Məhkəmə qərarları › İş №2(012)-1958/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1958/2024

30.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1958/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Maraqlı şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisi və Maraqlı şəxs ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2019-cu il tarixli, BF/53691/72/23 nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasına dair verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 müraciət edərək onunla Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BF/53691/72/23 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 2262,31 manat, 25 manat dövlət rüsumunun ondan tutulması üçün icra qeydinin verilməsini xahiş etmişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydi ilə xx.xx.2019-cu il tarixli, BF/53691/72/23 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 2262,31 manat, 25 manat dövlət rüsumunun ondan tutulması qərara alınmış və icra qeydi Abşeron rayon İcra və Probasiya şöbəsinə icra olunmaq üçün göndərilmişdir. O, Abşeron rayon İcra və Probasiya şöbəsində olmuş və icra qeydinə öz etirazını bildirərək icra qeydi verilməzdən əvvəl ona heç bir xəbərdarlıq edilmədiyini, icra qeydinin onun fikri nəzərə alınmadan verildiyini, icra qeydində göstərilən borc məbləği ilə bağlı mübahisə olduğunu, onun Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinə icra qeydində göstərilən miqdarda borcunun olmadığını bildirmişdir. Belə ki, notariusun icra qeydi verilməzdən qabaq onun fikrini öyrənməməsi, borc barədə mübahisənin olub-olmamasını müəyyənləşdirməməsi qanun pozuntusudur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci hissəsinin 1-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə, icra qeydi aparılır, yəni borcun olması mübahisələndirilirsə, notarius tərəfindən icra qeydi aparıla bilməz. Bundan əlavə ona indiyə kimi kreditor Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödəniş müddətinin keçirilməsi barədə heç bir bildiriş verilməmişdir. Onun icra qeydində göstərilən miqdarda borcunun olmamasını mübahisələndirməsinə baxmayaraq icra qeydinin verilməsi onu icra qeydində göstərilən miqdarda borcunun olmadığını məhkəmə qaydasında sübuta yetirmək hüququndan məhrum edir ki, bu da konstitusion hüquq pozuntusudur. Həmçinin bildirir ki, onun aylıq əmək haqqı 384 manat təşkil edir və o, əmək haqqının 50 faiz hissəsinin sözügedən icra qeydi üzrə yaranmış borca görə tutulmasına razı deyildir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2019-cu il tarixli, BF/53691/72/23 nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasına dair verilmiş xx.xx.2023-cü il tarixli icra qeydi əsassız olduğu üçün ləğv edilməlidir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ASC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixli, BF/53691/72/23 nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasına dair verilmiş xx.xx.2023-cü il tarixli icra qeydi verilməzdən əvvəl Maraqlı şəxs ASC tərəfindən İddiaçı ünvanına bildiriş göndərilmiş, lakin iddiaçının yaşadığı evin qapısı bağlı olduğundan iddiaçı bildirişi ala bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci hissəsinin 10-cu bəndində qeyd edilmişdir ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Odur ki, o, hesab edir ki, bankın göndərmiş olduğu bildirişin evin qapısının bağlı olması səbəbindən iddiaçıya verilə bilməməsi iddiaçıya bildiriş göndərilməməsi kimi qəbul edilməməlidir. Borcun məbləği ilə bağlı qeyd edir ki, İddiaçı Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BF/53691/72/23 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcunun düzgün hesablanmadığını bildirsə də bu, həqiqəti əks etdirmir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 02 sentyabr 2023-cü il tarixli, 8İ-13378 reyestr nömrəli icra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən Maraqlı şəxs ASC-nin xeyrinə İddiaçı BF/53691/72/23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2262 manat 31 qəpik məbləğində pulun və bundan əlavə ondan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2287 manat 31 qəpik pulun tutulması təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə Maraqlı şəxs ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BF/53691/72/23 saylı müqaviləyə əsasən İddiaçı Maraqlı şəxs ASC-yə cəmi 2262,31 manat və dövlət rüsumu üçün ödənilmiş 25 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən olunur ki, Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən Maraqlı şəxs ASC-nin xeyrinə İddiaçı BF/53691/72/23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2262 manat 31 qəpik məbləğində pulun və bundan əlavə ondan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2287 manat 31 qəpik pulun tutulması barədə 02 sentyabr 2023-cü il tarixli, 8İ-13378 reyestr nömrəli icra qeydi qanunvericiliyin normaları pozulmaqla açılmış və aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Lakin işin faktiki hallarından görünür ki, Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 02 sentyabr 2023-cü il tarixli, 8İ-13378 reyestr nömrəli icra qeydi tərtib olunan zaman qanunun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qanunda imperativ qayda da göstərilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin Maraqlı şəxs ASC-nin nümayəndəsi məhkəmə iclasında müvafiq bildirişin İddiaçı ünvanına göndərildiyi, lakin evin qapısının bağlı olması səbəbindən iddiaçının bildirişi ala bilməməsi barədə poçt qəbzinin surətini məhkəməyə təqdim etsə də bu hal maraqlı şəxsin iddiaçını icra qeydinin aparılacağı barədə xəbərdar etməsi kimi qiymətləndirilə bilməz. Maraqlı şəxs ASC tərəfindən belə bir məktubun iddiaçıya göndərilməsi, iddiaçı tərəfindən belə bir məktubun qəbul etməsi iş materialları ilə müəyyən edilmir. Həmçinin icra qeydi tərtib olunan zaman İddiaçı Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən nə poçt, nə də zəng vasitəsilə məlumatlandırılması, icra qeydinin tərtibindən xəbərdar olması da iş materialları ilə müəyyən edilmədiyindən, Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın (bundan sonra - Təlimat) 161-ci və 162-ci maddəsinin tələbləri də pozulmuşdur. Təlimatda göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Daha sonra göstərilir ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmçinin təlimatda tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi məhkəmədə sübutların tədqiqatı zamanı Maraqlı şəxs ASC tərəfindən İddiaçı belə bir müraciət olması, sonuncunun hər hansı bir xəbərdarlıq edilməsi müəyyən edilməmiş və Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələbləri pozulmaqla icra qeydi açılmışdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını və işin müəyyən edilmiş faktiki hallarını əsas götürərək Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 02 sentyabr 2023cü il tarixli, 8İ-13378 reyestr nömrəli icra qeydinin ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 02 sentyabr 2023-cü il tarixli, 8İ- 13378 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar