Məhkəmə qərarları › İş №2(012)-284/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-284/2022

20.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maneənin a
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-284/2022 20.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsini ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsinin cavabdeh tərəfindən boşaldılması, yolun cavabdehin hesabına bərpa olunması, cavabdeh tərəfindən ona qarşı yaradılmış süni maneələrin aradan qaldırılması, gələcəkdə belə süni maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi, cavabdehdən 10000 manat maddi, 5000 manat mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun və 200 manat məhkəmə xərclərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi Z.Əliyeva küçəsində Yeni Yaşayış massivində yerləşən 0.04 ha torpaq sahəsi onun mülkiyyətində olan xüsusi əmlakıdır. Həmin torpaq sahəsi onun mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən hüquqları dövlət qeydiyyatına alınmaqla verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən keçmişdir. Torpaq sahəsi mülkiyyətinə verilərkən koordinatları müəyyənləşdirilmiş, plan-ölçü sxemi tərtib olunmuşdur. Eyni zamanda, həmin yaşayış massivində olan torpaq sahələri vətəndaşların istifadəsinə və mülkiyyətinə verilərkən torpaq sahələrinin kadastr planı, torpaq sahələrinin koordinatları, torpaq sahələrinə gedən yollar və magistral yola çıxışlar olmuşdur. Bundan sonra o, mülkiyyətində olan həmin torpaq sahəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin tərtib etdiyi eskiz-layihəyə uyğun özünə ev inşa etdirmiş və hazırda, ailə üzvləri ilə həmin evdə yaşayır. Sonradan zərurət yarandığından o, bir müddət ölkə hüdudlarından kənarda olduğundan ona məxsus evdə yaşayış olmamışdır. Azərbaycan Respublikasına qayıtdıqdan sonra evinə gələrkən ona məlum olmuşdur ki, qonşuluqdakı evin sahibi, hazırki iş üzrə Cavabdeh onun evinə gedən giriş yolunu qanunsuz olaraq bağlayaraq (yola daş tökərək) onun mənzilindən istifadə yolundan məhrum etmiş, ümumi istifadə olunan yolun ərazisini mənimsəyərək, yolu yararsız vəziyyətə salmışdır. Bununla maraqlandıqda məlum olmuşdur ki, cavabdeh yolu mənimsədikdən sonra həmin evdə yaşamır, evi digər şəxsin istifadəsinə vermişdir. O, cavabdehlə əlaqə saxlayıb bunu aydınlaşdırmaq istəmiş, cavabdeh isə ona yolun yerləşdiyi torpaq sahəsinin Saray Bələdiyyəsinin ona satdığını bildirmişdir. Hətta yol istədiyi təqdirdə, həmin torpaq sahəsini (yolun yerləşdiyi sahəni) ondan satın almağı və özünə təkrar yol açmağı bildirmişdir. Cavabdehin özbaşına, heç bir əsası olmadan onun evinə gedən yolu qanunsuz zəbt edərək bağlaması barədə aidiyyatı üzrə Abşeron Rayon İcra Hakimiyyətinə, Saray Bələdiyyəsinə müraciət etsə də heç bir tədbir görülməmiş, mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi ona tövsiyyə etmişlər. Belə ki, cavabdeh qanunsuz olaraq yolunu bağladığından o, əmlakından tam, yararlı istifadə edə bilməmiş, torpaq sahəsindən bəhər-fayda əldə edə bilməmişdir. Yolu bağlamaqla qanuna zidd hərəkətləri ilə cavabdeh ona 10000 manat maddi və 5000 manat mənəvi zərər vurmuşdur. Dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son qoymağı, qanunsuz olaraq zəbt edərək bağladığı ümumi yolu açmağı, yolu ümumi istifadə üçün öz hesabına bərpa etməyi tələb etsə də cavabdeh könüllü olaraq yolu boşaltmamış, gediş-gəlişinə maneələri aradan qaldırmamışdır. Hazırda, cavabdehin onun mənzilindən istifadəsinə yaratdığı maneələri onun nəticə etibarı ilə, mülkiyyətindən istifadə etməsini məhdudlaşdırmışdır. Eyni zamanda, qeyd edir ki, hazırki yaşayış şəraitinin vəziyyəti bərbad olduğundan, bu hal da onun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Onun cavabdehdən istədiyi yalnızca mənzilinə girişinə maneələri aradan qaldıracaq yolun açılmasıdır. Belə ki, cavabdehin mülkiyyətində olan mənzilinə açılan yolu olduğundan nəticədə, öz mənzilindən istifadə edə bilir. Lakin onun göstərilən bu hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən də, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2827 saylı rəyinə münasibət bildirərək isə qeyd edir ki, onun hazırki tələbi sadəcə ona yolun verilməsidir. Mənzilindən istifadə edə bilməməsi nəticəsində, o, qəyyumluğunda olan İ qrup əlil, 62 yaşlı xəstə olan bacısına baxa bilmir, nəticədə, bacısına rəfiqəsinə məxsus olan mənzildə baxmalı olur. Onun mənzilinə olan giriş kələ-kötür yollarla, otların kənarı ilə, hasarın üzərindən keçməklə mümkündür ki, bunu da qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Cavabdeh sözügedən yoldan hazırda istifadə etməsə də, əvvəllər istifadə etmişdir. Əgər həmin yol cavabdehə məxsus olmuş olsaydi, ona məxsus olduğunu təsdiq edən sənədi ona göstərərdi. Halbuki, cavabdeh həmin yol salınanda yolun kimsənin istifadəsində olmadığını bildirmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli A 014088 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2015-ci il tarixli 4Ə-2558 saylı alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.04 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 63 saylı reyestr kitabının 108 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********59 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsindən görünür ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin koordinatları müəyyən edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 1590/1-1 saylı məktubdan görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarış ilə Saray qəsəbəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədi ilə tikinti işlərinin aparılmasına aşağıdakı şərtlər daxilində etiraz edilməmişdir: tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılmalı, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunmalı, tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə Rayon İcra Hakimiyyəti Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilməsi olduğu bildirilmişdir. Qeyd edilən şərtlər vətəndaş tərəfindən pozularsa, mövcud məlumatlandırma icraatının öz qüvvəsini itirmiş hesab olunması izah olunmuşdur. -Abşeron rayon Saray Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 198 saylı məktubdan görünür ki, İddiaçı şikayəti ilə bağlı həmin ərazidə araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, adıgedən ərazi əmlak paylarıdır. Əmlak paylarının verilməsi barədə Bələdiyyədə heç bir məlumat olmadığına görə vətəndaşa dəqiq yolun hansı istiqamətdən olması göstərilməmiş, odur ki, vətəndaşın evinə gedən yolla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. -X1 ilə alıcı X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 4Ə-493 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0296 ha torpaq sahəsini alıcıya 1500 manata satmışdır. -Hədiyyə verən X5 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş çıxarış əsasında Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0296 ha torpaq sahəsini hədiyyə alan, yəni anasının bacısı Cavabdeh mülkiyyətinə vermiş, hədiyyə alan isə torpaq sahəsini xüsusi mülkiyyətinə qəbul etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli A450863 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0296 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2012-ci il tarixli 4Ə-493 reyestr nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.0296 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 95 saylı reyestr kitabının 165 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********94 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 5 ədəd fotoşəkildən görünür ki, fərdi yaşayış evinə gedən yol digər fərdi yaşayış evinin önünə çəkilmiş hasar ilə bağlanmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatı 6 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********99 saylı mütəxəssis rəyi verilmiş və həmin rəy əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2827 saylı rəyi tərtib olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2827 saylı rəyindən görünür ki, tədqiqat Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahəsi üzrə mülki iş materiallarına əlavə edilmiş sənədlərə və mütəxəssis rəyində olan məlumatlara əsasən aparılmışdır. Qərardadın birinci sualı üzrə: “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 63 saylı reyestr kitabının 108 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsünün faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, qərardadın ikinci sualı üzrə: "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 95 saylı reyestr kitabının 165 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0296 ha torpaq sahəsinin plan və ölçüsünün faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli A № 014088 saylı torpaq sahəsinin həmin ərazinin ümumi torpaq layihəsinə (plan ölçüsünə) əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə giriş yolunun hər hansı tərəfdən nəzərdə tutulmadığı, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinə giriş-çıxış yolunun olmadığı müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli A № 450863 saylı torpaq sahəsinin həmin ərazinin ümumi torpaq layihəsinə (plan ölçüsünə) əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0296 ha torpaq sahəsinə giriş yolunun torpaq sahəsinin qərb istiqamətindən nəzərdə tutulduğu müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh və İddiaçı mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadələrində olan torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq mövcud olması səbəbindən giriş yolunun tutulub-tutulmamasını müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 63 saylı reyestr kitabının 108 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********59 reyestr nömrəsi ilə qeydə alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə olan girişinə maneə yaradan, cavabdeh tərəfindən inşa edilmiş yolun cavabdehin hesabına sökülməklə yaradılmış maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddia tələbindən göründüyü kimi, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, iddiaçı təyinatı kənd təsərrüfatı olan torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməklə həmin evə cavabdeh tərəfindən girişinə yaradılan maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra mətndə Torpaq Məcəlləsi adlanacaq): 9-cu maddəsinin 1. hissəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 9-cu maddəsinin 2. hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. 10-cu maddəsinin 1. hissəsinə əsasən, torpaqların məqsədli təyinatı torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Qanunun tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı və xx.xx.2019-cu il tarixli çıxarışlar əsasında, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı adına, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0296 ha torpaq sahəsi isə Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, həmin torpaq sahələri kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilmiş və mülki iş üzrə tərəflər torpaqların məqsədli təyinatına zidd olaraq həmin torpaq sahələrində fərdi yaşayış evi inşa etdirmişlər. Torpaq Məcəlləsinin: 13-cü maddəsinin 1. hissəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 13-cü maddəsinin 3. hissəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 9-cu maddəsinin 3. hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qanunun tələblərindən məlum olduğu kimi, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilməli olduğu halda, torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi və başqa məqsədlər üçün istifadə edilməsi isə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. İddiaçı onun mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa kateqoriyaya keçirilməsinə dair əsaslı sənədini məhkəməyə təqdim etməmişdir. Torpaq Məcəlləsinin: 80-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin hüquqlarına torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək aiddir. 13-cü maddəsinin 2. hissəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilmiş, hazırda, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi qanunun tələblərinə zidd olaraq, kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə inşa edilməmiş, edildiyi halda isə iddiaçı tərəfindən buna dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə İddiaçı və Cavabdeh mülkiyyətində olan torpaq sahələrinin faktiki, naturada üst-üstə düşməsinin, həmin torpaq sahələrinə olan girişin hansı tərəfindən qoyulmasının, eyni zamanda, cavabdehin torpaq sahəsinin iddiaçının torpaq sahəsinin giriş yolunu tutub-tutmamasının müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********99 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 10/2827 saylı rəyi əsasında, 1). xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0296 ha torpaq sahəsinin plan və ölçüsünün faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmədiyi, 2). elektron kadastr məlumat bazasına əsasən, xx.xx.2015-ci il tarixli A № 014088 saylı plan ölçüyə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə giriş yolunun hər hansı tərəfdən nəzərdə tutulmadığı, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə giriş-çıxış yolunun olmadığı, xx.xx.2019-cu il tarixli A № 450863 saylı plan ölçüyə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0296 ha torpaq sahəsinə giriş yolunun isə torpaq sahəsinin qərb istiqamətindən nəzərdə tutulduğu, tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadələrində olan torpaq sahələrinin koordinatları arasında uyğunsuzluğun mövcud olması səbəbindən giriş yolunun tutulubtutulmamasının müəyyən etməyin mümkün olmadığı aşkar olunmuşdur. Eyni zamanda, sözügedən rəylər əsasında, mülki iş üzrə tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordınatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) qeydə alındığı, həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin tikildiyi və naturada uyğunsuzluqların mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib həmin rəyləri əsas sübut növü kimi qiymətləndirərək nəzərə alır. Bu səbəbdən də, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə tikilinin inşa olunmasının müəyyən olunduğu, həmçinin, torpaq sahəsinin faktiki naturada üst-üstə düşmədiyi, torpaq sahəsinə giriş-çıxış yolunun olmadığı müəyyən olunduğundan iddia tələbinin əsaslı olmadığı qənaətinə gələrək təmin olunmaması qərarına gəlir. Məhkəmə iddiaçının iddia tələbində qeyd olunmuş 10000 manat maddi və 5000 manat mənəvi zərərin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim etmədiyindən və ona görə də iddia tələbi təmin edeilmədiyindən iddianın maddi və mənəvi hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X3 haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar