Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2021/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi, Tağıyev Namiq Musa oğlunun katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 250 manat borc pulun, mənəvi ziyana görə 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdiki ki, 2019-cu ilin avqust ayında Abşeron rayonu, Xırdalan şəhərində Kollecin yaxınlığında yerləşən çayxanada təsadüfən Cavabdeh ilə tanış olmuş və söhbət zamanı sonuncu onun hansısa məhkəmədə olan işinə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra onların münasibətləri yaranmağa başlamış, lakin Cavabdeh həmin məhkəmə işinə kömək edə bilməmiş, nəticədə sonuncuya verdiyi 850 manat məbləğində pul xərclənmişdir. Bununla bağlı, o, polis idarəsinə müraciət etmiş və cavabdeh onun 600 manat pulunu geri qaytarmışdır. Bundan sonra onların münasibətləri pisləşmişdir. O, Qurbandan 250 manat pulunu geri istədiyi üçün, sonuncu yalandan onun barəsində müxtəlif formalı şikayətlər verməyə başlamışdır. xx xxxxxx 2019-cu il tarixdə cavabdeh DİN-in “102” xidmətinə zəng vurmuş, ərizə ilə Abşeron RPİ-nə müraciət edərək guya onun tərəfindən ölümlə hədələnməsi barədə məlumat vermiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin, cavabdehin müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə cavabdeh yenidən Abşeron RPİnə ərizə ilə müraciət edərək guya onun tərəfindən döyüldüyü və təhqir olunduğunu bildirsə də, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh borcunu qaytarmadığı, həmçinin onu hədələdiyi üçün xx.xx.2019-cu il tarixdə o, Abşeron rayon Polis idarəsinə şikayət etmiş və bununla bağlı idarənin təhqiqatçısı İlkin Ağayev tərəfindən araşdırma aparılmışdır. xx.xx.2019-cu il tarixdə, saat 15 radələrində o, təhqiqatçı İlkin Ağayevin otağından çıxmış və özünə məxsus “VAZ 2106” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xırdalan şəhəri Heydər Əliyev prospekti ilə evinə getmək istəyən zaman Qurbanın yol kənarında dayandığını görmüşdür. O, ümumiyyətlə Qurbana yaxınlaşmamış, onunla mübahisə etməmiş, sonuncu həmişə olduğu kimi bu dəfə də ona şər-böhtan atmışdır. Bundan başqa, o, ovçudur, dövlət tərəfindən qeydiyyata alınmış ovçu tüfəngi vardır. Qurban bunu bildiyi halda, DİN-in “102” xidmətinə zəng vuraraq, guya ona məxsus “VAZ 2106” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşında qanunsuz silah gəzdirməsi barədə yalan məlumat vermişdir. Onun xəbəri olmadan polis əməkdaşları tərəfindən avtomaşınında axtarış aparılmış və heç bir silah-sursat tapılmamışdır. Bundan sonra o, tüfəngini polis əməkdaşlarına təqdim etmiş və qanuni olduğu təsdiqlənmişdir. Cavabdeh bununla kifayətlənməyərək, xx.xx.2019-cu il tarixdə yenidən DİN-in “102” xidmətinə zəng vurmuş və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək Mehdi adlı şəxsin ona borclu olduğunu, guya o, avtomobili ilə vətəndaşın yaşadığı evə gələrək şər-böhtan atması, onu oğurlatmaq və öldürmək hədəsi barədə məlumat vermişdir. Yenə də, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, Qurban izahatında bildirmişdir ki, guya xx.xx.2019-cu il tarixdə, saat 03 radələrində yaşadığı evin qapısı döyülmüş, sonuncu həmin vaxt küçəyə çıxarkən tanımadığı 4 nəfər şəxsin “VAZ 2106” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəldiyini görmüşdür. Guya həmin şəxslər onu tapança ilə hədələyərək ona (yəni Mircəfərə) 30.000 manat pul verməli olduğunu, vermədiyi təqdirdə tapança ilə öldürəcəklərini bildirmişlər. Lakin, o, Qurbandan pul tələb etməmiş və hər hansı bir formada onu hədələməmişdir. Odur ki, Cavabdeh onun xeyrinə 250 manat borc pulun, mənəvi ziyana görə 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının vəkili X4 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Cavabdeh iddi tələbini qəbul etməyərək iddia ərizəsinə etiraz təqdim etdi və izahatında göstərdi ki, İddiaçı qeyd etdikləri heç bir həqiqəti əks etdirmir. Belə ki, o, 850 manat pul məbləğində pulu məhkəmə işinə köməklik adı ilə deyil, hüquqi yardım göstərilməsi üçün vəkil xidməti ilə bağlı iddiaçıdan alaraq Mahmud adlı vəkilə vermişdir. Daha sonra məhkəmə işi alınmadığı üçün həmin pul məbləğini tam şəkildə iddiaçıya qaytarmışdır. İddiaçı isə heç bir sübutu olmadan ona qarşı əsassız iddialar qaldırmağa davam edir. Belə ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən sübut etmə yükü iddianı qaldıran şəxsin üzərinə düşür. Məhkəmə isə yalnız yazılı sübutlar əsasında işə hüquqi qiymət verir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən də göründüyü kimi, iddiaçı məhkəməyə heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı Qəbələ Rayon Prokurorluğunda onun alacağı borc məbləğinin olduğunu bilib, eynəyi evdə qaldığı üçün onun yerinə ərizə yazaraq, pul məbləğinin 30 faizini, yəni 30.000 manatını ondan tələb etmişdir. Bundan əlavə, cavabdehin bir neçə ay bundan əvvəl ona qarşı 30.000 manat pul tələbinə dair iddiası qanunsuz və əsassız olduğundan rədd edilmişdir. Heç bir borcu olmadığı halda o, İddiaçı 200 manat pul ödəməsinə baxmayaraq, iddiaçı yenə də öz əməllərindən çəkinmir. İddiaçının əsassız iddialar irəli sürməsinin isə əsas səbəbi insanlardan qanunsuz olaraq pul mənimsəməkdir. Belə ki, İddiaçı yol kənarında dayanmış “Range Rover” markalı avtomobilin sahibindən pul almaq məqsədi ilə idarə etdiyi “Vaz 2106” markalı avtomobillə “Range Rover” markalı avtomobili qəsdən əzmişdir. Sığorta şirkəti tərəfindən isə hadisənin törədilməsində təqsirli bilinən iddiaçıya 6400 manat məbləğində borc pul yazılmışdır. İddiaçı da həmin pulu çıxartmaq məqsədi ilə belə əsassız iddialarla məhkəmələrə müraciət edir. Abşeron rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirliyə yazılmış şikayət ərizəsinin surətindən görünür ki, iddiaçı ondan qanunsuz pul tələb etmişdir. Abşeron rayon polis İdarəsinin xx xxxxxx 2019cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına və keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyinə əsasən bədəni üzərində aşkar edilmiş xəsarətlər bərk küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Bundan başqa, iddiaçı məhkəməyə saxta həkim arayışları təqdim edərək, xəstəxanada qalaraq ondan mənəvi ziyan tələb etmək istəyir. Özü şəkər xəstəliyindən əziyyət çəkir, iddiaçının davranışları nəticəsində onun sağlamlığında ciddi problemlər yaranmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: xx xxxxxx 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun 230 manat pulunun tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx xxxxxx 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir. xx xxxxxx 2019-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh ilə İddiaçı arasında yaranmış münasibətlər nəzərə alınaraq onlar arasında gələcəkdə baş verə biləcək hüqaqa zidd hadisələrin qarşısını almaq və onların ətrafında qabaqlayıcı profilaktik söhbətlər aparmaq məqsədilə qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tərəflər arasında gələcəkdə baş verə biləcək hüqaqa zidd hadisələrin qarşısını almaq və onların ətrafında qabaqlayıcı profilaktik söhbətlər aparmaq məqsədilə qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Hazırki iş materiallarına əsasən tərəflər arasında hər hansı yazılı müqavilə bağlanması müəyyən olunmamışdır. Digər tərəfdən istər iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman, istərsə də məhkəmə tədqiqatı zamanı İddiaçı Cavabdeh ona 250 manat borcunun olması barədə məhkəməyə hər hansı mötəbər və ya tutarlı sübut növləri təqdim edilməmişdir. İddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları, keçirdiyi fiziki və mənəvi sarsıntılarını, bunun nəticəsində ona dəymiş maddi və mənəvi zərərin nədən ibarət olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İddiaçı məhkəmə iclasında ona maddi və mənəvi ziyanın vurulmasına dair iddia qaldırsa da, zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Beləliklə məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərini əsaslandıran heç bir sübut təqdim edilmədiyinə görə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2021/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2021/2021
06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver