Məhkəmə qərarları › İş №2(012)-35/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-35/2022

18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-35/2022 18.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh İDF-Mənzil Servis Mənzil Tikinti Kooperativinə qarşı qanunsuz açılmış giriş qapısının bağlanması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İDF-Mənzil Servis Mənzil Tikinti Kooperativinə qarşı qanunsuz açılmış giriş qapısının bağlanması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətdə olan Abşeron rayonu, Masazır kəndi, ev 2F, «Yeni Bakı» yaşayış kompleksində, birinci mərtəbədə yerləşən 36 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin çıxıntılı pilləkən hissəsinə açılmış digər obyektin qapısının bağlanması, ona dəymiş 20200 manat maddi və 2000 manat mənəvi ziyanın, ümumilikdə isə 22200 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi-vəkili X7 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə çıxıntılı pilləkənə açılmış qapının bağlanaraq əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili X7 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, ev 2F, «Yeni Bakı» yaşayış kompleksində, birinci mərtəbədə yerləşən 36 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi 07.10.2019-cu il tarixli ********** reyestr nömrəsi ilə qeydə alınmış çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Adıçəkilən qeyri-yaşayış sahəsi, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 01.03.2019-cu il tarixli «Kooperativ üzvlük» müqaviləsi əsasında əldə edilmişdir. İddiaçı adıçəkilən müqavilə üzrə cavabdeh tərəfindən müəyyən edilmiş 38,42 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 35000 manat pul vəsaitini cavabdehə ödəyərək, yuxarıda qeyd olunan əmlaka tam hüquq əldə etmişdir. Bu əmlakı cavabdehdən alarkən, cavabdeh İddiaçı binanın eskiz sənədlərinə baxış keçirməsinə imkan yaratmış və qeyri-yaşayış sahəsini ona satdığı zaman əmlakın qarşısında çöl tərəfində yerləşən çıxıntılı pilləkən hissəsindən yalnız onun və onun əmlakından istifadə edən şəxslər üçün nəzərdə tutulduğunu bildirmişdir. İddiaçı kifayət qədər külli miqdarda vəsait xərcləyərək, satın aldığı əmlakı təmir etdirib orada fəaliyyətə başlamışdır. Bu yaxınlarda əmlakını istifadəyə verdiyi şəxs İddiaçı ilə əlaqə saxlayaraq, çıxıntılı pilləkən hissəsinin qarşısında olan divarda quraşdırdığı kondisionerin sökülərək digər hissədə quraşdırıldığını və divarın aşağı hissəsindən, qonşuluqda yerləşən qeyriyaşayış sahəsinə giriş qapısının açıldığını İddiaçı bildirmişdir. İddiaçı olanlara inanmadığından, dərhal əmlakının yerləşdiyi əraziyə getmiş və orada olanların həqiqət olduğunun şahidi olmuşdur. Bununla bağlı İddiaçı cavabdehin rəhbər şəxslərinə müraciət edərək, hansı səbəbdən onun aldığı əmlakın qarşısında qanunsuz qapının açıldığını, ona məxsus olan kondisionerin onun məlumatı və razılığı olmadan sökülərək digər divarda quraşdırıldığını soruşduqda, İddiaçı heç bir cavab verilmədən, göstərilənlərin məhz həmin yerin başqa şəxsə satıldığından etdikləri bildirilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmiş, orada bu qapının hansı sənəd əsasında açıldığını aydınlaşdırmışdır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müraciətinə cavab olaraq ünvanlanmış 20.09.2019-cu il tarixli 1483 saylı məktubunda İddiaçı məxsus qeyri-yaşayış obyektinin qarşısında çıxıntılı pilləkən hissəsinə hər hansı digər obyektin qapısının açılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilmədiyi qeyd olunmuşdur. Əlavə olaraq, çoxmənzilli yaşayış binalarının konstruksiyalarında özbaşına dəyişikliklər olması qadağandır. Ərizədə qeyd edilən əlavə qapı açılmasına cəhd göstərildiyi təqdirdə dərhal məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 20.09.2019-cu il tarixli 1483 saylı məktubundan da göründüyü kimi, İddiaçı məxsus qeyri-yaşayış obyektinin qarşısında çıxıntılı pilləkən hissəsinə hər hansı digər obyektin qapısının açılması üçün cavabdeh və ya 3-cü şəxslər tərəfindən Rayon İcra Hakimiyyətinə müraciət olunmamış və buna dair heç bir icazə sənədi verilməmişdir. Təqdim edilmiş məktubdan da göründüyü kimi, çoxmənzilli yaşayış binalarının konstruksiyalarında özbaşına dəyişikliklər olmasının qadağan olunmasına baxmayaraq, cavabdeh çoxmənzilli yaşayış binalarının konstruksiyasında özbaşına dəyişikliklər etməklə, İddiaçı bir mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozmuşdur. Eyni zamanda, cavabdeh İddiaçı aldadaraq, aldığı obyekti ona satdığı zaman, orada təmir etməyini gözləmiş və bundan sonra qonşuluqda olan obyektin giriş qapısını istifadə etdiyi çıxıntılı pilləkən hissəsində yerləşən divarda açmışdır. Cavabdehin bu cür qanunsuz hərəkətləri iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı özünü aldadılmış kimi hiss etməklə iztirablar keçirmiş, həmin iztirablar nəticəsində əsəbləri korlanmış, səhhətində başqa dəyişikliklər əmələ gəlmişdir. Bunun nəticəsində, cavabdeh İddiaçı mənəvi ziyan vurmuşdur. Eyni zamanda, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini istifadəyə götürmüş şəxs artıq həmin sahəni qaytarmaq niyyətindədir. Buna səbəb kimi isə qonşuluqda yerləşən obyektin qapısının ona məxsus əmlakın qarşısında yerləşən çıxıntılı pilləkəndən açılmasıdır. Artıq iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini satmaq istədiyi üçün, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan müxtəlif şəxsləri obyektə baxış keçirmələri üçün dəvət etmiş və iddiaçıya cavabdehlə bağladığı müqavilədə əmlakının sahəsinin 38,42 kv.m olduğu göstərilsə də, çıxarışda 36 kv.m. kimi göstərildiyi bildirilmişdir. Eyni zamanda, kiçik ölçülü pilləkəndə ikinci obyektin qapısının açılması İddiaçı mülkiyyətində olan sahənin dəyərini xeyli azaltmışdır. Belə ki, 35000 manat ödəyərək satın aldığı əmlaka dair «Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair» verilmiş 01/36590 saylı arayışda xüsusi mülkiyyətinə verilmiş əmlak 28000 manat qiymətləndirilmişdir. Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslər də İddiaçı qonşuluqda yerləşən obyektin qapısının açılmadığı təqdirdə onun sahənin dəyərinin içindəki əşyaları ilə birlikdə 70000 manat təşkil etdiyi halda, hazırda bu dəyərinin 50000 manat belə təşkil etmədiyi bildirmişdir. Daha sonra qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçının icazəsi və razılığı olmadan kondisioneri sökülərək yerinin dəyişdirilməsi nəticəsində, kondisionerinə ziyan dəymiş, içində olan maye qaz tam olaraq axıdılmış və iddiaçı məcburiyyət qarşısında qalaraq kondisioner ustasını dəvət edib onu yenidən işlək vəziyyətə salması üçün 200 manat vəsait ödəmişdir. Qeyd etdiyi kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya külli miqdarda maddi ziyanla yanaşı mənəvi ziyan da vurulmuşdur. Cavabdehin yuxarıda göstərilən qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 2000 manat mənəvi ziyan və 20200 manat maddi, ümumilikdə isə 22200 manat maddi və mənəvi ziyan dəymişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 18.02.2020-ci il tarixlinə təyin edilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh İDF Mənzil Servis MTK-nın nümayəndəsi-vəkili X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, layihədə qapının açılması nəzərdə tutulmuşdur. Qapının əvvəllər layihəyə uyğun açılmamasının səbəbi həmin sahənin iddiaçı tərəfindən MTK-dan alıb obyektinə birləşdirməsi barədə razılığı olmuşdur. Lakin iddiaçı sonradan həmin sahəni almaqdan imtina etmişdir. Bu səbəbdən də, həmin yerdən qapı sonradan açılmışdır. İddiaçıya satılmış sahənin ölçüsündə zidiyyət olmamışdır. Cavabdeh İDF-Mənzil Servis Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X13 MMC ilə alıcı İddiaçı arasında bağlanmış 31.03.2016-cı il tarixli YB/2F-Q21 saylı qeyri-yaşayış müqaviləsindən görünür ki, müqavilə ilə alıcı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri tam ödənildikdən sonra X13 MMC-nin Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi Yeni Bakı yaşayış kompleksində yerləşən 2-ci blok 1-ci mərtəbədə ümumi sahəsi 38.42 kv.m olan bir kv.m-nin dəyəri 910.98 manat olan qeyri-yaşayış sahəsinə görə 35000 manatı satıcıya verməyi öhdəsinə götürmüşdür. -Abşeron Rayon İcra Hakimiyyətinin 20.09.2019-cu il tarixli 1483 saylı məktubundan görünür ki, İddiaçı məxsus qeyri-yaşayış obyektinin qarşısında çıxıntılı pilləkən hissəsinə hər hansı digər obyektin qapısının açılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməmişdir. Əlavə olaraq bildirilir ki, çoxmənzilli yaşayış binalarının konstruksiyalarında özbaşına dəyişikliklər olması qadağandır. Ərizədə qeyd edilən əlavə qapı açılmasına cəhd göstərildiyi təqdirdə dərhal məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Daşınar əmlakın real bazar qiymətinin müəyyənləşdirilməsinə dair 07.10.2019-cu il tarixli 01/36590 saylı arayışdan görünür ki, aparılmış qiymətləndirmə nəticəsində ünvan 2 ünvanında yerləşən 2F saylı binada ümumi sahəsi 36 kv.m olan 1 otaqlı qeyri-yaşayış sahəsi bazar dəyəri üçn əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla həmin tarixə bazar dəyəri 28000 manat müəyyən edilmişdir. -Cavabdeh ilə X13 MMC-nin Abşeron rayonu Masazır kəndi ünvanında inşa etdiyi Yeni ünvan 3.m olan Q21 saylı mənzilin mülkiyyətçisi İddiaçı arasında bağlanmış 01.03.2019-cu il tarixli kooperativ üzvlük müqaviləsindən görünür ki, İddiaçı kooperativ üzvü olmaqla müqavilə üzrə tərəflər öhdəliklərin yerinə yetirilməsini öhdələrinə götürmüşlər. Belə ki, həmin müqavilənin predmetini kooperativ üzvünün tapşırığı ilə kooperativin iş və xidmətlərin görülməsi üzrə funksiyaları öz üzərinə götürməsi təşkil edir. -X13 MMC ilə alıcı X8 arasında bağlanmış 11.09.2019-cu il tarixli YB/2F-Q25/1 saylı qeyri-yaşayış müqaviləsindən görünür ki, müqavilə ilə alıcı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri tam ödənildikdən sonra X13 MMC-nin Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi Yeni Bakı yaşayış kompleksində yerləşən 2-ci blok 1-ci mərtəbədə ümumi sahəsi 34.98 kv.m olan bir kv.m-nin dəyəri 800.46 manat olan qeyri-yaşayış sahəsinə görə 28000 manatı satıcıya verməyi öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 04.10.2019-cu il tarixli **********41-05***-******* saylı texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 2F saylı bina İddiaçı mülkiyyətindədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 2F saylı binada yerləşən 36 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********41-05330-083002 reyestr nömrəsi ilə 07.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş üç ədəd fotoşəkildən görünür ki, fotoşəkildə Nur-Süfrə Lahmacun kafesi əks olunmaqla, kafedən sol tərəfdə yerləşən divar üzərində yuxarıda kondisioner quraşdırılmış, digər şəkillərdə isə həmin kafedən sol tərəfdə yerləşən divar dağıdılaraq həmin divar üzərində quraşdırılmış kondisioner isə bir qədər daha yuxarı yerləşdirilmişdir. -Abşeron Rayon İcra Hakimiyyətinin 15.10.2019-cu il tarixli 1635 saylı məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihə sənədlərində 2 saylı binanın 1-ci mərtəbəsindəki 7 oxu ilə j oxu arasındakı çıxıntıda qapı boşluğu nəzərdə tutulmamışdır. Odur ki, İddiaçı məxsus qeyri-yaşayış obyektinin çıxışının şərq tərəfində açılmış qapı çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının konstruksiyasında özbaşına edilmiş dəyişiklikdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MTK – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 16.05.2017-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1006, Bakı şəhəri Yasamal rayonu X5 ev 9 mənzil 13 ünvanıdır. -Bakı-Nəsimi RPİ tərəfindən verilmiş 26.04.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu A.D.Qurbanov küçəsi dalan 1, 5 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2021-ci il tarixli 10/3624 saylı rəyindən görünür ki, 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş 1-ci sualla əlaqədar qeyd olunur ki, "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi binaya dair layihə sənədləri təqdim edilmədiyindən (bu barədə 27.07.2021-ci il tarixli vəsatət verilmişdir), Abşeron rayonu, Masazır kəndi, ev 2F, “Yeni Bakı” yaşayış kompleksində, birinci mərtəbədə yerləşən 36 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin çıxıntılı pilləkən hissəsinə açılmış digər obyektin qapısının "xxxx" Mənzil Tikinti Kooperativinin tikinti layihəsində nəzərdə tutulub-tutulmadığını müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin, binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihə-smeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Lakin tədqiq olunan binanın layihə sənədləri təqdim edilmədiyindən, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən pilləkən meydançasına açılmış qapı yerinin layihə sənədlərinə və tikinti-texniki normalara uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra görünür ki, tədqiqat Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksində, 2F saylı evin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmışdır. Tədqiqatın aparılması üçün həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi sahəyə baxış keçirilərək ölçü işləri aparılmış və mülki iş materiallarının məlumatlarından istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 59-cu maddəsinin İ. bəndinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. İİ. bəndinə əsasən dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı X13 MMC ilə bağladığı 31.03.2016-cı il tarixli YB/2F-Q21 saylı qeyri-yaşayış müqaviləsinə əsasən, Abşeron rayonu Masazır qəsəbəsində inşa edilmiş Yeni Bakı yaşayış kompleksində 2-ci blok 1-ci mərtəbədə yerləşən 2F saylı binada ümumi sahəsi 38.42 kv.m olan qeyri-yaşayış sahəsini 35000 manata almış və cavabdeh İDF Mənzil Servis MTK ilə bağladığı 01.03.2019-cu il tarixli müqaviləyə əsasən isə, təşkilatihüquqi forması dəyişilərək MTK-ya çevrilmiş hazırki iş üzrə cavabdehə üzvlük əldə etmişdir. Mülki iş materiallarında olan müqavilələrdən görünür ki, iddiaçı sözügedən qeyriyaşayış sahəsini sahibkarlıq fəaliyyəti məqsədilə əldə etmiş və həmin obyektə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişdir. Belə ki, həmin çıxarışa əsasən, iddiaçı müqavilə əsasında aldığı 38.42 kv.m olan, lakin çıxarış əsasında 36 kv.m müəyyən edilmiş qeyriyaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********41-05330-083002 reyestr nömrəsi ilə 07.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan fotoşəkillərdən də göründüyü kimi, iddiaçının müqavilə əsasında satın aldığı qeyri-yaşayış obyektində kafe fəaliyyət göstərmiş, həmin kafedən sol tərəfdəki divarda yuxarı hissədə kondisioner quraşdırıldığı halda, həmin yerin sonrakı vəziyyəti dəyişilmiş, divar deşilərək dağıdılmış, quraşdırılmış kondisioner isə daha yuxarıya yerləşdirilərək, nəticədə, müqavilə üzrə öhdəliklər pozulmuşdur. Belə ki, qeyri-yaşayış sahəsinin konstruksiyasında dəyişiklik edilmədiyi halda hazırki vəziyyətdə dəyişiklik edilərək qanunvericiliyin tələblərinin cavabdeh tərəfindən pozulması mülki iş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyətinin 20.09.2019-cu il tarixli 1483 saylı məktubunda da öz əksini tapmışdır. Həmin məktuba əsasən, İddiaçı məxsus qeyri-yaşayış obyektinin qarşısında çıxıntılı pilləkən hissəsinə hər hansı digər obyektin qapısının açılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədinin verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də hazırda, İddiaçı ona məxsus obyektin çıxıntılı pilləkən hissəsinə açılan digər obyektin qapısının sökülərək əvvəlki vəziyyətə gətirilməsinə və buna dair ona vurulmuş maddi və mənəvi ziyanın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmçinin, Mənzil Məcəlləsinin: 23.1. maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli № 160 saylı Qərarına əsasən, 1.1. Respublika ərazisində yeni tikilən bina və qurğuların, mühəndis-nəqliyyat təminatı obyektlərinin yer üzərində yerləşdirilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri əsasında layihələşdirilməsi və inşa edilməsi qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməlidir. 4.1. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 5. Yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunmalı və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmalıdır. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, yaşayış binasının yenidən qurulmasını zəruri edən şərtlər mövcuddur və onun həyata keçirilməsi tikinti norma və qaydalarına uyğun olaraq səlahiyyətli qurumun qərarı əsasında həyata keçirilir ki, ilkin olaraq yaşayış sahəsinin mülkiyyətçisi və ya səlahiyyətli şəxsi qanunla nəzərdə tutulmuş sənədləri həmin quruma təqdim etməlidir. Hazırki iş üzrə mülki iş materiallarından da göründüyü kimi, iddiaçı müqavilə əsasında satın aldığı qeyri-yaşayış sahəsində fəaliyyət göstərən obyektinə məxsus çıxıntılı pilləkən quraşdırılmış və həmin pilləkənə doğru gedən divarda hər hansı icazə olmadan qapı quraşdırılmışdır ki, bununla da qeyriyaşayış sahəsinin konstruksiyası pozulmuşdur. Buradan da, iddiaçının mülkiyyət hüququnun pozulduğu açıq-aydın bəlli olur. Mülki Prosessual Məcəllənin: 87.1 maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2. maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mülki iş üzrə iddiaçıya satılmış qeyri-yaşayış sahəsinə məxsus çıxıntılı pilləkən hissəsinə açılmış qapının cavabdehin layihə sənədlərində nəzərdə tutulub-tutulmadığını müəyyən etmək məqsədilə, məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 26.11.2021-ci il tarixli 10/3624 saylı rəyinə əsasən, tədqiqat Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksində, 2F saylı evin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış, tədqiqatın aparılması üçün həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi sahəyə baxış keçirilərək ölçü işləri aparılmış və mülki iş materiallarının məlumatlarından istifadə edilmişdir. Lakin tədqiq olunan binanın layihə sənədləri təqdim edilmədiyindən, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən pilləkən meydançasına açılmış qapı yerinin layihə sənədlərinə və tikinti-texniki normalara uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə baxmayaraq vəsatət təmin edilmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamış, məhkəməyə daxil olmuş sonuncu rəyə əsasən isə ekspert tədqiqat oobyektinə baxış keçirməsinə baxmayaraq cavabdeh tərəfindən layihə sənədləri təqdim edilməməsi səbəbindən mülki iş materiallarına istinad edərək rəy vermişdir ki, məhkəmə bütün bu halları – yəni cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə süni şəkildə maneə yaradılmasını, həmçinin ekspert rəyinin bu səbəbdən dəqiq rəy verilməsinin mümkünsüzlüyünü nəzərə almış, beləliklə də, məhkəmə Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərinə istinad edərək ekspertiza təyin edilmiş faktı iddia tələbinin təmin olunması nəticəsi kimi qiymətləndirilməsi qənaətinə gəlmişdir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı iddia tələbində mənəvi sarsıntı, iztirablar keçirməsinə əsas olan mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə, İddiaçı cavabdeh tərəfindən ona vurulmuş 20200 manat maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən həqiqətən də həmin məbləğdə maddi ziyanın vurulmasına dair mötəbər, təkzib olunmaz sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə iddia tələblərini bu hissədə də əsassız hesab edib təmin etmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X2 haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları və qanunvericiliyin tələblərini məcmu şəkildə qiymətləndirərək qeyd edir ki, iddia ərizəsi qismən təmin edilməli, ünvan 6 ünvanı Yeni Bakı yaşayış kompleksi 1-ci mətəbə 2-ci blokda yerləşən qeyri-yaşayış sahəsinin çıxıntılı pilləkən hissəsinə açılmış digər qapı bağlanaraq cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaitinin 50 manat hissəsi iddiaçının özünə, 50 manat hissəsi isə cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. ünvan 6 ünvanı Yeni Bakı yaşayış kompleksi 1-ci mərtəbə 2-ci blokda yerləşən qeyriyaşayış sahəsinin çıxıntılı pilləkən hissəsinə açılmış digər qapı bağlanaraq cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılsın. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaitinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh-dan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar