Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-143/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, onun Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 2 saylı evin 27 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2 ünvanında yerləşən 27 saylı mənzil Abşeron rayonu XDS İcraiyyə Komitəsinin verdiyi 257 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun övladıdır. 1989-cu il tarixdə bu evi almış, xx.xx.2005-ci il tarixdən ailəmlə birlikdə həmin evdə qeydiyyata düşmüşdür. Həmin vaxtdan ailəsi ilə birlikdə o evdə yaşayır. Cavabdeh də alqı-satqı etdiyi tarixdən bir müddət onunla birgə bu ünvanda yaşamışdır. Bundan sonra cavabdeh yaşayış yerini dəyişərək Rusiya Federasiyasına köçməsi ilə əlaqədar 2012-ci il tarixdən ünvan 2 ünvanında yaşamır. Lakin hal-hazıradək Cavabdeh orada qeydiyyatdadır. Cavabdehin həmin mənzilə yaşayış və istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehin bu mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, o, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqlarını ödəməli olur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, Cavabdeh 7000 manat kompensasiya ödənilməklə onun Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 2 saylı evin 27 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. O bildirdi ki, mübahisəli mənzildə 6 nəfər qeydiyyatdadır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 vəkili və nümayəndəsi Nümayəndə2, həmçinin iştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 bildirdilər ki, təklif edilən kompensasiya hazırda onları qane edir. Nümayəndə2 qeyd etdi ki, cavabdeh iddianı tam şəkildə qəbul edir. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, tərəflər onun həm qohumu, həm də qonşusudur. Cavabdeh artıq 7-8 il olar ki, mübahisəli mənzilə gəlmir. Bildiyinə görə o, Rusiya Federasiyasında kirayədə yaşayır. Əvvəllər ailəli olsa da, sonradan boşanmışdı. Məhəmməd vətənə gələrkən anasıgildə qalırdı. Cavabdehin Azərbaycanda başqa yaşayış sahəsi yoxdur. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, iddiaçının gəlinidir, cavabdeh isə onun qaynıdır. İddiaçı onun oğlu ilə, yəni nəvəsi ilə mübahisəli mənzildə yaşayır. Cavabdeh artıq uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. O, 2015-2016-cı ildən mübahisəli evdə yaşamır. O, bir neçə dəfə ailə qurmuşdur. Əvvəllər bura gələndə anasıgildə qalırdı. Məhkəmə tərəfləri və şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan 9504 reyestr saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 2 saylı evin 27 saylı mənzili İddiaçı adına qeydə alınmışdır. Buna səbəb Abşeron rayon XDS İK-nin 257 saylı, xx.xx.1989-cu il tarixli qərarı olmuşdur. Bu barədə onun adına texniki pasport tərtib edilmişdir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı arayışdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 2 saylı evin 27 saylı mənzilində iddiaçı, cavabdeh və 4 nəfər başqa şəxs (ümumilikdə 6 nəfər) qeydiyyatdadırlar. İşdə olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi MTİİTS-nin xx.xx.2023-cü il tarixli, 623 saylı arayışından görünür ki, Ağayev X1 rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 2 saylı evin 27 saylı mənzilində qeydiyyatdadır, lakin orada yaşamır. İş materiallarında olan X4 Mərkəzinin xx.xx.2024-cü il tarixli, YDQM-012-151/2023 saylı hesabatından görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 2 saylı evin 27 saylı mənzilinin bazar dəyəri 63000 manat, aylıq kirayə haqqı isə 300 manat təşkil edir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil Abşeron rayon XDS İK-nin 257 saylı, xx.xx.1989-cu il tarixli qərarı ilə İddiaçı verilmiş və onun mülkiyyət hüququ 9504 reyestr saylı qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır. Mənzildə tərəflər də daxil olmaqla cəmi 6 nəfər qeydiyyatdadır. Hazırda İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, onun Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 2 saylı evin 27 saylı mənzilindən istifadə hüquqlarına 7000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşdən görünür ki, Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququ vardır, bu hüquq iddaçı tərəfindən də qəbul olunur. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh mübahisəli mənzildə xx.xx.2016-cı ildən yaşamır. İşdən görünür ki, tərəflər arasında münasibətlər yaxşı deyildir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsaslanmaqla belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə əmlaka dair kompensasiya məbləğləri ilə bağlı araşdırma aparmış və mütəxəssis rəyi ilə mübahisəli əmlakın bazar dəyəri və kirayə haqqı müəyyən edilmişdir. Bununla belə, təklif edilən 7000 manat məbləğində kompensasiyanı cavabdeh tərəf məhkəmə iclasında məqbul hesab etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 7000 manat kompensasiya ödənilməklə onun Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 2 saylı evin 27 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X6rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslarına dair tələblərini sübut edə bilmişdir. Bu baxımdan məhkəmə onun iddia ərizəsində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər iddianın təmin edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, mütəxəssis tədqiqatı üçün iddiaçı tərəfindən ödənilmiş 300 manat pulun yarısı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 7000 manat kompensasiya ödənilməklə onun Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 2 saylı evin 27 saylı mənzilindən istifadə hüququna xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Aparılmış mütəxəssis tədqiqatı üçün iddiaçı tərəfindən ödənilmiş vəsaitin yarısı kimi 150 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-143/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-143/2024
13.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver