Məhkəmə qərarları › İş №2(012)-1773/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1773/2024

16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1773/2024 16.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq, əldə edilən pulun tərəflərin payına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq, əldə edilən pulun tərəflərin paylarına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar və çavabdehin ümumi paylı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0.68 ha olan torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq, əldə edilən pulun tərəflərin ümumi əmlakda payına uyğun olaraq bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, zərurət yarandığından, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin və ödənilmiş dövlət rüsumunun onlara geri qaytarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarılması barədə ərizə daxil olduğundan ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq, əldə edilən pulun tərəflərin payına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçı2 tərəfindən xx.xx.2024-cü il tarixdə, 6094 saylı qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar