Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3498/2021 26.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Kazımovun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Guseınov Gasanın iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 28 dekabr 2017-ci il tarixli AL-41 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsini, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28 dekabr 2017-ci il tarixli, AL-41 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 mart 2021-ci il tarixə 821,32 manat gecikdirilmiş əsas, 86,95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307,22 manat dəbbə pulu, 3880 manat dəymiş zərər olmaqla, cəmi 5095,49 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Guseınov Gasan iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli, AL-41 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən sonuncunun sifarişi ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA519514 ban, 211132762DFCX0173 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,68 manat, ümumilikdə isə 18704,54 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ümumilikdə ödənilməli olan 18704,54 manat pulun 14800 manatı əsas məbləği təşkil edir. 03 fevral 2018-ci il tarixdə X4, X2 və İddiaçı ASC arasında AL-41(1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 dekabr 2017-ci il tarixli AL-41 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 08 fevral 2018-ci il tarixdə X2, Cavabdeh və İddiaçı ASC arasında AL-41(2) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 dekabr 2017-ci il tarixli AL-41 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 04 mart 2021-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3880 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən Lizinq şirkətinə sonuncu ödəniş 28 yanvar 2021-ci il tarixdə 300 manat məbləğində olmuşdur. Eyni zamanda, Cavabdeh 28 dekabr 2017-ci il tarixli, AL-41 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 mart 2021-ci il tarixə 821,32 manat gecikdirilmiş əsas, 86,95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307,22 manat dəbbə pulu olmaqla, cəmi 1215,49 manat məbləğində borcu yaranmışdır. Odur ki, İddiaçı ASC ilə bağlanmış 28 dekabr 2017-ci il tarixli AL-41 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsini, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28 dekabr 2017-ci il tarixli, AL-41 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 mart 2021-ci il tarixə 821,32 manat gecikdirilmiş əsas, 86,95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307,22 manat dəbbə pulu, 3880 manat dəymiş zərər olmaqla, ümumilikdə 5095,49 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan baxılıb keçirilməsini və iddianın təmin edilərək qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 22.04.2014-cü il tarixli, AC № 227785 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-nin adına qeydiyyatdan keçmişdir. “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” X4 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli, AL-41 saylı lizinq müqaviləsindən görünür ki, lizinq verən bu müqavilədə göstərilmiş 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA519514 ban, 211132762DFCX0173 mühərrik nömrəli, qara rəngli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilə ilə müəyyən edilmiş pul məbləğini 48 ay müddətində İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən Lizinq müqaviləsinin ümumi məbləği 14800 manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə əsasən Lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə Lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişıərini ödəməlidir. Müqavilənin 9.1-ci bəndinə əsasən Lizinq alan Lizinq verənə məxsus olan tələb hüquqlarının və ya borcun güzəştinin tam və ya qismən üçüncü şəxslərə verilməsinə etiraz etmir. Bu halda Lizinq verən hüququların güzəşt edilməsi barədə dərhal Lizinq alana məlumat verməlidir. Müqavilənin 13.1-ci bəndinə əsasən lizinq haqqı vaxtında ödənilməzsə, onda alan gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 41 saylı Lizinq müqaviləsinə 3 saylı Əlavə-ödəniş cədvəlinə əsasən X4 illik 12 % olmaqla, 48 aylıq müddətə hər ay 389,68 manat, cəmi isə 18704,54 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 03 fevral 2018-ci il tarixli, AL-41(1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, X2 28 dekabr 2017-ci il tarixli AL-41 saylı “Daxili Lizinq” müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı ASC qarşısında tam həcmdə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 03 fevral 2018-ci il tarixli, AL-41(2) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, Cavabdeh 28 dekabr 2017-ci il tarixli AL-41 saylı “Daxili Lizinq” müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı ASC qarşısında tam həcmdə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 08.02.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh X1 istifadəsində olan və İddiaçı ASC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA519514 ban, 211132762DFCX0173 mühərrik nömrəli, qara rəngli avtomobili qəbul etmişdir. "xxxx" MMC (Azərmaş Servis) tərəfindən tərtib edilmiş 03.04.2021-ci il tarixli qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş, akt tərtib olunmuş və avtomobilə 3880 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. 07 aprel 2021-ci il tarixli, 226 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcun 7 gün ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 09 aprel 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh ona İddiaçı ASC tərəfindən ünvanlanmış məktubu almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İş materiallarından da göründüyü kimi, “Lizinq alan” hazırki iş üzrə Cavabdeh arasında 03 fevral 2018-ci il tarixli, AL-41(2) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, yəni lizinq alan lizinq obyektindən istifadə üçün nəzərdə tutulan şərtləşdirilmiş ödəniş haqqını ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-11-ci və 748-11.1-ci maddələrinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə ilə müəyyən edilmiş borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında öhdəliyini yerinə yetirməmiş və buna görə öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə 307,22 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əsas borcun məbləğinə nisbətdə cərimə pulu məbləğinin yüksək olduğunu nəzərə alaraq, 11,73 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. İstinad maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC ilə bağlanmış 28 dekabr 2017-ci il tarixli, AL-41 saylı “Daxili lizinq” müqaviləsinin tələblərini əhəmiyyətli dərəcədə pozduğuna görə, həmin müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən lizinq haqqı ödənilmədiyindən və İddiaçı ASC-nin bu barədə tələbi olduğundan, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, bağlanmış 28 dekabr 2017-ci il tarixli, AL-41 saylı “Daxili lizinq” müqaviləsinə xitam verilməli, 821,32 manat gecikdirilmiş əsas, 86,95 manat gecikdirilmiş mükafat, 11,73 manat cərimə borcu və 3880 manat dəymiş zərər olmaqla, cəmi 4800 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub, iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə bağlanmış 28 dekabr 2017-ci il tarixli, AL-41 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 821,32 (səkkiz yüz iyirmi bir manat, otuz iki qəpik) manat əsas məbləğ, 86,95 (səksən altı manat, doxsan beş qəpik) manat mükafat, 11,73 (on bir manat, yetmiş üç qəpik) manat cərimə və 3880 (üç min səkkiz yüz səksən) manat dəymiş zərər olmaqla, cəmi 4800 (dörd min səkkiz yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə verilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3498/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3498/2021
26.08.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver