Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3333/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinə qarşı, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi cavabdehlərə qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinə qarşı,3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi cavabdehlərə qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsində tikinti işləri aparılması ilə bağlı SOCAR-ın Təhlükəsizlik İdarəsi və SOCAR-ın Neft Kəmərləri idarəsinin əsassız müdaxiləsinin qanunsuz hesab edilməsi və belə hərəkətlərin gələcəkdə cavabdehlərə qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində üzərində ümumi sahəsi 80.4 kv.metr daşınmaz əmlak olan məqsədli təyinatı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxil 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçmişdir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № 1176763, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Bununla yanaşı, ona fərdi yaşayış evinin texniki pasportu da verilmişdir ki, həmin texniki pasportda da torpaq sahəsinin və evin planı öz əksini tapmışdır. Sözügedən texniki pasportdan görünür ki, torpaq sahəsinin ölçüləri 18 m x 33.3 m nisbətindədir. Həmin torpaq sahəsini 2014-cü ildə onlardan əvvəlki mülkiyyətçiyə dəyərini ödəyib Azərbaycan Respublikasının Qanunlarına uyğun şəkildə notariusda alqı-satqı edərək almış, daha sonra isə onun adına rəsmiləşdirmişlər. Həyat yoldaşı X2 1-ci Qarabağ müharibəsi qazisidir və səhhətinə görə heç yerdə işləmir. Ailələrini dolandırmaq məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsini təyinatına uyğun olaraq texniki pasportunda göstərilən ölçülərdə uzunluğu 33.3 metr, eni 18 metr olan sərhədlərini daş hasara alaraq sərhədləri daxilində təsərrüfat otaqları tikərək təsərrüfatla məşğul olmaq istəyirlər. Lakin, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tikinti işləri aparmaqlarına mane olurlar. Belə ki, SOCAR-ın Neft Kəmərləri İdarəsinin sifarişi tapşırığına əsasən, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Konstitusiyasında göstərilən Qanunları, İnsan Hüquq və Azadlıqlarını kobud şəkildə pozaraq heç bır qanuni əsas olmadan xüsusi mülkiyyətə müdaxilə edərək İXRAC NEFT BORU KƏMƏRİ üçün tətbiq edilən Nazirlər Kabinetinin 02.11,2004-cü il tarixli, 167 №li Qərarına istinad edərək guya xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin yaxınlığındakı ərazidən yeraltı keçən və İXRAC NEFT BORU KƏMƏRİ OLMAYAN BÖYÜKŞOR-SUMQAYİT KƏMƏRİNİN 33.3 metrliyində yerləşdiyini və mühafizə zonasına düşdüyünü iddia edərək, tikinti işləri aparmağına mane olurlar. SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşlarına həmin torpaq sahəsinin xüsusi mülkiyyətlə mənə məxsus olduğunu sübut edən Dövlət Əmlak Komitəsinin verdiyi Çıxarışı və texniki pasportu təqdim etsə də, onlar belə sənədi qəbul etmədiklərini və tanımadığını bildirərək tikintiyə mane oldular. Bundan sonra, o Çıxarış və texniki pasport ilə SOCAR-ın Baş İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq SOCAR-ın ona göndərdiyi xx.xx.2021-ci il tarixli məktubda da guya onun torpaq sahəsinin mühafizə zonasına düşdüyünü iddia edərək, tikinti işləri aparmağının qadağan olduğunu bildirdilər. Mehdiabad qəsəbəsi ərazisindən keçən SOCAR-ın 50 metr mühafizə zonası iddia və tələb etdiyi kəmərlərin 20-25 metrliyində 2004-cıı ildən sonra yüzlərlə evlər və obyektlər inşa edilmiş, hətta bəziləri heç bir qanuni hüquqi sənədi olmayan zəbt edilmiş torpaq sahələrində tikilmişdir. Nədənsə SOCAR onlara heç bir müdaxilə etməmişdir, əgər etmiş olsaydı o zaman həmin evlər və obyektlər tikilə bilməzdi. Həmin obyektlərdən biri Binəqədi-Balaxanı yolunda BÖYÜKŞOR-SUMQAYİT KƏMƏRİNİN 30-35 metrliyində Çıxarışlı torpaq sahəsində 2021-ci ildə tikilən “Ay Yıldız" obyektidir. Digəri heç bir qanuni hüquqi sənədi olmadan zəbt edilmiş torpaq sahəsində SOCAR-ın 50 metrlik mühafizə zonası tələb etdiyi yüksək təzyiqli yeraltı və yerüstü kəmərlərinin 30-35 metrliyində tikilən “Baxçasaray" otelidir. Nədənsə SOCAR bu obyektlərin tikilməsinə müdaxilə etməmişdir. SOCAR-ın əməkdaşlarının bu hərəkətlərindən sonra Dövlət Əmlak Komitəsinin 4 saylı Ərazi İdarəsinin məlumat şöbəsinə yaxınlaşıb SOCAR-ın qanunsuz hərəkətləri barədə onlara da məlumat vermişdir. Əmlak Komitəsindən ona bildirmişdilər ki, ona məxsus torpaq sahəsi mühafizə zonasına düşmüş olsaydı, o zaman həmin torpaq sahəsinə xüsusi mülkiyyəti bildirən Çıxarış verilməzdi, ona SOCAR-ın qanunsuz hərəkətlərindən məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsi, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 80.4 kv.m fərdi yaşayış evi İddiaçı Məmməd qızının mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində 173 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 31 oktyabr 2022-ci il tarixli, 10/6693 №-li rəydən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********26 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin 0,0373 ha hissəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin həmin ərazidən keçən yeraltı magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edildi. Ekspert rəyinə əlavə edilmiş görüntü-sxemdən mühafizə zonasına düşən torpaq sahəsində hər hansı tikinti yoxdur, boş torpaq sahəsidir. Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın(bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1ci maddəsində öz əksini tapmışdır. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 80.4 kv.m fərdi yaşayış evi dövlət reyestrindən verilən xx.xx.2017-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi qaz boru kəmərlərinin və neft boru kəmərinin mühafizə zonasında yerləşdiyindən iddiaçının orada tikinti işləri aparmasına cavabdeh hüquqi şəxslər icazə vermir. Həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına edilən müdaxilənin cavabdehlərə qadağan edilməsi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsində təyinatına uyğun olmaqla və qanunvericiliyin tələblərini gözləməklə müvafiq tikinti işləri aparmaq istəyir. Cavabdehlərin qeyd edilən hərəkətləri isə mülkiyyətçinin öz mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki,ekspert rəyinə əlavə edilmiş görüntüsxemdən göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mühafizə zonasına düşən sahəsində hər hansı tikinti yoxdur, boş torpaq sahəsidir.İddiaçı həmin sahəsini hasara almaq istəyir ki, həmin sahədən yardımçı məqsədlərlə istifadə etsin.Lakin, iş materiallarından göründüyü kimi cavabdehlər tərəfindən bu barədə iddiaçıya xəbərdarlıqlar edilmişdir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsində tikinti işləri aparılması ilə bağlı SOCAR-ın Təhlükəsizlik İdarəsi və SOCAR-ın Neft Kəmərləri idarəsinin əsassız müdaxiləsi qanunsuz hesab edilməli və belə hərəkətlər cavabdehlərə qadağan olunmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumuna görə pul cavabdehlərdən bərabər qaydada tutulub ona verilməli, məhkəmə xərci olaraq mütəxəssis rəyinə görə 95 manat məbləğində pul cavabdehlərdən bərabər qaydada tutulub iddiaçıya ödənilməli, məhkəmə xərci tikintitexniki ekspertizasının xərci olaraq 50 manat cavabdehlərdən bərabər qaydad tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsində tikinti işləri aparılması ilə bağlı SOCAR-ın Təhlükəsizlik İdarəsi və SOCAR-ın Neft Kəmərləri idarəsinin müdaxiləsi qanunsuz hesab edilsin və belə hərəkətlər cavabdehlərə qadağan olunsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumuna görə pul, mütəxəssis rəyi alınması üçün ödənilmiş 95 manat məhkəmə xərci cavabdehlərdən bərabər qaydada SOCAR-ın Təhlükəsizlik İdarəsindən 97,5 manat və SOCAR-ın Neft Kəmərləri idarəsindən 97,5 manat olmaqla tutulub İddiaçı ödənilsin. Məhkəmə xərci tikinti-texniki ekspertizasının xərci olaraq 50 manat cavabdehlərdən SOCAR-ın Təhlükəsizlik İdarəsindən 25 manat və SOCAR-ın Neft Kəmərləri idarəsindən 25 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3333/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3333/2022
29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver