Məhkəmə qərarları › İş №2(012)-3189/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3189/2021

26.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3189/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAF- Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina B, mərtəbə mənzil tipli mansard, ümumi sahəsi 106.2 kv.m-dən ibarət 3 otaqlı 102 saylı mənzil sahəsinə onun mülkiyyət üzərində sahiblik, istifadə hüquqlarının tanınması və yaşayış sahəsinin ona təhvil verilməsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06.11.2017-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAF-Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina B, mərtəbə mənzil tipli mansard, ümumi sahəsi 106.2 kv.m-dən ibarət 3 otaqlı 102 saylı mənzilin İddiaçı tərəfindən dəyəri olan 47.790 manat tam ödənilərək mülkiyyət hüququ əldə edilmişdir. Lakin bugünə kimi həmin yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə yaşayış sahəsinin təhvil verilməsi gecikdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarım nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Qeyd edilənlərə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAF-Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina B, mərtəbə mənzil tipli mansard, ümumi sahəsi 106.2 kv.m-dən ibarət 3 otaqlı 102 saylı mənzil sahəsinə iddiaçının hüquqları tanınmalı və qeyri-yaşayış sahəsi ona təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında iddianı qismən qəbul etdiyini, mənzilin iddiaçıya təhvil verilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında bağlanmış 06 noyabr 2017-ci il tarixli B/0164 nömrəli “mənzil tipli mansardın alqı-satqısı haqqında” müqavilənin surətindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin 19 saylı küçəsində inşa edilən (inşa edilmiş) B binasında ümumi sahəsi 106,2 kv.metr olan, 3 otaqdan ibarət 102 saylı mənzil tipli mansardı X3 təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış 47.790 manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə görə alıcı müqavilə qiymətindən 24000 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 23.790 manatlıq məbləği 1 ay müddətinə ödəniş etməyi qəbul etməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan maliyyə arayışlarının surətindən müəyyən edilir ki, X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina B, mənzil tipli mansard, ümumi sahəsi 106.2 kv.m-dən ibarət, 3 otaqlı 102 saylı mənzilin dəyəri olan 47.790 manatı tam ödəmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, 06 noyabr 2017-ci il tarixli, B/0164 nömrəli mənzil tipli mansardın alqı-satqısı haqqında müqavilə ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilən (inşa edilmiş) B binasında ümumi sahəsi 106,2 kv.metr olan, 3 otaqdan ibarət 102 saylı mənzil tipli mansardı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 47.790 manat müqabilində İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtləri əsasında mənzil tipli marsardın dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilsə də, cavabdeh MMC mənzil tipli mansardı iddiaçının istifadəsinə verməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzil tipli mansard ilə bağlı öhdəlik tam yerinə yetirilmiş, lakin həmin mənzil tipli mansard təhvil verilməməklə iddiaçının istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneələr yaradılmışdır. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin iddiaçının mansard tipli mənzil üzərində istifadə hüququnun tanınması və həmin mansard tipli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən mübahisəli mansar tipli mənzilin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilən (inşa edilmiş) B binasında ümumi sahəsi 106,2 kv.metr olan, 3 otaqdan ibarət 102 saylı mənzil tipli mansard üzərində İddiaçı istifadə hüququ tanınmalı və həmin mansard tipli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin “mənzil sahəsinə iddiaçının mülkiyyət üzərində sahiblik hüququnun tanınması” ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, hüquq normalarına əsasən onlara qiymət verib belə hesab edir ki, qeyd olunan mansard tipli mənzil dövlət qeydiyyatına alınmadığından mübahisəli mansard tipli mənzilin mülkiyyət üzərində sahiblik hüququnun tanınması tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatı cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilən (inşa edilmiş) B binasında ümumi sahəsi 106,2 kv.metr olan, 3 otaqdan ibarət 102 saylı mənzil tipli mansard üzərində İddiaçı istifadə hüququ tanınsın və həmin mansard tipli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 20 manat rüsuma görə ödənilmiş pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar