Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2606/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi 1 A saylı evin, 8 saylı mənzilinin mərhum X2 ilə onun ümumi birgə əmlakları hesab edilməsi və hüquqlarının DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X2 ilə 1981-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onlar rəsmi nikaha daxil olduqdan sonra 14.08.1992-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 1 a, 8 saylı mənzili ailənin ümumi vəsaiti hesabına alqı-satqı yolu ilə əldə etmişlər. 30.04.2008ci il tarixdə nikahları pozulsa da, faktiki olaraq birgə yaşayaraq ümumi təsərrüfat aparmışlar. Nikahlarının ləğv olunması müəyyən sosial məsələlərin həlli üçün onlara lazım olmuşdur. 16.06.2013-cü il tarixdə X2 qəflətən vəfat etmişdir. İddiaçı mərhum X1 ölüm gününə kimi onunla birgə yaşamışdır. İddiaçı nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı vaxtında iddia qaldırmamışdır. Aralarındakı rəsmi nikah ləğv olunduğundan X1 vərəsəsi kimi də qəbul olunmur. Lakin hal-hazırda yaşadığı mənzil onların ümumi vəsaiti hesabına alındığından məhkəmə qaydasında ər-arvadın ümumi birgə mülkiyyəti kimi tanınmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı şəkər xəstəsi olduğu üçün məhkəmə proseslərinə gələ bilmir. İddiaçı ilə mərhum əri X1 nikahları 2008-ci ildə rəsmi olaraq ləğv edilmişdir. Nikahları rəsmi qaydada pozulduqdan sonra da birgə təsərrüfat aparmaqda davam etmişlər. Onların birgə nikahdan övladları olmamışdır. Lakin iddiaçının ilk nikahdan bir övladı olsa da, mərhum X2 iddiaçının həmin övladını övladlığa götürməmişdir. Onlar 2013-cü ilə kimi birlikdə yaşamağa davam etsələr də, X2 qəflətən həmin ildə vəfat etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli, **********29 saylı məktubda qeyd edilmişdir ki, 9177 reyestr nömrəli qeydiyyat vəsiqəsi reyestr kitabında 1 nömrəli DNK tərəfindən təsdiq edilmiş 14.08.1992-ci il tarixli, 1/2-1358 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 1 a, 8 saylı mənzil X1 adına qeyd olunmuşdur. Həmin mənzilin arxiv əsasları texniki pasportdan ibarətdir. İİİ-ЖГ seriyalı, 326281 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 ilə İddiaçı arasında 04.01.1984-cü il tarixdə Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 sayı ilə qeyd edilmişdir. AZ-İ № 080229 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 ilə İddiaçı arasında nikah ləğv edilmiş və bu barədə Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30 aprel 2008-ci ildə 147 sayı ilə qeyd edilmişdir. Abşeron rayonu Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş 25.05.2018-ci il tarixli, 854 saylı arayışdan görünür ki, X2 ölən günə kimi, yəni 16.06.2013-cü il tarixədək arvadı İddiaçı ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 1 a, 8 saylı mənzildə yaşamışdır. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 iyul 2013-cü il tarixli, 632456 saylı arayışdan müəyyən olunur ki, X2 16.06.2013-cü il tarixdə vəfat etmiş və ölüm səbəbi kimi peritonit qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə araşdırması zamanı və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı N.Məmmədovla 1984-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahlarından uşaqları olmamışdır. N.Məmmədov 14.08.1992-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 1 a, 8 saylı mənzili alqı-satqı yolu ilə əldə etmişdir. Onların nikahı 30.04.2008-ci il tarixdə pozulmuşdur. Nikahları pozulduqdan sonra da onlar birgə yaşayaraq ümumi təsərrüfat aparmışlar. 16.06.2013-cü il tarixdə iddiaçının əri X2 vəfat etmişdir. İddiaçı ərinin sağlığında iddia qaldırmamış və əmlakda payını müəyyən etdirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən, etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçının birgə mülkiyyət hesab edilməsini istədiyi mənzil birgə nikah dövründə X1 adına alqı-satqı müqaviləsinə əsasən qeyd olunsa da, mənzilin arxiv əsasları texniki pasportdan ibarətdir. Mənzilə dair qeydiyyat vəsiqəsi iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2606/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2606/2021
19.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver