Məhkəmə qərarları › İş №2(012)-425/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-425/2022

14.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-425/2022 14.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3178 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2021-ci il tarixə 560.21 manat gecikdirilmiş əsas, 323.97 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 387.66 manat dəbbə pulu, 7396 manat dəymiş zərər olmaqla, ümumilikdə 8667.84 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3178 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2020-ci il buraxılışlı, "xxxx" minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800122 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X5 illik 19 % hesablanmaqla 36 aylıq müddətinə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 17352 manat pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17352 manatın 13900 manatı əsas məbləğ təşkil edir. xx.xx.2021-ci il tarixdə X5, X7 və İddiaçı MMC arasında MAS-3178 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixli MAS-3178 saylı “Daxili lizinq müqaviləsi” üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-3178 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixli MAS-3178 saylı “Daxili lizinq müqaviləsi” üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan "xxxx" minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 7396 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə 300 manat olmuşdur. Eyni zamanda, cavabdehin “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2021-ci il tarixə 560.21 manat gecikdirilmiş əsas, 323.97 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 387.66 manat dəbbə pulu, ümumilikdə 1271.84 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilmişdir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesablanmaqla cərimə ödəməlidir. Eyni zamanda, qeyd edir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 9/1747 saylı rəyi ilə qismən razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, lizinq verən Azərmaş MMC ilə lizinq alan X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3178 saylı daxili lizinq müqaviləsinə əsasən, dəyəri 13900 manat olmaqla "xxxx" minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil olan lizinq obyekti lizinq alanın müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Müqavilə üzrə öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən, o, lizinq müqaviləsi üzrə öhdəlikləri lizinq alandan tam həcmdə təhvil almışdır. O, təxminən iki ay müddət əvvəl iddiaçıya yaxınlaşmış, avtomobili başqa şəxsə satmaq istəmişdir. Lakin ona avtomobil iddiaçıda qalacağı təqdirdə maşının dəyəri olaraq üzərinə faiz gəlməyəcəyi bildirilmişdir. İddiaçı tərəfindən tələb olunan avtomobilə dəymiş zərər, faiz və dəbbə pulu borcu ilə, eyni zamanda, mülki iş üzrə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 9/1747 saylı rəyi ilə razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD № 988721 saylı xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2020-ci il buraxılışlı "xxxx" minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil Azərmaş MMC-nin mülkiyyətindədir. -Lizinq verən Azərmaş MMC ilə lizinq alan X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3178 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 13900 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3100 manat lizinq ödənişini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, ödənilmiş 3100 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğ 36 ay müddətində illik 19 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Müqavilənin 2.2-ci bəndinə əsasən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqavilə, müqavilə şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam olunarsa lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır, lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır, bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilmiş lizinq ödənişi məbləğinə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Müqavilənin 8.1-ci bəndinə əsasən, lizinq verən bu müqavilə ilə lizinq obyektinin verilməsi müddətindən 30 təqvim günü keçdikdən sonra lizinq obyektini lizinq alana vermədikdə, lizinq verən lizinq alanı lizinq obyektinin bu müqavilə ilə şərtləşdirilmiş müddətlərdə gətirilməsinin mümkün olmadığını bildirdikdə digər uzadılmış müddət isə lizinq alanı qane etmədikdə müqavilə lizinq alanın təşəbbüsü ilə məhkəmə qaydasında ləğv edilə bilər. Müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, həmçinin, lizinq alanın sürücülük hüququndan məhrum edildikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu, onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən lizinq alanı 15 gün əvvəlcədən xəbərdar etməklə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. -Daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq obyektinin dəyəri 13900 manat olan "xxxx" minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. -Satıcı Azkron MMC, alıcı Azərmaş MMC, lizinq alan X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3178 saylı alqı-satqı müqaviləsinə 2 saylı əlavədən görünür ki, tərəflər bu təhvil-təslim aktını imzalayaraq alıcı lizinq obyekti olan "xxxx" minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili tam həcmdə, tələb olunan keyfiyyətdə və tərəflər arasında razılaşdırılmış qaydada, müddətdə satıcı tərəfindən təhvil verilməsini təsdiq etmiş, tərəflərin bir-birinə heç bir iddiaları yoxdur, bu aktın imzalanması ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyinə verilmişdir. -Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan X5 daxili lizinq müqaviləsi üzrə lizinq ödənişinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 395.89 manat, sonuncu ay isə 395.55 manat ödəməyi öhdəsinə götürmüşdür. -Azərmaş MMC ilə öhdəlikləri ötürən X5, öhdəlikləri qəbul edən X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3178 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X5 daxili lizinq müqaviləsi üzrə Azərmaş MMC qarşısında götürdüyü bütün öhdəlikləri qəbul edən X4 ötürməyi, X7 isə bu öhdəlikləri ötürən X3 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi öhdəsinə götürmüşdür. -Azərmaş MMC ilə öhdəlikləri ötürən X7, öhdəlikləri qəbul edən Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3178 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X7 daxili lizinq müqaviləsi üzrə Azərmaş MMC qarşısında götürdüyü bütün öhdəlikləri qəbul edən Cavabdeh ötürməyi, Cavabdeh isə bu öhdəlikləri ötürən X4 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi öhdəsinə götürmüşdür. -Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu haqqında aktdan görünür ki, Azərmaş MMC "xxxx" minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcu ödənilmədiyindən təhvil-təslimi aparılmış və avtomobil şirkətin duracağına yerləşdirilmişdir. -Azərmaş MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2021-ci il tarixli 1609 saylı xəbərdarlıqdan görünür ki, MMC daxili lizinq müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq etmişdir. -İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 2406 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3178 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 560.21 manat gecikdirilmiş əsas, 323.97 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 387.66 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 1271.84 manat borcu yaranmışdır. -Azərmaş MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, olan "xxxx" minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 7396 manat hesablanmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı MMC – adlı quruma VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, hüquqi ünvanı AZ1010 Bakı şəhəri Nəsimi rayonu S.Rəhimov küçəsi 195 saylı ev, qanuni təmsilçi X6 olmasına dair xx.xx.2017-ci il tarixli, **********294900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X8 xx.xx.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Nəcəfov X9 rayonu Məmmədli ərazi dairəsi Məmmədli kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1747 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı "xxxx" markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7396 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 5306,0 manat; Təmir-bərpa işlərinin qiyməti - 2090,0 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 1 il (2020-2021) istismarda olmuş dəyişilməli hissələrin qalıq eləyəri təxminən 5093,0 manat müəyyən edilmişdir: /5306,0-4%/ Nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı "xxxx" markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7183,0 manat müəyyən edilmişdir. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 747.1. maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli MAS-3178 saylı daxili lizinq müqaviləsinə əsasən, satıcı Azkron MMC-nin satdığı "xxxx" minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi lizinq verən Azərmaş MMC tərəfindən lizinq alan X2 müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq alan isə dəyəri 13900 manat dəyərində müəyyən edilmiş lizinq obyektinə görə 36 ay müddətinə hər ay 395.89 manat muzd haqqı ödənilmək şərtilə lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 146-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Mülki iş materiallarına əlavə olunmuş öhdəliklərin ötürülməsinə dair xx.xx.2021-ci il tarixli MAS-3178 saylı müqaviləyə əsasən, lizinq alan (öhdəliklərini ötürən) X5 lizinq müqaviləsi üzrə öhdəliklərini tam həcmdə öhdəlikləri qəbul edən şəxsə, X4, X7 isə hazırki iş üzrə Cavabdeh ötürmüş, sonuncu şəxs müqavilə üzrə öhdəlikləri tam həcmdə qəbul etməyi öhdəsinə götürmüşdür. Beləliklə də, iddiaçı Azərmaş MMC-nin daxili lizinq müqaviləsi üzrə borcun tutulmasına dair Cavabdeh münasibətdə tələb irəli sürməyə subyektiv hüququ yaranmışdır. Mülki Məcəllənin: 747-2. maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1. maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olaraq "xxxx" minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş və cavabdeh həmin avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 387.66 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə daxili lizinq müqaviləsi üzrə 560.21 manat əsas borc üzrə hesablanmış 387.66 manat cərimənin azaldılaraq 5 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. Mülki Məcəllənin: 748-1.8. maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12. maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-2.3. maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iddia tələbindən göründüyü kimi, cavabdehin, yəni lizinq alan Cavabdeh daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərini vaxtında ödəməməsi lizinq verənin lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsi hüququnu yaratmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli №1/2021 saylı Qərardadındakı hüquqi mövqeyə əsasən, 12. Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrıayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alğı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir. İddia tələbindən eyni zamanda, müəyyən olunur ki, lizinq obyekti olan "xxxx" minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 7396 manat hesablanmışdır ki, bu da mülki iş materiallarına əlavə olunmuş qüsur aktı ilə öz təsdiqini tapmışdır. Avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyərinin qeyd olunan tarixə bazar qiymətinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1747 saylı rəyi ilə nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı "xxxx" markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7183,0 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mülki iş materialları ilə paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi qəbul edir və avtomobilə 7183 manat zərərin dəyməsi qənaətinə gəlir. Eyni zamanda, mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30.40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaiti cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3178 saylı Daxili lizinq müqaviləsi ləğv edilməli, cavabdehdən daxili lizinq müqaviləsinə əsasən 560.21 manat gecikdirilmiş əsas, 323.97 manat gecikdirilmiş mükafat və 5 manat dəbbə pulu, dəymiş zərərə görə 7183 manat olmaqla, ümumilikdə cəmi 8072.18 manat pul vəsaiti və ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3178 saylı Daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3178 saylı Daxili lizinq müqaviləsi üzrə 560.21 (beş yüz altmış manat iyirmi bir qəpik) manat gecikdirilmiş əsas, 323.97 (üç yüz iyirmi üç manat doxsan yeddi qəpik) manat gecikdirilmiş mükafat, 5 (beş) manat dəbbə pulu, dəymiş zərərə görə 7183 (yeddi min yüz səksən üç) manat olmaqla, ümumilikdə cəmi 8072.18 (səkkiz min yetmiş iki manat on səkkiz qəpik) manat pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar