Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2504/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinə qarşı əmrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinə qarşı əmrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Məktəbin xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, həmin tarixdən işə bərpa olunduğu vaxtadək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, habelə Vəkil iddia ərizəsini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda vəsatət təqdim edərək izahatında göstərdi ki, hazırki mülki iş üzrə cavabdeh qurumun hüquqi ünvanı Qubadlı rayonu olduğundan hazırki iddia ərizəsi Qubadlı Rayon Məhkəməsinə verilməli idi. Odur ki, hazırki işin aidiyyətı üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinə qarşı əmrin ləğv edilməsi və pul tələbinə dair 2(012)-2504/2025 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qanunun tələblərindən də göründüyü kimi, qanunvericilik əmək mübahisələri üzrə işə bərpa olunma barədə tələblərə cavabdeh qurumun qeydə alındığı ünvan üzrə məhkəmələrdə baxılmasını tələb edir. Bu səbəbdən məhkəmə iddiaçının iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün cavabdeh müəssisənin, yəni Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinin hüquqi ünvanı üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilməsi qərarına gəlir. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinə qarşı əmrin ləğv edilməsi və pul tələbinə dair 2(012)-2504/2025 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2504/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2504/2025
09.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver