Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2710/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Şöbəsinə qarşı “icra sənədinin ləğv edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şöbəsinə qarşı “icra sənədinin ləğv edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(012)-1296/2019 saylı icra vərəqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1296/2019 saylı mülki iş üzrə 29.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının və ailə üzvlərinin Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi 27C saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və Abşeron Rayon Məhkəməsi 2(012)-1296/2019 saylı 29.04.2019-cu il tarixli icra sənədi tərtib olunaraq icra edilməsi üçün Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. Beləliklə, icra sənədi düzgün tərtib edilmədiyindən ləğv olunmalıdır. Belə ki, həmin iş üzrə onun tərəfindən apelyasiya şikayəti verilmiş və apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, işə baxmış sonuncu məhkəmənin apelyasiya instansiyası məhkəməsi olmasına baxmayaraq icra sənədini işə baxmış birinci instansiya məhkəməsi vermişdir. Bu isə qanunvericiliyin tələbinə ziddir. Həmçinin işə baxmış məhkəmə üzrə icra sənədi məhkəmənin yerləşdiyi yer üzrə Yasamal rayon İcra Şöbəsinə göndərilməli və icra hərəkətləri orada aparılmalı olduğu halda bu da edilməmiş, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Hazırki halda qanunsuz verilmiş icra sənədi əsasında Abşeron rayon İcra Şöbəsi icra hərəkətləri həyata keçirir və onun və ailə üzvlərinin evdən çıxarılması tələb edilir. İcra sənədi düzgün verilmədiyindən və icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar düzgün qəbul edilmədiyindən həmin icra sənədi ləğv edilməli və icra hərəkətləri dayandırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı “icra sənədinin ləğv edilməsi” tələbi barədə ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ləğvini tələb etdiyi Abşeron Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(012)-1296/2019 saylı icra vərəqəsi ilə əlaqədar istənilən icra tədbirləri və ya hərəkətləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədinin aidiyyəti üzrə yönəldiyi icra qurumu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Şöbəsinə qarşı “icra sənədinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2710/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2710/2021
03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver