeni mülkiyyətçiyə aid olduğundan iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiyməti 28.000 ABŞ dolları müəyyən edilsə də, mütəxəsis rəyində likvid dəyəri 40.000 manat qeyd edildiyindən ilkin satış qiyməti likvid qiyməti ilə 40.000 manat müəyyən edilməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 20 manat xidmət haqqı olmaqla cəmi 60 manat pulun iddia qismən təmin edildiyindən 40 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15.405,89 manat kredit borcu 5.801,34 manat faiz borcu, 580 manat cərimə borcu, ödənilmiş dövlət rüsumu üçün 40 manat, cəmi 21827,23 manat tutulub iddiaçıya verilməli, tələb ipoteka predmeti olan ünvan 1ində 0.10 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, ipoteka predmetinin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsi Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməli, hərracdan satılandan bir ay sonra Cavabdeh4 həmin torpaq sahəsindən çıxarılmalı, ipoteka predmeti olan həmin əmlakın likvid dəyəri 40.000 (qırx min manat) olaraq müəyyən edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 30 manatı İddiaçı QSC-dən, 70 manatı isə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan ekspert rəyindən görünür ki, iş üzrə ekspertiza rəyinin qiymətləndirmə xərci 250 manat təşkil edir. Həmin məbləğ İddiaçı QSC tərəfindən ödənilmişdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş ekspertiza tədqiqatının qiymətləndiricinin tədqiqatının dəyərinin 75 manatı iddiaçıya aid edilməli, 175 manat isə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15.405,89 manat kredit borcu 5.801,34 manat faiz borcu, 580 manat cərimə borcu, ödənilmiş dövlət rüsumu üçün 40 manat, cəmi 21827,23 manat tutulub İddiaçı QSC-yə verilsin. Tələb ipoteka predmeti olan ünvan 1ində 0.10 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin, ipoteka predmetinin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsi Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Əmlak hərracdan satılandan bir ay sonra Cavabdeh4 həmin torpaq sahəsindən çıxarılsın. İpoteka predmeti olan həmin əmlakın likvid dəyəri 40.000 (qırx min) manat müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 30 manatı İddiaçı QSC-dən, 70 manatı isə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. İddiaçı tərəfindən ekspertiza tədqiqatının qiymətləndiricinin tədqiqatının dəyəri üçün ödənilmiş 250 manat məbləğində pulun 75 manatı iddiaçıya aid edilsin, 175 manatı isə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar