Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3123/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda onun açıq hərrac vasitəsilə satılaraq paylara mütənasib olaraq vəsaitin bölünməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Həsənov X1 Turə Bəyəli qızına qarşı mənzilin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda onun açıq hərrac vasitəsilə satılaraq paylara mütənasib olaraq vəsaitin bölünməsi barədə iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 4 saylı evin 13 saylı mənzilinin tərəflər arasında onların paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda isə həmin mənzilin açıq hərrac vasitəsilə satılaraq əldə edilmiş vəsaitin paylara uyğun surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci ildə anadan olmuşdur, X2, anası isə Cavabdehdır. O, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 4 saylı evin 13 saylı mənzilində pasport qeydiyyatındadır, mənzil 1996-cı ildən anasının mülkiyyətindədir. X2 2013-cü ildə ölmüşdür. Mübahisəli mənzildə ondan başqa bacısı Arzu və qardaşı Nail qeydiyyatdadırlar. xx.xx.2011-ci il tarixdə X3 ilə rəsmi nikaha girmişdir və N.Nəcəfəliyeva mübahisəli mənzilə gəlin köçmüşdür. Sonradan arvadı ilə anası arasında münasibətlər pisləşmiş və evin mülkiyyətçisi olaraq anası onları mənzildən qovmuşdur. Hazırda Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşayır. Cavabdeh onu bu mənzilə buraxmır, onun mənzildən istifadə hüququnu məhdudlaşdırır. Buna görə də o, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-953/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bu qətnamə icra edilmiş və icra icraatına xitam verilmişdir. Lakin müəyyən müddət keçdikdən sonra anası və qardaşı mənzilin giriş qapısının açarlarını ondan tələb etmiş, verməyəcəyi təqdirdə onu oğurluqda ittiham edərək tutduracaqlarını bildirmişlər. X9 polis əməkdaşı olduğundan mübahisə etmədən evin açarını onlara təhvil vermişdir. Göründüyü kimi, mövcud məhkəmə qərarının olmasına baxmayaraq ilk növbədə onun bir ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququ məhdudlaşdırılıb və cavabdeh onun və ailəsinin bu mənzildə yaşamasına mane olur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ilə razılaşmadı və bildirdi ki, mübahisəli ev tək onun mülkiyyətindədir. Burada mülkiyyət paylarından söhbət gedə bilməz. İddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-953/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 4 saylı evin 13 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 4 saylı evin 13 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdır və mənzilə dair onun adına xx.xx.1997-ci il tarixli, 3M-117 saylı, 11968 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-953/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədi tam icra edilmişdir. İşdə olan 147 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 4 saylı evin 13 saylı mənzilində hər iki tərəf qeydiyyatdadır. Onlardan başqa mənzildə 3 nəfər qeydiyyatdadır. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-174/2020 saylı hökmündən görünür ki, İddiaçı CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə araşdırması zamanı və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur, yəni bu daşınmaz əmlak tərəflərin ümumi mülkiyyətində deyildir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən müəyyən olunur ki, iddiaçının həmin mənzildən sadəcə istifadə hüququ mövcuddur, lakin bu hüquq ona mübahisəli mənzilin paylara uyğun naturada ayrılması barədə tələblə çıxış etməyə əsas vermir. Yuxarıda sadalanan normalara görə bunun üçün daşınmaz əmlak üzərində iddiaçının hissəvi mülkiyyət hüququ mövcud olmalıdır. İş materiallarında isə belə bir hüququn dövlət qeydiyyatından keçməsi barədə mötəbər sübut yoxdur, buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı deyildir və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda onun açıq hərrac vasitəsilə satılaraq paylara mütənasib olaraq vəsaitin bölünməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3123/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3123/2022
17.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver