Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3255/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «şəxslərin cinayət qanununa müvafiq qaydada cəzalandırılması» barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, МÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı cinayət əməlləri törətmiş Cavabdeh və onun oğlu X1 cinayət qanununa müvafiq olaraq cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən (Azərbaycan Respublikası Cinayət Məcəlləsindən) ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək; 8.0.6. hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etmək. Beləliklə, yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi şəxsin törətdiyi əməlin cinayət olub-olmaması, cinayət törətməkdə şəxsin təqsirli olub-olmaması və cinayət qanununda nəzərdə tutulmuş ictimai təhlükəli əməli təqsirli olaraq törətdiyinə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi mülki prosessual qanunvericilik ilə deyil, cinayət prosessual qanunvericiliyin normalarına uyğun olaraq həll edilir. Bundan əlavə iş materiallarından görünür ki, İddiaçı xx.xx.2025-cü il tarixdə DİN-nin “102” xidmətinə zəng vuraraq, həmçinin Abşeron RPİ-yə ərizə ilə müracət edərək 2025-ci ilin fevral ayının əvvəlində bacısı Rəfiqə Kərimova və onun həyat yoldaşı Cavabdeh tərəfindən döyülməsi və Cavabdeh ona 1170 manat borcu olması barədə məlumat vermiş, Abşeron RPİ-də aparılan təhqiqat araşdırması zamanı İddiaçı döyülərək xəsarət alması ilə bağlı məhkəmə-tibbi ekspertizasına müraciət etməməsi səbəbi ilə toplanmış materiala hüquqi qiymət vermək mümkün olmadığından və tərəflər arasında yaranmış pul məsələsi mülki mübahisə predmeti olduğundan Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Ona görə də hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud müvafiq məhkəməyə şikayət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «şəxslərin cinayət qanununa müvafiq qaydada cəzalandırılması» barədə iddia ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud müvafiq məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3255/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3255/2025
30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver