Məhkəmə qərarları › İş №2(012)-1550/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1550/2025

09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1550/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 ona vurmuş olduğu 3200 manat maddi, 1500 manat mənəvi zərərin, vəkilə hüquqi yardıma görə ödədiyi 300 manatın və 67 manat dövlət rüsumunun, cəmi 5067 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh onun etibarından suiistifadə edərək onu aldadıb, həyat yoldaşı X2 əlillik təqaüdünü bərpa etmək adı ilə yalan vəd verib 2023-cü ilin may ayı ərzində ondan hissə-hissə 3200 manat pul alıb ələ keçirərək ona qarşı dələduzluq etmiş, həyat yoldaşının əlillik təqaüdünün bərpa edilməsi üçün heç bir iş görməmiş və ona verdiyi pulu mənimsəmişdir. O, dəfələrlə ondan pulunun geri qaytarılmasını xahiş etsə də, cavabdeh onun xahişlərinə məhəl qoymamışdır. Buna görə də o, məcbur olub cavabdehin ona qarşı dələduzluq etməsi barədə hüquq mühafizə orqanına müraciət etmişdir. Cavabdeh haqqında Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh məhkəmə prossesi zamanı təkrarən yalan vəd verib pulunu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin o, öz vədinə əməl etmir, hər dəfə ona pulunu qaytarması barədə müraciət edəndə müxtəlif bəhanələrlə onu aldadır, onu əsəbləşdirir. Cavabdeh ona 3200 manat maddi ziyanla yanaşı mənəvi ziyan da vurmuşdur ki, bu ziyanı o, 1500 manat qiymətləndirir. Uzun müddətdir ki, cavabdeh etdiyi əməldən peşman olub onun maddi və mənəvi ziyanını ödəmir. Bundan başqa o, vəkillə ona hüquqi yardım göstərməsi üçün 300 manat pul ödəyərək müqavilə bağlamış, sonradan vəkil ona həmin məbləği qaytarmışdır. Bildirir ki, həmin vəkil X5 artıq vəfat etmişdir. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)- 693/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinş əsasən Cavabdeh 15 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Cavabdeh üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxs İddiaçı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olmasının izah olunması, Cavabdeh dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsaitin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülməsi hökm edilmişdir. Hökmdə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır. Belə ki, Asiflə qohumdurlar. O, 2016-cı ildən 2020-ci ilədək olan müddətdə böyrək xəstəliyi ilə əlaqədar təqaüd alırmış, 2020-ci ildən Sosial Müdafiə Nazirliyi tərəfindən yoxlanışa göndərilmiş və yoxlanışda xəstəliyi təsdiq olunmadığı üçün təqaüdü dayandırılmışdır. 2023-cü ilin yanvar ayında o, Asifin Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən evinə qonaq getmişdir. Həmin ərəfələrdə də maddi vəziyyəti pis olmuş, söhbət əsnasında Asif ona bildirmişdir ki, onun həyat yoldaşı Mətanətin aldığı əlillik ilə bağlı təqaüdü dayandırılmışdır və ondan təqaüd alıb-almadığını soruşmuşdur. O da təqaüd almadığı təqdirdə yalandan Asifə demişdir ki, onun təqaüdü əvvəlcə dayandırılmış, guya Sosial Müdafiə Nazirliyində olan tanışı vasitəsi ilə təqaüdünü bərpa etdirmiş, hazırda da təqaüd alır. Asif də ondan xahiş etmişdir ki, həyat yoldaşı Mətanətin də təqaüd ala bilməsi üçün əlilliyini bərpa etdirsin. O da Asifə yalandan demişdir ki, köməklik edər. Sonradan da inandırıcı olması üçün Asiflə mütəmadi olaraq əlaqə saxlayıb sonuncuya narahat olmamasını, guya Sosial Müdafiə Nazirliyində işləyən tanışı ilə danışdığını və Mətanətin təqaüdünü bərpa etdirəcəyini demişdir. 2023-cü ilin mart ayında maddi vəziyyəti pis olduğundan Asiflə əlaqə saxlamış, sonuncu ilə danışdıqdan sonra yaşadığı Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən evinə getmiş, Asifə bildirmişdir ki, guya o, Sosial Müdafiə Naziriiyində işləyən tanışı ilə danışmışdır və Mətanətin əlillik təqaüdünü düzəldə biləcəkdir. O, Asifdən təqaüdün bərpa edilməsi üçün də 3000 manat pul istəmişdir. Asif də etiraz etməmiş, lakin 3000 manat pulunun olmadığını, həmin pulu mart ayı ərzində hissə-hissə verə biləcəyini bildirmişdir. O da etiraz etməmiş, elə həmin gün Asifdən yaşadıqları evdə 500 manat pul almışdır. Bundan təxminən 4-5 gün keçmişdir ki, o, yenə də Asifin evinə gedib ondan Mətanət xanımın təqaüdünün bərpa edilməsi üçün 500 manat pul almışdır. Bundan sonra Asiflə yenidən 2023-cü ilin mart ayında onun yaşadığı Sabunçu rayonu Pirşağı qəsəbəsindəki evində hər dəfəsində 500 manat olmaqla iki dəfə ümumilikdə 1000 manat pul almış, 2023cü ilin aprel ayının əvvəllərində də eyni məqsədlə Asifdən onun yaşadığı evin yaxınlığında Sabunçu rayonu Pirşağı qəsəbəsində ikilikdə ilkin olaraq 1000 manat, sonra isə 3000 manatdan əlavə xərc kimi 200 manat pul almışdır. Asifdən aldığı ümumilikdə 3200 manat pulu öz ehtiyaclarına xərcləmiş və ona söz vermişdir ki, 2023-cü ilin aprel ayının 15-dən sonra Mətanətin əlillik təqaüdü bərpa ediləcəkdir. Sonradan Asif onunla dəfələrlə əlaqə saxlamış, ona müxtəlif bəhalər gətirmişdir. Həmin pulu hazırda maddi imkanı zəif olduğundan qaytara bilmir, əməlindən peşmandır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Məmmədov X9 rayonu, Dağtumas kəndi, Cavabdeh isə Abşeron rayonu, Saray Qəsəbə Ə/D, Saray qəsəbəsi, Təzə Məhəlləsi ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı iddiasına görə Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçının həyat yoldaşı X2 əlillik təqaüdünü bərpa etmək adı ilə yalan vəd verib 2023-cü ilin may ayı ərzində iddiaçıdan hissə-hissə 3200 manat pul alıb ələ keçirərək dələduzdluq etmiş, həyat yoldaşının əlillik təqaüdünün bərpa edilməsi üçün heç bir iş görməmiş və iddiaçıya verdiyi pulu mənimsəmişdir. İddiaçı hazırda cavabdehdən maddi və mənəvi ziyana görə dəymiş zərərin onun xeyrinə ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. -68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: -65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. -180.2.-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Mülki iş materiallarından məlum olur ki, Cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə iddiaçının həyat yoldaşı X2 əlillik təqaüdünü bərpa etmək üçün İddiaçı aldadaraq iddiaçının 3200 manat pulun ələ keçirmişdir. Bu hal Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-693/2024 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə iddiaçının həyat yoldaşı X2 əlillik təqaüdünü bərpa etmək üçün iddiaçını aldadaraq 3200 manat pulunu ələ keçirməklə, ona ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh təqsiri Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-693/2024 saylı hökmü ilə sübuta yetirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilmişdir. Cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadələrində tamah niyyəti ilə onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə ondan ümumilikdə 3200 manat məbləğində pul götürdüyünü etiraf etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3200 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində 1500 manat mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etsə də, qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tələbində vəkilə hüquqi yardıma görə ödədiyi 300 manat pul məbləğini tələb etsə də, məhkəmə iclasında izahatında vəkilin ona həmin məbləği qaytardığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 67 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 41,30 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat pul vəsaiti və 41,30 (qırx bir manat otuz qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar