Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2585/2025 09.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun sol gözünün əməliyyatının aparılması üçün nəzərdə tutulan 8000 manat məbləğində (çəkməli olduğu xərcin) pulun, 10000 manat mənəvi zərərin (təzminatın) və ödədiyi 144 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Belə ki, o, ailə üzvləri ilə birlikdə 01 yanvar 2019-cu il tarixdə yeni il bayramı ilə əlaqədar qaynanası X1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11-də yerləşən evinə qonaq getmişdi. Həmin günü bacanağı X2 da öz ailəsi ilə birlikdə ora bayramlaşmağa gəlmişdir. Onlar yemək yedikdən sonra həmin evin həyətinə düşmüş və həmin vaxt uşaqları da onlarla birlikdə idilər. O, bacanağıyla söhbət edən zaman bacanağının oğlu 11 yaşlı, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh əlində olan partlayıcını partlaması üçün üzünə atmış və partlayıcı üzündə partlamışdır. Partlayışdan onun sol gözü tutulmuş və onu dərhal X6 adına Milli Oftalmologiya Mərkəzinə aparmışlar. O, 21 gün həmin xəstəxanada yatmış və bundan sonra onu həkim nəzarəti altında evə buraxmışlar. Bundan sonra xx.xx.2019-cu il tarixdə gözündən əməliyyat olunmuşdur. Həmin əməliyyatdan sonra o, yenidən sol gözündən əməliyyat olunmuşdur, lakin iki əməliyyatdan sonra sol gözü düzəlməmiş, görmə qabiliyyəti düzəlməmişdir. O, xəstəxanada yatarkən dərmanlara və digər xərclərə 1500 manat pul xərci çıxmışdır. Həmin məbləği cavabdehlər ona ödəməmişlər. Hal-hazırda onun sol gözü demək olar ki görmür. Onun gözünün tam görməsi üçün yenidən əməliyyat olunmalı və əməliyyatın xərci 8000 manat təşkil edir. Belə ki, o, Respublika Müalicəvi Diaqnostika Mərkəzində müayinə olunmuş, oradan verilən çıxarışa əsasən, gözünün tam görməsi üçün yenidən əməliyyat yazılmışdır. Həmin mərkəzin çıxarışında qeyd olunur ki, «Xəstəyə iki etaplı cərrahiyyə əməliyyatı tətbiq olunmalıdır, 1-ci etap vitrektoaiya, silikon yağı, 2-ci etap silikon yağı çıxarılması və delate pupullanın bərpası icra olunmalıdır.» Əməliyyatın toplam qiyməti 8000 manatdır. O, habelə Dünyagöz xəstəxanasında da müayində olmuş və bu əməliyyat üçün 7800 manat pul tələb edilmişdir. Lakin həmin əməliyyatın xərcini cavabdeh və onun valideynləri ona ödəməkdən imtina edirlər. Dəfələrlə bu barədə qarşı tərəfdən xahiş etsə də, ona əməliyyat xərcini ödəməkdən imtina etmişlər. Belə olan halda o, bacanağının uşağının onun sol gözünün vurub kor edilməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinə şikayət etmişdir. Bu iş üzrə orada müxtəlif vaxtlarda araşdırma aparılmış və 9 dəfə qərar qəbul olunmuşdur. X4 sonuncu xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, həqiqətən də onun bacanağının oğlu Cavabdeh təqsirlidir və partlayıcı maddəni onun sifət nahiyyəsinə atmış və partlayıcı maddə onun sol gözündə partlayaraq onun sol gözünün görmə qabiliyyəti itmiş və ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli zərər vurulmuşdur. Lakin Mirağanın 14 yaşı tamam olmadığı üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə məhkəmə tibb ekspertizası keçirilmiş və ekspertin xx.xx.2020-ci il tarixli təkrar rəyi vardır. «Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, onun sol gözümdə qeyd edilən xəsarət sol göz almasının orta dərəcəli kontuziyası, hifema, buynuz qişasının eroziyası və ikincili qlaukoma olmuşdur. Qeyd edilən xəsarət xx.xx.2019-cu il ildə pirotexniki vasitənin partlaması nəticəsində yarana bilməsini inkar etmək mümkün deyildir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Beləliklə də, bir daha istintaqın sonuncu 30.12. 2024-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, onun sol gözünə pirotexniki vasitəni atan Cavabdeh olmuşdur. Lakin o, az yaşlı olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Lakin cavabdehin xx.xx.2024-cü ildə 18 yaşı tamam olmuşdur. Ona görə də ona qarşı iddia tələbi vardır. Cavabdehin bu qanunsuz əməlləri nətisəsində ona gözünə görə 3cü qrup əlillik verilmişdir. Cavabdehin ona qarşı hüquqa zidd hərəkətləri nəticəsində o, mənəvi sarsıntılar və iztirablar keçirmişdir. Onun sol gözü görmür, o, hamı kimi görə bilmir və bu ona psixi və mənəvi sarsıntılar yaradır. Nəzərə çatdırır ki, onda cavabdehin atası, anası və dayısının səs yazıları vardır ki, orada onlar etiraf edirlər ki, bəli həmin partlayıcı maddəni uşaq atıb onun gözünə, bir səhv edibdi, hətta uşağın dayısı Dəmirov Akif ona deyib ki, ona zəng vurma, zəng vur uşağın atasına şikayət elə, o da sənə kömək etsin. Lakin bacanağı Bəhram və Bəhramın həyat yoldaşı ona heç bir köməklik etmirlər, ona deyirlər ki, əlindən nə gəlir get elə, onsuz da Mirağa uşaqdır, ona heç kim heç nə edə bilməz. Cavabdehin atası Bəhram ona hədə qorxu gəlir, onu qorxu içərisində saxlayır. Onun tələbi odur ki, ona maddi köməklik etsin, o da kor olmuş sol gözünü əməliyyat etsin. Lakin cavabdehin ailəsi ona heç bir köməklik etmir, əksinə ona hədə qorxu gəlir. Onun himayəsində üç uşağı vardır, gözünün biri kor olduğundan 4 ildən çoxdur ki, işləyə bilmir, ailəsini dolandıra bilmir, maddi vəziyyəti çox pisdir. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli T 273/2019 nömrəli ekspert rəyindən görünür ki, 1980-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.4. Vətəndaş İddiaçı sol göz almasının orta dərəcəli kontuziyası, hifema, buynuz qişanın eroziyası və ikincili qlaukoma olmuşdur. Bunun nəticəsində sol gözdə görmə itiliyi 0,02-0,03-ə qədər düşmüşdür. Qeyd edilən xəsarət ikincili qlaukoma xəstəliyi fonunda xx.xx.2019-cu ildə protexniki vasitənin partlaması nəticəsində yarana bilməsini inkar etmək olmaz, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. 2.3. Qeyd edilən hal istər kənar şəxs tərəfindən, istərsə də zərərçəkmişin öz əlində protexniki vasitənin partlaması nəticəsində yarana bilərdi. -Nəsimi RPİ-nin İstintaq Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/625 saylı material üzrə əməli törətmiş şəxs hadisə baş verən vaxt cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -“Dünyagöz” Xəstəxanası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, ******* protokollu xəstə İddiaçı xx.xx.2019-cu il tarixində “Dünyagöz” Xəstəxanasına müraciət etmiş və müayinə olunmuşdur. Xəstənin sol gözünə Vitrektomi əməliyyatı məsləhət görülmüşdür. Əməliyyat məbləği 7800 manatdır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ailə üzvləri ilə birlikdə 01 yanvar 2019-cu il tarixdə yeni il bayramı ilə əlaqədar qaynanasının yaşadığı evə qonaq getmiş, həmin günü bacanağının övladı xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh əlində olan partlayıcını onun üzünə atmış və nəticədə iddiaçının sol gözü ciddi şəkildə zədələnmişdir. Cavabdehin valideynləri xəstəxanaya aparılaraq 2 dəfə əməliyyat olunan iddiaçının xərclərini ödəməmiş, bundan sonra tələb edilən əməliyyatın pulunu da ödəməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırda cavabdehdən maddi və mənəvi ziyana görə dəymiş zərərin onun xeyrinə ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli T 273/2019 nömrəli ekspert rəyindən göründüyü kimi 1980-cı il təvəllüdlü İddiaçı sol göz almasının orta dərəcəli kontuziyası, hifema, buynuz qişanın eroziyası və ikincili qlaukoma olmasə, bunun nəticəsində sol gözdə görmə itiliyinin 0,02- 0,03-ə qədər düşməsi, qeyd edilən xəsarətin ikincili qlaukoma xəstəliyi fonunda xx.xx.2019-cu ildə protexniki vasitənin partlaması nəticəsində yarana bilməsini inkar edilə bilmədiyi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olduğu müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan “Dünyagöz” Xəstəxanası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan göründüyü kimi İddiaçı sol gözünə Vitrektomi əməliyyatı məsləhət görülmüş və əməliyyat məbləğinin 7800 manat olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı görmə qabliyyətinin bərpası üçün Respublika Müalicəvi Diaqnostika Mərkəzində müayinə olunmuş, iki dəfə əməliyyat keçirmiş lakin görmə qabliyyəti bərpa olunmamışdır. Ona görə də onun “Dünyagöz” Xəstəxanasında əməliyyat keçirmək hüququ yaranmışdır və bu əsaslıdır. Göstərilənlərə əsasən Məhkəmə, işin araşdırılan hallarını və bu halları təsdiq edən mötəbər sübutları qiymətləndirərək,, həmçinin cavabdehin məhkəmə iclaslarına gəlməyərək öz etirazını və bu etirazı təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbinin maddi zərər hissəsi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərər olaraq 7800 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı tərəfindən keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranması (səbəbli əlaqə) sübuta yetirlmişdir. Bu Polis idarəsində aparılımış araşdırma nəticəsində qəbul edilmiş qərar və ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi ziyan ödənilməsi tələbində xaqlıdır. Lakin iddiaçı tələbində 10000 manat mənəvi ziyanın tələb etməsi işin həqiqi hallarına uyğun deyildir. Ona görə də, məhkəmə hesab edir ki, mənəvi ziyan 1000 manat qiymətləndirilməli, cavabdehdən mənəvi ziyana üçün 1000 manat tutularaq cavabdehə ödənilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tələbində vəkilə hüquqi yardıma görə ödədiyi 300 manat pul məbləğini tələb etsə də, məhkəmə iclasında izahatında vəkilin ona həmin məbləği qaytardığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 144 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 70,40 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat maddi zərər, 1000 (min) manat mənəvi zərər və 70,40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2585/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2585/2025
09.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver