Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-154/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissədə olan payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsi xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X1 mülkiyyətində, 0.06 ha hissəsi isə Cavabdeh mülkiyyətindədir. Torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlarına aiddir və fərdi yaşayış evi tikmək üçün verilmişdir. Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsinin mülkiyyətçisi olsa da, öz mülkiyyətindən istifadə edə bilmir. Cavabdeh 0.12 ha torpaq sahəsini mişar daşından hasara almış, oranın darvazasını kilidlə bağlamışdır və iddiaçının torpaq sahəsinə girməsinə, orada özü üçün fərdi yaşayış evi tikməsinə imkan vermir. Dəfələrlə cavabdehə torpaq sahəsindən istifadə etməsi, torpağın naturada bölünməsini bildirsə də, o bundan yayınmışdır. Ona görə də iddiaçı mülkiyyət hüquqlarını məhkəmədə müdafiə etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissədə olan payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Hazırda paylı mülkiyyətində olan 0.06 ha torpaq sahəsini naturada Cavabdeh məxsus 0.06 ha torpaq sahəsindən ayrımaq istəyir. Bu məqsədlə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, Cavabdeh həyat yoldaşı ona borclu olmuş, birgə nikah dövründə alındığı üçün həmin borc məhkəmə qətnaməsinə əsasən torpaq sahəsinin 0.06 ha hissəsinə yönəldilmişdir. Hazırda torpaq sahəsinin 0.06 ha hissəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin naturada ayırıb orada özünə fərdi yaşayış evi tikmək istəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə bildirişi poçt zərfinə “ünvan tam deyil” qeyd edilməklə geri qaytarılmışdır. Cavabdeh faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kəndi üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsi Cavabdeh adına, 0.06 ha hissəsi isə İddiaçı adına paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. A 967688 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2- 4514-S-0039-8/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli, 0.12 ha torpaq sahəsi paylı mülkiyyətdədir. Bu səbəbdən Cavabdeh və İddiaçı rəsmi müraciət etdiyi təqdirdə 0.12 ha torpaq sahəsinə dair bölgü sxemi ilə bağlı ərizənin icrasına yenidən baxılacaqdır. Bundan başqa qeyd edilmişdir ki, ikinci tərəf gəlməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Əmlak üzərində mübahisə olduğu nəzərə alınaraq “Daşınmaz əlakın dövlət reyestri haqqında Qanun”un 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6548 saylı rəyindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh payına uyğun naturada (real) bölgüsünün metodik vəsaitin tələblərinə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgünün hansı qaydada aparılması rəyə əlavə olunmuş “AutoCad” programı vasitəsilə hazırlanmış sxemdə ətraflı göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə ekspert rəyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlanacaq) 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda göstərilən maddələrinə əsasən: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər” 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsi Cavabdeh, 0.06 ha hissəsi isə İddiaçı paylı mülkiyyətindədir. Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsi Cavabdeh adına, 0.06 ha hissəsinin isə İddiaçı adına paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Hazırda paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsus olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu həyata keçirməsində çətinliklər yarandığından iddiaçı daşınmaz əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmənin təyin etdiyi ekspertiza əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6548 saylı rəyinə əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh payına uyğun naturada (real) bölgüsünün metodik vəsaitin tələblərinə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edildiyindən məhkəmə ekspert rəyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirib və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əsas tutub hesab edir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturada bölgüsü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 10/6548 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun aparılmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən aparılmış ekspertiza tədqiqatına görə 50 manat dəyəri Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturada bölgüsü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6548 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun aparılsın. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat dəyəri Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-154/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-154/2024
24.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver