Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1774/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı maneələrin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı maneələrin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərindəki iki mərtəbəli evə köçürülməsi, fərdi yaşayış evindən istifadə etməyinə yaradılmış qanunsuz maneələrin aradan qaldırılması və həmin sənədsiz fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, hüquqi yardıma görə ödənilmiş 1000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 arayış təqdim edərək izahatında göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olmasına baxmayaraq Bakı şəhərinin inzibati ərazisində yerləşir. Ona görə də mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasına onun iştirakı olmadan baxılıb işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-29/1-957/2023 saylı arayışından görünür ki, keçmiş Ramana südçülük sovxozunun bir hissəsi Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olmasına baxmayaraq Bakı şəhərinin inzibati ərazisində (Sabunçu rayonu) yerləşir. Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin: 40.1. maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia tələblərindən məlum olduğu kimi, mübahisə predmetini daşınmaz əmlak təşkil etməklə mülkiyyət hüquqlarından məhrum etmə ilə əlaqədar olmayan pozulmuş hüquqların müdafiəsi təşkil edir. Mülki iş materiallarına əlavə olunmuş Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-29/1-957/2023 saylı arayışından da göründüyü kimi, iddiaçının köçürülməsini xahiş etdiyi fərdi yaşayış evi inzibati ərazi nöqteyi-nəzərindən Bakı şəhərinin Sabunçu rayonu ərazisinə düşdüyü halda, iddiaçı həmin tələb ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, bununla da, müstəsna aidiyyət qaydalarına zidd olaraq ərazi aidiyyəti qaydalarını pozmuşdur. Bu səbəbdən də, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı maneələrin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi müstəsna aidiyyət qaydalarına uyğun olaraq, daşınmaz əmlakın olduğu yer üzrə, yəni, Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 39, 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı maneələrin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1774/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1774/2023
23.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Mənzil mübahisələri - Maneənin aradan qaldırılması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver