Məhkəmə qərarları › İş №2(012)-2771/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2771/2023

07.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2771/2023 07.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə isə 100000 manat olmaqla, ümumilikdə 120000 manat məbləğində pulunu tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, “X2” İctimai Birliyinin sədridir. Onların ictimai birliyində Azərbaycan Respublikasının bir çox rayonlarının nümayəndələri təmsil edilmişdir. “X2" İctimia Birliyi dövlətçiliyin inkişafında və Azərbaycan Respublikasının daha da bütün dünyada tanınmasında var gücü ilə çalışır. Bildirmək istəyir ki, Cavabdeh ona qarşı “X2” İctimai Birliyinin ümumi yığıncağının 17 yanvar 2022-ci il tarixli və 12 mart 2022-ci il tarixli qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Xətai rayon məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(011)-5650 3/2023 saylı qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Təbii ki, məhkəmə tərəfindən bu iddianın bütün halları araşdırılmış və tam qanunu və əsaslı qətnamə qəbul edilmişdir. Cavabdeh YDDİB-nın təsisçilərindən biri olmuş və eyni zamanda YDDİB-nın sədri vəzifəsini icra etmişdir. Lakin Cavabdeh tərəfindən bu İctimai Birliyin üzvlərindən birinə qarşı qeyri-etik hərəkətlərə yol verildiyinə görə barəsində Youtube və digər sosial şəbəkələrdə həmin hadisəyə aid məlumatlar yayılmış, bu da təbii ki, YDDİB-nın cəmiyyət və ictimaiyyət arasında nüfuzuna böyük xələl gətirmişdir. Bundan sonra YDDİB-nın digər təsisçiləri X1 və mərhum X4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 23 iyul 2020-ci il tarixində ərizə ilə müraciət edərək Cavabdeh etik davranış kolleksini rəd etmədiyindən, həmçinin birliyin adına xələl gətirdiyindən eləcə də təsisçi olaraq qanunsuz hərəkətlərlə məşğul olduğundan, birliyin tələblərini kobud şəkildə pozduğundan, birliyin formalaşmasında iş prinspilərini qura bilmədiyindən birliyin təsisçi və birliyin sədri vəzifəsindən azad edilməsini xahiş etmişlər. Həmçinin bu iki təsisçi Cavabdeh qarşı Abşeron rayon məhkəməsinə iddia qaldıraraq Cavabdeh İctimai Birliyinin təsisçiliyindən və üzvlüyündən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. 11 noyabr 2021-ci il tarixində Qafarov X5 rayon məhkəməsinə notariat qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, könüllü şəkildə YDDİB-nın təsisçiliyindən, sədrliyindən və üzvlüyündən çıxmağına razı olduğu barədə ərizə ilə müraciət etmişdir. Yəni işin bütün hallarından açıq aydın görsənir ki, həmin bu İctimai Birliyin təsisçiliyindən, sədrliyindən və üzvlüyündən çıxması Cavabdeh bir başa öz razılığı ilə baş vermişdir. Təbii ki, bütün Respublika ərazisində və xaricdə yayılmış bu video görüntülər Cavabdeh belə ciddi nüfuza malik olan Azərbaycan dövlətçiliyinə və xalqına xidmət edən İctimai Birliyin sədri və təsisçisi olmasına heç cürə imkan verməmişdir. Əfsuslar olsun ki, Cavabdeh bütün bunları bildiyi halda heç bir hüquqi əsası olmadan ona qarşı məhkəmədə belə bir iddia qaldırmışdır. Həmçinin bu iddia ərizəsinə məhkəmə baxışı zamanında Cavabdeh onun barəsində təhqiramiz ifadələr işlətmiş, onun Cavabdeh törətdiyi bu əməllərdə də əli olduğu haqda şər və böhtan dolu məlumatları məhkəməyə vermişdir. Təbii ki, işin hallarında da görsənir ki, bu faktla əlaqədar Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qanunu qüvvədə olmuş qətnaməsi, hökmü vardır. Belə ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 1(010)-343/2021 saylı hökmü ilə təqsirli bilinən şəxslər məhkəmə tərəfindən müəyyən edilmiş və cinayət məsuliyyətinə cəlb edilmişlər. Lakin əfsuslar olsun ki, Cavabdeh bu hökmü bildiyi halda məhkəmə prosesində və digər yerlərdə onun barəsində şər və böhtan dolu məlumatlar yayaraq, guya ki, bu hadisənin onun tərəfindən qəsdən törədilməsini göstərmişdir. Çox qəribədir ki, əgər həqiqətən onun bu hadisəni törətməyi barədə cavabdehdə şübhə var idisə, onda istənilən vaxt prokurorluğa və digər hüquq mühafizə orqanlarına müraciət edərək bunun araşdırılmasını tələb edə bilərdi. Lakin işin hallarındanda görsənir ki, onun tərəfindən heç bir müraciət olunmamış və yalnız onun barəsində şər-böhtan dolu məlumatlar yaymaqla onun imicinə qəsdən və qərəzli şəkildə zərər vurmaq istəmişdir. Belə ki, cavabdeh birinci məhkəmə iclasında çıxış edərkən bundan sonra təsisçi olmaq istəmədiyi və təbii ki, bu hadisələrdən sonra ola bilməyəcəyini özü etiraf etmiş və bundan sonra da həmin ictimai birliyin təsisçisi və üzvü olmaq istəmədiyini göstərmiş, lakin guya ki, başqa üzvlərin müdaxilə etmək hüquqi və məqsədi ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. Təbii ki, bu da tamamilə absurd və məntiqsiz bir yanaşmadır. İşin hallarından açıqaydın görsənir ki, Cavabdeh birbaşa ona ziyan vurmaq məqsədilə məhkəməyə belə bir iddia ərizəsi ilə müraciət etmişdir. Bu isə qanunvericilik baxımından yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki məcəlləsinin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxslərə ziyan vurmaq niyyətilə həyata keçirtdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hüquqdan sui istifadə dedikdə qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsən öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqların həyata keçirilməsi müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarının təşkil etməyən hüququn həyata keçirilməsi başa düşülür. Cavabdeh 11 noyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinə notariat qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, könüllü şəkildə YDDİB-nın təsisçiliyindən, sədrliyindən və üzvlüyündən çıxdığına razı olduğu barədə ərizə ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iclasında izahatında göstərdi ki, o, 2007-ci ildən aktiv ictimai-siyasi fəaliyyətə başlamışdır və fəaliyyəti Prezidentə dəstək olmaq olmuşdur. Onlar müxalif qüvvələrə qarşı çıxışlar etmişlər. İddiaçı qeyri-qanuni şəkildə özünü “X2" İctimia Birliyinə sədr seçdirmişdir. O, iddiaçı ilə bağlı sosial şəbəkələrdə əks təbliğat etdirməmiş və iddiaçını təhqir etməmişdir. Onun iddiaçı ilə heç bir işi yoxdur, lakin iddiaçı onu məhkəməyə vermişdir. O, 2 dəfə bu təşkilatda infarkt keçirtmişdir. Odur ki, iddiaçı nüfuzlu insanın tanışı olmasından istifadə edir. Qeyd edilənlərə əsasən, o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, Cavabdeh tərəfindən ona 20000 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iddianın mənəvi ziyan hisəsi də əsaslandırılmamış, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalər edən hallara və həmin halları təstiq edən mötəbər sübutlara istinad olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən “zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona vurduğu maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə isə 100000 manat olmaqla, ümumilikdə 120000 manat məbləğində pulunu tutaraq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar