Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2050/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 40 nəfər digər şəxsə qarşı “qanunsuz olaraq ikinci dəfə tanınmış daimi istifadə hüquqlarının və bunun əsasında tərtib olunmuş çıxarışların etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 40 nəfər digər şəxsə qarşı “qanunsuz olaraq ikinci dəfə tanınmış daimi istifadə hüquqlarının və bunun əsasında tərtib olunmuş çıxarışların etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2003-cü ildən həyat yoldaşı mərhum X1 mülkiyyətində olduğu halda, 2013-cü ildən başlayaraq müəyyən hissələri müxtəlif şəxslərə təkrar satılan torpaq sahəsinə, ikinci dəfə tanınmış daimi istifadə hüquqlarının və bunun əsasında tərtib olunmuş çıxarışların, mərhum X1 qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, ərizənin “xahiş etdi” hissəsi qeyri-müəyyən olmaqla, iddiaçı tələbini cavabdehlərdən hər birinə münasibətdə dəqiq və tam ifadə etməmişdir. Habelə iddiaçı etibarsız hesab edilməsini tələb etdiyi çıxarışların verilməsinə əsas olan sənədləri mübahisələndirmədiyi halda, onların hüquqi nəticəsi olan çıxarışların etibarsızlığını mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Eyni zamanda, iddia ərizəsində cavabdehlərdən yalnız Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 poçt ünvanları barədə məlumat göstərilsə də, adıçəkilən cavabdehlərin həqiqətən həmin ünvanlarda qeydiyyatda olmaları barədə iddia ərizəsinə heç bir sənəd əlavə edilməmiş, ərizəyə əlavə edilmiş “siyahıda adları göstərilən digər 40 nəfər” cavabdehin qeydiyyat ünvanı barədə məlumat ümumiyyətlə qeyd edilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində cavabdehin poçt ünvanı göstərilməlidir və “poçt ünvanı” dedikdə – məhkəmə sənədlərinin həmin ünvana göndərilməsi ilə sənədlərin cavabdehə rəsmi qaydada verilməsi mümkün olan ünvan nəzərdə tutulur. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi iddiaçı tərəfindən tərtib edildiyi üçün cavabdehin poçt ünvanını da iddiaçı göstərməlidir. Lakin iddiaçı istənilən ünvanı cavabdehin poçt ünvanı kimi ərizədə göstərə bilməz. Yəni cavabdehin poçt ünvanı iddiaçının mülahizələrinə əsasən müəyyən olunmur və iddia ərizəsində cavabdehin poçt ünvanı kimi göstərilən ünvanın cavabdehə hər hansı bir aidiyyətinin olduğunu təsdiq edən sənəd (arayış və s.) məhkəməyə təqdim olunmursa və eləcə də, cavabdehin poçt ünvanı dəqiq olmayan ünvan kimi göstərilirsə, həmin ünvan cavabdehin poçt ünvanı kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 40 nəfər digər şəxsə qarşı “qanunsuz olaraq ikinci dəfə tanınmış daimi istifadə hüquqlarının və bunun əsasında tərtib olunmuş çıxarışların etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2050/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2050/2021
22.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver