Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2498/2023 05.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdehnə qarşı icra işi üzrə icraatın dayandırılması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdehnə qarşı icra işi üzrə icraatın dayandırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, möhlətvermə barədə ərizəyə baxılıb qurtaranadək icra icraatının dayandırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, "xxxx" MMC ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin ləğv edilməsi və onun həmin mənzildən çıxarılaraq boş vəziyyətdə iddiaçıya təhvil verilməsi, müqavilə öhdəliyini vaxtında və lazımınca yerinə yetirmədiyinə görə cavabdehdən 2000 manat dəbbə pulunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3859/2021 nömrəli iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən dəbbə puluna görə 400 manat, hüquqi yardım üçün 100 manat, 10 manat dövlət rüsumuna görə pulun, cəmi 510 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı “VİENNA-A’' Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələblərinin təmin edilməsi, 21 fevral 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdehin mübahisəli mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh (vəkil X1 vasitəsilə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4136/2022 nömrəli iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 382/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma tələblərinin təmin olunması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış qətnamə icra olunması üçün 2(105)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdehnə yönəlmişdir. O, həmin evdə ailə üzvləri ilə, yəni həyat yoldaşı, oğlu və oğlunun ailəsi ilə birlikdə yaşayır. O və əri təqaüdçüdürlər, gəlini evdar xanım, nəvələri isə məktəblidirlər. Ailənin bütün yükü tək oğlunun qazancı və onların təqaüdləri hesabınadır. Mülkiyyətlərində başqa evləri yoxdur. Qış ayında isə ailənin evdən məcburi çıxarılaraq harasa yerləşməsi qeyri-mümkündür. O, qətnamənin icrasından boyun qaçırmır, amma yuxarıda sadaladığı və üzrlü səbəbdən sadalaya bilmədiyi bir çox səbəblərdən hal-hazırda qətnaməni icra etmək çətin məsələdir. Belə ki, hal-hazırda maddi vəziyyətin pis olması ilə yanaşı azyaşlı nəvələrinin birinin məktəbəqədər hazırlıq kursuna, digərinin isə uşaq bağçasına getməsi onlar üçün əlavə məsuliyyət yaradır. Belə ki, uşaqları tərbiyəçilər, müəllimlər və dostlarından ayırmaq istəmirlər. Uşaqların həm evdən, həm də öz daimi mühitlərindən ayrılması onlara çox pis təsir edəcəkdir. Bundan əlavə, qış ayında, xüsusilə də bayram ərəfəsində onların ailə üzvləri ilə birlikdə evdən çıxarılması məqsədə müvafiq deyil. Onlar yaxın aylarda eyni ərazidə ev almağı planlaşdırırlar, buna görə də sözügedən məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi zərurəti yaranmışdır. Elə bu səbəbdən qeyd edilən qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İcraya möhlət vermə barədə ərizənin baxılması xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. Bununla yanaşı, 2(105)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixinə məcburi icra tədbiri təyin edilmişdir. O, Cavabdehnə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək Abşeron Rayon Məhkəməsinə qətnamənin icrasına möhlət verilmə barədə ərizə ilə müraciət etdiyini bildirərək məcburi icra tədbirini dayandırılmasını xahiş etsə də, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının İİ bəndinə görə qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Plenum Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda, məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Bu Qərarda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. İcra icraatının dayandırılması ilə bağlı münasibətlər “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə görə, icra icraatı zamanı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə narazılıq müvafiq şəxs tərəfindən iddia ərizəsi vasitəsilə deyil, şikayət ərizəsi vasitəsilə bildirilir. Bu zaman tərəflər iddiaçı və ya cavabdeh kimi qeyd edilmir, mülki iş 8 indeksi ilə başlanır və yekunda məhkəmə mübahisə üzrə qərardad qəbul edir, şikayət ərizəsinin verilməsi üçün isə hər hansı dövlət rüsumunun ödənilməsi tələb edilmir. İddiaçı hazırki iddia ərizəsindən isə görünür ki, o, cavabdeh kimi icra qurumunu qeyd etmiş, məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət ərizəsi deyil, iddia ərizəsi təqdim edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda İddiaçı icra məmurunun icra icraatını məcburi qaydada dayandırmamasının qanunsuz olduğuna istinad etməklə məhkəmədə hazırki iddianı qaldırması qüvvədə olan prosessual qanunvericiliyə görə yolverilməzdir və məhkəmə hesab edir ki, bu iddia ərizəsi məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə saat 15:17-də ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdehnə qarşı icra işi üzrə icraatın dayandırılması barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-2498/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2498/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2498/2023
05.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver