Məhkəmə qərarları › İş №2(012)-3201/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3201/2025

08.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Mənzil mübahisələri - Maneənin aradan qaldırılması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3201/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, onun öz vəsaiti hesabına tikilmiş Abşeron rayonu, Qobu qəsəbəsindəki yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçürülərək ona təhvil verilməsi və cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı X11 ilə keçmiş kürəkəni Cavabdeh 2008-ci ildə ailə quraraq evlənmişlər. Onların bu nikahdan iki övladları olmuşdur. İlk evlilik dövründə evləri olmadığından onun öz evində qalmışlar. Bir müddətdən sonra, o, banka kreditə girərək borca pul götürmüş və qızına mənzil almaq istəmiş, lakin əlində olan pula hazır mənzil almaq çətin ollduğundan onu almamışdır. Bu səbəbdən də torpaq alıb ev tikmək istəmişdir. Axtarmış və Abşeron rayonunun Qobu qəsəbəsində Rauf adlı (077 633- 22-22) şəxsin vasitəsilə xx.xx.2009-cu il tarixdə X2 2000 manata torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində öz hesabına Bahar və keçmiş kürəkəni Pərvizin normal yaşaması üçün fərdi yaşayış evi tikməyə başlamışdır. Fərfı yaşayış evini tikdikdən sonra biraz təmir işləri görmüş və qızı Bahar ilə keçmiş kürəkəni Pərvizi bu fərdi yaşayış evinə müvəqqəti olaraq köçürtmüşdür. Onlar bir müddət mehriban yaşsalar da, sonradan aralarında narazılıq artmış və nikahları pozulmuşdur. Hazırda ayrılıblar və qızı onun yanında yaşayır. Cavabdeh hazırda tikdirdiyi həmin evdə yaşamır. 2023-cü ilin əvvəlində onlar tikdirdiyi mənzilə köçüb yaşamaq istəsələr də, Cavabdeh dəfələrləbuna maneələr yaratmışdır. Daha sonra onunla razılaşmışlar ki, evdə maneəsiz qızı yaşayacaq və qapısı bağlanmayacaq. Qısa bir müddətdən sonra o, tikdirdiyi mənzilə gedib baş çəkmək istəsə də, Cavabdeh yenə də buna maneə yaratmış, fərdi yaşayış evinə girməyə icazə verməmişdir. Hazırda mənzildə ona və qızına məxsus olan əşyalar var. Mübahisəli mənzili özü tikmişdir və ona məxsusudur. Cavabdeh yaratdığı maneələr isə onun hüququnun kobud şəkildə pozulması deməkdir. Qısa bir müddətdən sonra, o, yenə də mənzilə baxmağa getdikdə mənzilin qapısının bağlı olduğu və onun satıldığını bilmişdir. O, dərhal bu barədə Cavabdeh məlumat öyrənmək istəsə də, nəticəsi olmamışdır. Cavabdeh hazırda mənzili satdığını və ona heçnə verməyəcəyini bildirir. Lakin sonradan məlum oldu ki, cavabdeh mənzili satmamışdır, lakin qapını bağlayaraq açarını dəyiışmişdir. Hazırda da fərdi yaşayış evi boşdur və heç kəsin istifadəsində deyildir. Mübahisəli fərdi yaşayış evinin onun tərəfindən tikilməsini və pul vəsaitinin xərclənməsini evin tikintisində işləmiş ustalar və torpaq sahəsini ödəniş edərək aldığı X1 edə bilərlər. Mübahisəli fərdi yaşayış evi ikimirtəbəlidir və yarı təmirli vəziyyətdədir. Bu fərdi yaşayış evinin qalan təmirini etdirib orada yaşamaq isdəyir. Cavabdeh isə buna maneə yaradır və köçməyə əngəl törədir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən onun öz vəsaiti hesabına tikilmiş Abşeron rayonu, Qobu qəsəbəsindəki yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-1620/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Qiyabi qətnamənin ləğv olunması barədə Cavabdeh məhkəməyə ərizə vermiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1620/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə qiyabi icraatda baxılarkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasında bildirdi ki, ona X15 xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində bələdiyyənin ehtiyat fondu torpaqlarından fərdi mənzil tikintisinin aparılması məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bunun üçün bələdiyyənin hesabına 300 manat vəsait ödəmişdir. Tikinti aparılması üçün Abşeron RİH Memarlıq və Tikinti Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixli rəy verilmişdir. Bu sahəni o, İddiaçı satmışdır. O, Cavabdeh tanımır. Sahəyə dair reyestrdən çıxarışı İddiaçı adına alacaqdır. İşə qiyabi icraatda baxılarkən məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadəsində göstərdi ki, o, ustadır. Mübahisəli evin tikintisi üçün sifarişi və usta haqqını ona İddiaçı vermişdir. O, zəhmət haqqını hissə-hissə ödəmişdir. İşi görəndən sonra evi Tərifə xanıma təhvil vermişdir. İşə qiyabi icraatda baxılarkən məhkəmə iclasında şahid kimi dindirilmiş X12 ifadəsində göstərdi ki, o, ustadır. Mübahisəli evin bütün tikintisini o və Sadıq inşa etmişlər. Ev tikintisi zamanı oraya yalnız Tərifə xanım gedib-gəlirdi. Tikinti üçün sifarişi və usta haqqını onlara İddiaçı vermişdir. Lakin onun işi olanda pulu kürəkəni Pərvizə verirdi ki, ustalara çatdırsın. Evi inşa etdikdən sonra onu Tərifə xanıma təhvil vermişdir. İşə qiyabi icraatda baxılarkən məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Qobu qəsəbəsində Tərifə xanımın qonşusudur. Mübahisəli evin tikintisi zamanı o əraziyə həmişə İddiaçı gedib-gəlir, ustalara pul verirdi. Həmin evdə Tərifənin qızı Bahar və onun əri Pərviz yaşayırdılar. Hazırda bu ev uzun müddətdir ki, boşdur. Məhkəmə proses iştirakçısını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan X15 xx.xx.2007-ci il tarixli, 09 saylı qərarının surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində bələdiyyənin ehtiyat fondu torpaqlarından X6 fərdi mənzil tikintisinin aparılması məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bunun üçün C.Ə.Aslanova bələdiyyənin hesabına 300 manat vəsait ödəmişdir. Tikinti aparılması üçün Abşeron RİH Memarlıq və Tikinti Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixli rəy verilmişdir. İşdə olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şöbədə Cavabdeh izahat verərək göstərmişdir ki, onun barəsində şikayət edən şəxs keçmiş qaynanası İddiaçıdır. O, Tərifə adlı şəxsin qızı X11 ilə 2008-ci ildə rəsmi qaydada ailə qurmuş və birgə nikahdan iki övladları olmuşdur. Əvvəl arvadı Baharla Abşeron rayonu, Qobu qəsəbəsində kirayədə yaşamış, lakin sonradan yaxın qohumu X9 Qobu qəsəbəsində yerləşən evinə köçmüş, lakin ev təmirsiz olduğu üçün sözü gedən evi təmir edib müvəqqəti keçmiş arvadı Baharla orada yaşamışlar. 2019-cu ildə Baharla rəsmi qaydada boşandıqdan sonra həmin evi X13 geri qaytarmışdır. Bahar Rüstəmovadan boşandıqdan sonra başqa qadınla yenidən ailə qurmuş və hazırda da Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayır. O, keçmiş qaynanası Tərifənin iddia etdiyi kimi deyil, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ev qohumu Elvin Səlimova məxsus olduğunu qeyd etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı keçmiş kürəkəni olmuşdur. İddiaçı qızının və ailəsinin yaşaması üçün ev tikmək məqəsdilə torpaq sahəsi axtarmış və bu sahəni X4 almışdır. Belə ki, X15 xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində bələdiyyənin ehtiyat fondu torpaqlarından X6 fərdi mənzil tikintisinin aparılması məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bunun üçün C.Ə.Aslanova bələdiyyənin hesabına 300 manat vəsait ödəmişdir. Tikinti aparılması üçün Abşeron RİH Memarlıq və Tikinti Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixli rəy verilmişdir. İşdən görünür ki, torpaq sahəsini əldə etdikdən sonra orada yaşayış evi inşa edilmişdir. İş materialları ilə təsdiq olunur ki, bu tikili də iddiaçının vəsaiti hesabına inşa edilmişdir. Torpaq sahəsi və fərdi yaşayış evinə dair İddiaçı adına hüquq müəyyənedici sənədlər olmasa da, işdən görünür ki, hər iki əmlak onun sahiblik və istifadəsindədir. Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsindəki yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia təmin edilməlidir. Bu nəticəyə gələrkən məhkəmə həmçinin mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri adına olan C.Aslanovanın iş üzrə mövqeyini də nəzərə alır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsindəki yeni yaşayış massivində X15 xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə X6 ayrılmış 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar