Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1662/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun əmlakına vurulan zərərə görə 1000 manat maddi, 5000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6030 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bidirdi ki, Cavabdeh özgə əmlakını gizli yolla talama məqsədilə 21.01.2019-cu il tarixdə saat 01 radələrində ona məxsus Abşeron rayonu Masazır kəndi F.Həsənov küçəsində yerləşən 33a saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla evin sağ tərəfində yerləşən istixana üçün nəzərdə tutulmuş yardımçı tiklinin plastik qapısını sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq oradan saxlanc yerindən dəyəri 1200 manat olan 01 ədəd “Senator” markalı kombi istilik sistemi aparatını və dəyəri 50 manat olan elektrik ötürücüsünü oğurlayaraq ona ümumilikdə 1250 manat dəyərində maddi zərər vurmuşdur. Abşeron rayon məhkəməsinin 09.10.2020-ci il tarixli 1(012)-114/2020 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətində azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq Cavabdeh qəti olaraq 03 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 24.09.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, 21.01.2019-cu il tarixdə ona məxsus Abşeron rayonu Masazır kəndi F.Həsənov küçəsində yerləşən 33a saylı fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “Senator” markalı kombi istilik sistemi aparatının orta bazar qiyməti 1200 (bir min iki yüz) manat və elektrik ötürücüsünün orta bazar qiyməti isə 50 (əlli) manat müəyyən edilmişdir. Həmçinin məhkəmə hökmü ilə sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxslərdən heç biri, o cümlədən o da təqsirləndirilən şəxsə qarşı mülki iddiaçı olmadıqları üçün dəymiş maddi zərərin tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları onlara bildirilmişdir. Onu da nəzərinizə çatdırmaq istəyir ki, məhkəmənin sonuncu iclasında təqsirləndirilənin anası tərəfindən ona vurulmuş maddi ziyandan 250 (iki yüz əlli) manatı ödənildiyi üçan hazırda maddi ziyanın həcmi 1000 manat təşkil etməkdədir.Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 12 saylı cəzaçəkmə müəssisəsində olduğundan məhkəmə tərəfindən sənədlər rəsmi qaydada cəzaçəkmə müəssisəsinə göndərilərək, iddia ilə bağlı etiraz və ya mülahizəsinin Abşeron rayon məhkəməsinə göndərilməsi xahiş olunmuş və cavabdeh iddiaya münasibət bildirərək yazdığı ərizədə bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, hazırda o, cəzaçəkmə müəssisəsindədir və ailəsi aztəminatlıdır. Hazırda o, həmin pulu ödəmək iqtidarında deyildir. O, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu Masazır kəndi F.Həsənov küçəsində yerləşən 33a saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla evin sağ tərəfində yerləşən istixana üçün nəzərdə tutulmuş yardımçı tiklinin plastik qapısını sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq oradan saxlanc yerindən dəyəri 1200 manat olan 01 ədəd “Senator” markalı kombi istilik sistemi aparatını və dəyəri 50 manat olan elektrik ötürücüsünü oğurlayaraq iddiaçıya ümumilikdə 1250 manat dəyərində maddi zərər vurması, daha sonra isə cavabdehin vurulan maddi zərərdən 250 manat məbləğində pulu iddiaçıya qaytarması iddiaçının izahatından başqa, iş materiallarında olan Abşeron rayon məhkəməsinin 09.10.2020-ci il tarixli 1(012)-114/2020 saylı hökmü ilə də təstiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən vurulan 1000 manat maddi zərərin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bundan əlavə İddiaçı iddia tələbində 5000 manat mənəvi ziyanın əvəzinin alınaraq ona verilməsi tələbi irəli sürmüş, lakin bununla bağlı iddiaçı tərəfindən əsaslı sübutlar təqdim edilmədiyindən məhkəmə AR MPMnin 77.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı əmlakına vurulan maddi zərərə görə 1000 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi 5000 manat mənəvi ziyanın Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1662/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1662/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver