Məhkəmə qərarları › İş №2(012)-2610/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2610/2021

13.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2610/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şöbəsinin icra məmuru X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şöbəsinə qarşı «pul öhdəliyinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 olan 18740 (on səkkiz min yeddi yüz qırx) manat pul öhdəliyini tam icra etdiyindən həmin öhdəliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2013 saylı, 06 sentyabr 2013-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs Cavabdeh1 mülki iddiası qismən təmin olunmuş, ondan 18740 (on səkkiz min yeddi yüz qırx) manat alınaraq Cavabdeh1 verilməsi qərara alınmışdır. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2014-cü il tarixli qərarı ilə hökm ləğv edilmiş, ona bəraət verilmişdir. Ali Məhkəmənin 17 iyun 2015-ci il tarixli qərarı ilə sonuncu qərar ləğv edilərək iş yenidən apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-48/2016 saylı 21 iyul 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2013 saylı, 06 sentyabr 2013-cü il tarixli hökmü dəyişdirilmiş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06 may 2016-cı il tarixli qanun ilə Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinə edilmiş dəyişiklik nəzərə alınmaqla müəyyən epizodlar Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü və 178.1-ci maddələrinə tövsif edilmiş, həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən cəza təyin olunmamış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2020-ci il tarixli sərəncamı ilə əfv olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 281/2013 saylı 09 iyun 2017-ci il tarixli icra vərəqəsi Cavabdeh2 Şöbəsinin icraatındadır. İcra vərəqəsi verilən zaman o, həbsdə olmuşdur. O, vəziyyətinin yüngülləşdirilməsi üçün Cavabdeh1 19000 manat pul verilmiş, bundan başqa torpaq sahəsi verilmişdir. Bundan sonra bir müddət cavabdeh susqunluq nümayiş etdirməklə şikayətçi olmasa da, şikayətlər etmişdir. Onun niyyəti əlavə pul almaqdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdeh1 olan 18740 (on səkkiz min yeddi yüz qırx) manat pul öhdəliyini tam icra etdiyindən həmin öhdəliyə (pul öhdəliyinə) xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi. O, əlavə olaraq bildirdi ki, cavabdehə pulu ödəmiş, lakin buna dair heç bir qəbz almamışdır. Borcun əvəzinə oğlunun adına torpaq sahəsi vermişdir. Sonda iddiaçı, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, iddia tələbi əsassızdır və həqiqəti əks etdirmir. İddiaçının barəsində məhkəmə qərarı var. O, bu günədək hələ də qərarı icra etmir. İddiaçı ona heç vaxt pul və torpaq sahəsi verməmişdir. Cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, iddianı qəbul etmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2013 saylı icra vərəqəsi onun icraatına daxil olmuşdur. İcra sənədi üzrə altı tələbkar olmuşdur. Tələbkarlardan dörd nəfəri ərizə verərək tələbindən imtina etmişdir. Qalan iki nəfər isə icra sənədinin icrasını tələb edir. Bu tələbkarlardan biri də Cavabdeh1dır. Borclu icra sənədi üzrə heç bir ödənişi həyata keçirməmişdir. İş üzrə icra hərəkətləri davam etdirilir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2013 saylı 09 iyun 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X1 8838 (səkkiz min səkkiz yüz otuz səkkiz) manat alınaraq Yunis Nabatliyevə, 9820 (doqquz min səkkiz yüz iyirmi) manat Nurxanım Qasımovaya, 18740 (on səkkiz min yeddi yüz qırx) manat Cavabdeh1, 45300 (qırx beş min üç yüz) manat Xanım Bayramovaya, 4593 (dırd min beş yüz doxsan üç) manat İnşalla Babayevə və 6655,2 (altı min altı yüz əlli beş manat iyimi qəpik) manat Ləman Fərəcliyə ödənilməsi qərara alınmışdır. Hökm 21 iyul 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. - Ədliyyə Nazirliyi Penitensiar Xidmət 4 saylı cəzaçəkmə müəssisəsinin 29 aprel 2020-ci il tarixli 17/19-767 saylı məktubundan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2019-cu il tarixli 1970 saylı sərəncamı ilə əfv edildiyinə görə azadlığa çıxmış, onunla bağlı icra sənədləri, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2013 saylı 09 iyun 2017-ci il tarixli icra vərəqəsi də Cavabdeh2 Şöbəsinə göndərilmişdir. - Cavabdeh2 Şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş 14 may 2020-ci il tarixli İcraata başlamaq haqqında qərardan məlum olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2013 saylı 09 iyun 2017-ci il tarixli icra sənədinin icrasına başlanılmış, borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi tələb edilmişdir. Könüllü icra təmin edilmədiyi təqdirdə borcluya barəsində görüləcək icra tədbirləri barədə xəbərdarlıq edilmişdir. - İnşalla Babayev, Nurxanım Qasımova, Ləman Fərəcli, Xanım Bayramova ərizə yazaraq təsdiq etmişlər ki, onların borcu İddiaçı tərəfindən ödənilmişdir. - Abşeron Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 8(012)-273/2020 saylı qərardadı ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. - İddiaçı ünvanlanmış Cavabdeh2 Şöbəsinin xəbərdarlıq məktubundan aydın olur ki, borclu icra sənədi üzrə borcunu ödəmədiyi, icra sənədini icra etmədiyi üçün inzibati və cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2013 saylı qanuni qüvvəsini almış hökmü ilə İddiaçı Cavabdeh1 xeyrinə 18740 manat pulun tutulması qərara alınmış, hazırda həmin borc ödənilməmiş qalmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 6.1.1-ci maddəsinə əsasən məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi icra sənədi sayılır. 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Qeyd edilən müddəaların tələblərinə əsasən məhkəmə qərarları mütləq icra olunmalıdır. Məhkəmə qərarlarını icrası ədalət mühakiməsinin həyata keçirilməsinin tərkib hissəsidir. Qanunvericilikdə məhkəmə qərarlarının icrasına prosessual təminatlar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. İddiaçı iddia tələbində və izahatında cavabdehə icra sənədi üzrə olan borcunu əvvəllər pul və torpaq sahəsinin verilməsi ilə tam ödəməsini bildirsə də bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş yalnız izahatında göstərilənlərlə kifayətlənmişdir. İddiaçının irəli sürdüyü iddia tələbinin əksinə isə İcra sənədinin icraatında olduğu icra məmuru da təsdiq etmişdir ki, iddiaçı tərəfindən borc öhdəliyi icra edilməmiş, məhkəmə qərarı iddiaçı tərəfindən icra edilməmiş qalmışdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda, məhkəmə bir daha xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı cavabdeh qarşısında borc öhdəliyini yerinə yetirdiyini təsdiq edən, iddiasının əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim etməmişdir, belə sübutlar məhkəmə tədqiqi zamanı da müəyyən edilməmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarını, habelə istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddiaçı iddia tələbini verməklə əsas məqsədi icra sənədi üzrə ondan tutulmalı olan borc məbləğinin verilməsindən yayınmaq və vaxt qazanmaqdır, ona görə də iddia əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şöbəsinə qarşı «pul öhdəliyinə xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar