Məhkəmə qərarları › İş №2(012)-270/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-270/2021

23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-270/2021 23.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X3, Cavabdeh «xxxx» İdarəsininin nümayəndəsi X2, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər «xxxx» İdarəsi, «xxxx» ASC-nə qarşı «işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X13” İdarəsininin 02/k saylı, xx xxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdeh “X13” İdarəsininin 02/k saylı, xx xxxxxx 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “Müştəri Xidmətləri şöbəsinin Debitor borclarla iş qrupunun mühəndisi-qrup rəhbəri” vəzifəsindən azad edilmiş və əmrdə əsas kimi ‘'əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması” müddəası göstərilmişdir. Əmrin verilməsindən əvvəl ona bildirilmişdir ki, guya o, başqa əməkdaşlarla əlbir olub vətəndaşlardan pul alaraq müvafiq icazə olmadan “xxxx” ASC-nin kanalizasiya şəbəkəsinə kanalizasiya xəttinə özbaşına, yəni qanunsuz qoşmalar etmişdir. O, hər hansı bir qanunsuz iş görmədiyinə, ona qarşı irəli sürülən tənbehin ümumiyyətlə heç bir əsası olmadığına görə deyilənləri birmənalı olaraq qəbul etməmiş və məsələ üzrə istənilən araşdırmada cavab verməyə hazır olduğunu bildirərək qəti surətdə etiraz etmişdir. Lakin buna baxmayaraq «xxxx» İdarəsi, «xxxx» ASC-nin yazılı göstərişi əsasında onu yuxarıda göstərilən əmrlə işdən azad etmiş, lakin eyni zamanda ona bildirilmişdir ki, toplanmış materiallar müvafiq araşdırma aparılması üçün prokurorluğa göndəriləcək və araşdırma zamanı hər hansı bir təqsirinin müəyyən edilmədiyi halda ötən aylar üçün əmək haqqı ödənilməklə işə bərpa ediləcəkdir. Odur ki, Abşeron rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X5 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasını rədd etmək haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Bununla da onun 2000 manat pul alaraq kanalizasiya xəttinə özbaşına qoşma ilə bağlı qanunsuz əməli ilə əlaqədar “xxxx” ASC-nin rəhbərliyinin müraciəti əsasında rayon prokurorluğunda aparılmış material üzrə göstərilən xüsusat öz təsdiqini tapmadığından və ümumiyyətlə onun əməlində hər hansı qanun pozuntusu aşkar olunmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Həmin araşdırma zamanı, cavabdeh tərəfindən baş prokurorluğa göndərilən məktubda adları göstərilən digər əməkdaşların öz xidməti vəzifələrindən kənara çıxan hərəkətlərə yol verdikləri müəyyən edildiyinə görə Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri, cənab Rahib Seyidov tərəfindən “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixli təqdimat göndərilmiş və təqdimata baxılmasının nəticəsi barədə qanunla müəyyən olunmuş 1 aydan gec olmayan müddətdə Abşeron rayon prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir. O, göstərilən qərarın qəbul edilməsindən xəbər tutan kimi, ona verilən vədi (yəni araşdırma zamanı hər hansı bir təqsirim müəyyən edilmədiyi halda ötən aylar üçün əmək haqqım ödənilməklə işə bərpa ediləcəyini) əsas tutub iddianı üzrə «xxxx» İdarəsininə müraciət edərək işə bərpa edilməyini xahiş etmiş, lakin səlahiyyətli əməkdaşlar tərəfindən bu məsələ üçün yalnız işdən çıxarılmağıma göstəriş verən yuxarı təşkilata, yəni “xxxx” ASC-yə müraciət etməli olduğu bildirilmişdir. Odur ki, o, bu cavabdan sonra dərhal, yəni 2020-ci ilin mart ayının ortalarında “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ərizə yazaraq işə bərpa edilməyini xahiş etmişdir. Lakin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin bu ilin may ayının 24-də ona çatan xx.xx.2020-ci il tarixli 01/1/01-1/1/4196 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, "xxxx” Açıq Səhmdar Cəmiyyətinə daxil olan işə bərpa barədə xx.xx.2020-ci il tarixli, C-3589 nömrəli və xx.xx.2020-ci il tarixli, C-3610 nömrəli ərizəsinə baxılmış, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmişdir və onun müraciətini təmin etmək Cəmiyyətin imkanı xaricindədir. Həmçinin ona işdən çıxarıldığı gündən əvvəlki 6 ay ərzində əmək funksiyasını pozmağı və buna görə də intizam tənbehinə məruz qalmağı halı qətiyyən məlum deyil, yəni bu motiv uydurmadır. O, hər hansı pozuntuya yol verməmiş, belə bir faktla bağlı ona irad tutulmamış və ondan izahat tələb edilməmiş, habelə barəsində belə bir intizam tənbehinin tətbiq edildiyinə dair ona məlumat və ya tanış olmaq üçün hər hansı bir əmr təqdim edilməmişdir. İşdən qanunsuz çıxarılmağına dəlalət edən digər hal ondan ibarətdir ki, o, həmkarlar ittifaqının üzvü olduğu halda məsələyə bilavasitə onun iştirakıyla cavabdeh təşkilatın həmkarlar ittifaqı komitəsində faktiki və real olaraq baxılmamış, yəni bu varədə ona heç bir məlumat verilməmiş və nəticə etibarilə saxta və formal rəy verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin ləğvi qanunvericiliyin tələbləri pozulmaqla aparıldığına görə cavabdehin əmri ilə qətiyyən razı deyildir. Ona görə də, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili-nümayəndəsi X6 məhkəmə iclasında İddiaçı izahatına uyğun izahat verdi. Cavabdeh «xxxx» İdarəsininin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, “X13” İdarəsininin 02/k saylı, xx xxxxxx 2020-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “Müştəri Xidmətləri şöbəsinin Debitor borclarla iş qrupunun mühəndisi-qrup rəhbəri” vəzifəsindən azad edilmişdir. Bu səbəbdən İddiaçı işə bərpa etmək mümkün deyildir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X1 bildirdi ki, o, iddianı qəbul etmir. “xxxx” İdarəsi xxxx ASC-nin tərkibində olan idarədir. Lakin hazırki işdə “xxxx” İdarəsi işəgötürəndir. İddiaçının işdən azad edilməsindən “xxxx” ASC xəbərdar deyildir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01/1/01-1/1/4196 nömrəli iddiaçının müraciətinə cavab məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçını və cavabdehləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, iddiaçı iddia tələbinin əsasını məhkəmə baxışında sübuta yetirə bilmişdir. Yuxarıda sadalan iş materiallarından görünür ki, cavabdeh «xxxx» İdarəsininin rəhbərliyi tərəfindən İddiaçı işdən azad olunarkən əmək qanunverciliyinin tələblərinə düzgün əməl olunmamışdır. Belə ki, cavabdeh «xxxx» İdarəsininin rəhbərliyi İddiaçı işdən azad edilməsinə dair xx.xx.2020-ci il tarixli, 02/k saylı əmrində, onun işdən azad edilməsinin səbəblərini əsaslandırmamış, həmkarlar komitəsinin razılıq məktubu olmadan AR Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində, əmək müqaviləsinin işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilməsi qeyd olunmuşdur. Məhkəmədə sübutlar tədqiq edilərkən İddiaçı əmək funksiyasını yerinə yetirilməsi ilə bağlı hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən tələblərin pozulması müəyyən edilməmişdir. Lakin bundan fərqli olaraq İddiaçı işdən azad edilməsi ilə bağlı cavabdeh «xxxx” İdarəsinin rəhbərliyinin hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci və 84-cü maddələrinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, tədqiq olunan sübutlar bir daha təsdiq edir ki, İddiaçı işdən azad edilməmişdən əvvəl işəgötürən tərəfindən onun izahatı alınmamış, işdən azad olunma barədə əmr əsaslandırılmamış və ən əsası isə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunmaqla işdən azad edilsə də, bu məsələyə baxılmadan əvvəl işçinin işlədiyi müəssisənin həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Məhkəmə, bu sadalananları cavabdeh «xxxx” İdarəsinin rəhbərliyinin əməlindəki ciddi qanun pozuntusu kimi qiymətləndirir və belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədi ilə xx.xx.2020-ci il tarixli 02/k saylı əmri ləğv edilməklə, o, öz işinə bərpa edilməli və məcburi işburaxma dövrü üçün əmək haqqlarının hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən, əmək funksiyası—əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hisəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-cı maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı barəsində «xxxx” İdarəsinin direktorunun 02/k saylı xx.xx.2020-ci il tarixli əmri ləğv edilsin. İddiaçı «xxxx” İdarəsinin “Müştəri Xidmətləri şöbəsinin Debitor borclarla iş qrupu” nun mühəndisi-qrup rəhbəri vəzifəsinə bərpa edilsin və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar