Məhkəmə qərarları › İş №2(012)-3047/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3047/2021

23.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3047/2021 23.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 10.01.2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli kredit müqaviləsinə əsasən X2 ilə aralarında hər ay 381 manat ona ödəmək şərtilə 9144 manat məbləğində borcun verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Müqavilə həmin tarixdə Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən 3-M-1-17 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. 22 saylı notariat kontorunun 10.01.2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli icra qeydinə əsasən Abşeron rayon İcra şöbəsi tərəfindən 31.08.2015-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, eyni iş üzrə Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra sənədi verilmiş, Abşeron rayon İcra şöbəsi tərəfindən 09.03.2021-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 22 saylı notariat kontorunun 10.01.2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli icra qeydinin ləğvi və ya etibarsız sayılması ilə bağlı qərar yoxdur. Belə vəziyyətdə Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra sənədinin verilməsi tamamilə qanunsuz və əsassızdır. Bundan başqa, tələb etmək hüququnun yarandığı gündən 3 il keçdiyindən 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra qeydinin aparılması da əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakı olmadan baxmağı məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 09 mart 2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan X1 (AA1543162, 20.12.2019 00:00-Asan 1) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, 05.02.2019 - Asan-Sumqayıt; FİN: xxxxxxx, d/t: xx.xx.1984) vaxtında ödənilməmiş 9144 manat tutulmalıdır. Bundan əlavə, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun (haqq) olmaqla, cəmi 9164 manat pulun tutulması təklif edilmişdir. İş materiallarında olan Abşeron rayon icra və probasiya şöbəsinin 09.03.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və icraata başlamaq haqqında məlumatın surətindən görünür ki, Abşeron rayonu 1 saylı notariat kontorunun 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən icra sənədində aşağıdakılar göstərilir: məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; icra edilməli olan qərarın qəbul edildiyi vaxt; tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. Həmin Qanunun 7.4-cü maddəsinə əsasən məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu; haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, 09.03.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsini tələb etsə də, icra qeydinin etibarsız hesab edilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununda və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, mübahisələndirilən icra qeydi “İcra haqqında” Qanununda nəzərdə tutulan tələblərə uyğun tərtib edilmiş, notarius tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş, notariat ofisi tərəfindən icraya yönəldilmiş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan tələblərə uyğun olduğundan icra məmuru icra qeydini qəbul etmiş, icraata başlama haqqında qərar qəbul etmiş və qərarı bildirişlə birlikdə borcluya göndərmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisələndirilən icra qeydinin məzmunu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş tələblərə də uyğundur. Belə ki, mübahisələndirilən icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatları özündə əks etdirmiş və icra olunması üçün icraya yönəldilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli 09.03.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar