Məhkəmə qərarları › İş №2(012)-2464/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2464/2021

30.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2464/2021 30.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan və mənəvi zərər tələbinə dair mülki işə 30 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz xeyrinə maddi zərərin əvəzi olaraq 8500 manat, hüquqi yardımın göstərilməsi üçün 1500 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat olmaqla, cəmi 15030 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 avqust 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsində yerləşən “LC Waikiki” mağazasının qarşısında İddiaçı etibarından sui-istifadə edib sonuncunun qızı Mətanət Vəliyevanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq onun 10000 manat pulunu alıb ələ keçirmiş, nəticədə zərər çəkmiş şəxsi xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Dəymiş zərərdən cəmi 1500 manat ödəniş etmişdir. Bunun nəticəsində iddiaçıya 10000 manat maddi (8500 manat dəymiş zərər + 1500 manat vəkilə hüquqi yardıma görə) və 5000 manat mənəvi zərər dəymişdir. Hazırda iddiaçı cavabdehin təqsiri üzündən ona dəyən zərərlə əlaqədar bir neçə nəfərə borclu qalmış, məhkəməyə gəlib-getmək və vəkil xidmətindən istifadə etdiyi üçün əlavə xərclər çəkmişdir. Baş vermiş hadisə zamanı iddiaçı güclü ağrılar və iztirabla yanaşı, həyəcan və qorxu hissi də keçirmiş, uzun müddət bununla əlaqədar stress vəziyyətində qalmışdır. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar cinayət işinin istintaqı Nəsimi Rayon Polis İdarəsində aparılaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən apelyasiya şikayəti verilməsinə baxmayaraq Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almaqla hadisədə Cavabdeh təqsirliliyi sübuta yetirilmişdir. Baş vermiş hadisədə cavabdeh təqsirli olduğundan iddiaçıya dəymiş 10000 manat maddi ziyan və 5000 manat mənəvi zərərin əvəzi ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Belə ki, iddiaçı qızını işə düzəltməsi üçün ona müraciət etmiş, cavabdeh isə bunun mümkünsüz olduğunu qeyd etmişdir. Buna baxmayaraq iddiaçı bu işdə təkid etdiyi üçün cavabdeh buna etiraz etməmiş, iddiaçı ona 10000 manat ödəmişdir. Daha sonra cavabdeh həmin məbləğdən iddiaçıya 1800 manat qaytarmış, 8200 manat məbləğində borcu qalmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasındakı sövdələşməyə əsasən sonuncu iddiaçının qızını işə düzəltmək üçün ondan 10000 manat pul almış, lakin bu, mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-289/2020 saylı 30.10.2020-ci il tarixli hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı ona dəymiş maddi ziyanın və mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh maddi ziyanın 8200 manat hissəsini etiraf edir. İddiaçı isə həmin məbləğin ondan tutulmasına etiraz etmir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən Cavabdeh İddiaçı iddia etdiyi pul məbləğinin maddi zərərə aid hissəsindən 8200 manat pul vəsaitini etiraf etməsi öz təsdiqini tapdığından və bu etirafın başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirmədiyi müəyyən olunduğundan məhkəmə iddia tələbinin maddi ziyan hissəsində qismən təmin edilməsi qərarına gəlir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən “5000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsində sübuta yetmədiyi üçün təmin edilməməlidir. Çünki iddiaçı “5000 manat məbləğində mənəvi zərərin tutulması” ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən hüquqi yardımın göstərilməsi üçün 1500 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması hissəsində əsaslılığı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8200 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8200 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar