Məhkəmə qərarları › İş №2(012)-2575/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2575/2023

07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2575/2023 07.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qanunsuz hesablanmış 3654,72 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1 tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Həmin akt əsasında ona 3654,72 manat cərimə yazılmışdır. Bu borc qanunsuzdur. Belə ki, Abşeron rayonu, Saray qəsəbəsi, 1278 В ünvanda aşkar edilmiş kombi sistemi işlək vəziyyətdə deyildir. Həmçinin aktda qeyd olunan 4 gözlü qaz piltələri, 2 gözlüdür. Bu faktlar akt bağlanarkən nəzərə alınmamışdır. O, aktı imzalamamışdır və ******* saylı akt əsasında yazılmış borcla razı deyildir. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi ifadə vermiş X2 göstərdi ki, o, Bakı Regional Qazın İstismar Departamentinin qrup rəhbəridir. İddiaçıya məxsus evin sayğac yoxlamasına dair video görüntü var. xx.xx.2023-cü il tarixdə baxış zamanı o, evə yeni köçdüyünü bildirmişdir. Hətta evin həyətində su xəttində də zədələnmə müşahidə olunurdu. Qonşuya məxsus qaz xəttinə gedən kənar xətt iddiaçıya məxsus həyətdə aşkarlanmışdır. Bunun səbəbini soruşduqda o cavab verə bilməmişdir. Bu kənar xətti müəyyən edərək aktlaşdırmışlar. Abonentə məxsus sərfiyyata baxdıqda görmüşlər ki, sərfiyyat azalmışdır. Bu isə onun həmin xəttdən qanunsuz istifadə etməsini təsdiq edir. Məhkəmə tərəfləri dinləyib, şahidin ifadəsini, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1278 В saylı fərdi yaşayış evindəki (abonent kodu: **********07445) qaz xəttinə baxış keçirilmiş və abonentin qaz xəttinə sayğacdankənar qoşulma halı müəyyən edilmişdir. Faktla bağlı Cavabdeh Bakı X4 Departamentinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilərək, itirilmiş qazın miqdarı “30456 m3” həcmində müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan və istehlakçı İddiaçı adına olan **********07445 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, “sayğacın sərfiyyatı qeydə almaması” səbəbindən itirilmiş qazın miqdarı “30456 m3” həcmində müəyyən edilərək, abonentə birdəfəlik 3654,72 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi tələbnamədə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1 ay üçün 141 manat (4,7 x 10 x 30 = 1410 kub.metr) ziyan vurması məlum olur. Məhkəmənin qənaətinə görə abonentə 270 gün üçün cərimənin hesablanması əsassızdır. Abonent saldosundan görünür ki, onun təbii qaz sərfiyyatı zəifdir. Bu baxımdan məhkəmə hesab edir ki, abonentə qış mövsümü (3 ay) ərzində cərimənin hesablanması daha ədalətlidir. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin məlum akt üzrə cəmi 423 manat (141 x 3) zərər vurması müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********07445) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1278 B saylı fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 3231,72 (3654,72-423) manat borc abonentin hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********07445) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1278 B saylı fərdi yaşayış evinə aid qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 3231,72 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar