Məhkəmə qərarları › İş №2(012)-21/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-21/2022

31.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-21/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportuna əsasən onun mülkiyyətində olan 0.0648 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, ona məxsus torpaq sahəsində onlar tərəfindən aparılmış bütün tikililərin cavabdehlər tərəfindən sökülərək torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən və dəqiq koordinatları DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0.0648 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Zəbt etdiyi ərazi onun tərəfindən onların özünə məxsus tikinti işləri aparmışdır. Bununla bağlı onlara müraciət etdikdə onlar iddiaçının sözlərinə məhəl qoymamışdır. İddiaçıya məxsus olan torpaq sahəsi qəsdən cavabdehlər tərəfindən zəbt edilmişdir. Bununla da iddiaçının mülkiyyət hüququnu pozmuşdurlar. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə prosesində iştirak edən İddiaçı iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, torpaq sahəsini 2008-ci il tarixdə almışdır. İddiaçının iddia etdiyi ərazi ümumi istifadədə olan yola düşür. Əvvəldən həmin ərazi yol kimi istifadə edilmişdir. Torpağı onlara satan xanım da gəlib bunu etiraf etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o Cavabdeh2 0.03 ha torpaq sahəsi satmışdır. Əvvəldən yol onun evinin yanı ilə olmuşdur. Yolun yerləşdiyi yer onun mülkiyyətində olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki,iddia aşağıda göstərilənlərə əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi, **********78 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan xx.xx.2009-cu il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, X1 rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini 8010 AZN-ə Cavabdeh1 satmışdır. Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2(012)-8447/2016 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2017-ci il tarixli 28443 nömrəli ekspert rəyindən görünür ki, birinci sual üzrə: Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan 0.068 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə düşmədiyi və həmin torpaq sahəsinin 179 kv.metr hissəsinin kənara işləndiyi müəyyən edilir. İkinci sual: İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və bitişik olmaqla həmsərhəd olduğu müəyyən edilir. Üçüncü şəxs: İddiaçı mülkiyyətində olan 0.0648 ha torpaq sahəsinin Çıxarışına əlavə edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinə cavabdehlərin həyətyanı sahələrinin giriş yolunun və bu yol üzərində quraşdırdıqları 20.0 kv.metrlik talvarın işləndiyi müəyyən edilir. Abşeron Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(012)-1804/2017 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2017-ci il tarixli 28443 nömrəli ekspert rəyindən görünür ki, birinci sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0.0464 ha hissəsi ilə üst-üstə düşdüyü və İddiaçı mülkiyyəti olan 0.0648 ha torpaq sahəsinin 99.74 kv.metr hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olduğu müəyyən edilir. İkinci sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0.0271 hissəsi ilə üst-üstə düşdüyü və Cavabdeh1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin 31.23 kv.metr hissəsinin İddiaçı faktiki istifadəsində olduğu müəyyən edilir. Üçüncü sual üzrə: İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahəsinin şimal-qərbindən 79,94 kv.metr (gediş-gəliş yolu) və 19.80 kv.metr (çardaq) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Dördüncü sual üzrə: İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki istifadəsində olan 19.80 kv.metr hissəsində tikinti (çardaq) mövcud olduğu müəyyən edilir. Beşinci sual üzrə: İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən yaşayış məntəqələrinin torpaqlarını əhatə etdiyi müəyyən edilir. Altıncı sual üzrə: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evinə giriş-çıxış yolunun İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin şimal-qərbindən 79.94 kv.metr hissəsinin daxilində yerləşdiyi, Cavabdeh1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin cənub-şərq hissəsində yaşayış evinə digər giriş-çıxış yolunun olduğu müəyyən edilir. Mülki iş materiallarına əlavə olunan Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-50/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh1 Adil oğlunun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin 31.23 kv.m hissəsində aparılmış tikili cavabdehin hesabına sökülməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmiş, həmin qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0.0464 ha hissəsi ilə üst-üstə düşdüyü və İddiaçı mülkiyyəti olan 0.0648 ha torpaq sahəsinin 99.74 kv.metr hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olduğu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0.0271 hissəsi ilə üst-üstə düşdüyü və Cavabdeh1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin 31.23 kv.metr hissəsinin İddiaçı faktiki istifadəsində olduğu, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahəsinin şimal-qərbindən 79,94 kv.metr (gediş-gəliş yolu) və 19.80 kv.metr (çardaq) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportuna əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin 99.74 kv.m hissəsindən o cümlədən həmin hissənin şimal-qərbindən 79.94 kv.m gediş-gəliş yolu və 19.80 kv.m çardaq) hissəsində tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz müdaxiləyə son qoyulmalı, həmin hissədə cavabdehlər tərəfindən aparılan tikililər cavabdehlərin vəsaiti hesabına sökülməli, torpaq sahəsi iddiaçının sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda iş üzrə 200 manat məbləğində ekspertiza xərci vardır ki, iddia təmin edildiyindən ekspertiza xərcinin 80 manatı Cavabdeh1, 80 manatı Cavabdeh2, 40 manatı İddiaçı tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportuna əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin 99.74 kv.m hissəsindən o cümlədən həmin hissənin şimal-qərbindən 79.94 kv.m gediş-gəliş yolu və 19.80 kv.m çardaq) hissəsində tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz müdaxiləyə son qoyulsun, həmin hissədə cavabdehlər tərəfindən aparılan tikililər cavabdehlərin vəsaiti hesabına sökülsün, torpaq sahəsi İddiaçı sahibliyinə qaytarılsın. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 80 manat, Cavabdeh2 80 manat, İddiaçı 40 manat ekspertiza xərcinə görə pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar