Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-356/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixdə ödənilməli olan 44 500 ABŞ dolları məbləğin hazırki məzənnəsi 75 650 manatın müqavilə üzrə ödənilməli tarixdə ödənilməməsi ilə bağlı illik 5% olmaqla 7565 manat, əldən çıxmış fayda üçün 30 260 manat, cavabdeh tərəfindən borcun vaxtında ödənilməməsi ilə bağlı iddiaçının keçirdiyi əsəb sarsıntıları ilə bağlı mənəvi ziyan üçün 10 000 manat olmaqla, cəmi 47 825 (qırx yeddi min səkkiz yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2016-cı il tarixdə notariat qaydada borcun etirafı haqqında müqavilə bağlanmış və cavabdeh iddiaçıdan götürdüyü 44 500 ABŞ dolları borc məbləğini yuxarıda göstərilən müqavilə üzrə xx xxxx 2018-il tarixədək qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borcunu ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı verilmiş borc məbləğinin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 4529/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiasının təmin edilərək, Cavabdeh 44500 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə verilməsi, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ilk iddia üzrə cavabdehdən tutulub iddiaçıya verilməsi, Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-888/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 4529/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir, lakin keçən müddət ərzində cavabdeh qərəzli olaraq qətnaməni icra etməmişdir. Bununla bağlı İcra qurumları tərəfindən müvafiq tədbirlər görülmüş və görülməkdədir. Lakin, cavabdeh yenə də bəhanələr edir, müxtəlif yollarla qanunun tələbin pozaraq qətnaməni icra etmir. Cavabdeh iddiaçıdan aldığı borc məbləğini vaxtında ödəməməklə iddiaçını kifayət qədər ziyana salmışdır. Belə ki, iddiaçı sahibkardır, əczaçılıq sahəsində fəaliyyəti göstərir, mal idxal edir və 44 500 ABŞ dolları (hazırki məzənnə ilə 75 650 manat) məbləğində pul vəsaiti bir sahibkarın işlərinin dövriyyəsi və qazancının artması üçün böyük məbləğdir. Cavabdehin həmin pul vəsaitini vaxtında ödəməməsi iddiaçının əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki iddiaçı qeyd olunan pul vəsaiti ilə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuş, əldə edə biləcəyi faydanı qazana bilməmişdir. Beləliklə də iddiaçıya real zərər dəymişdir. Bundan başqa cavabdeh aldığı pulu vaxtında qaytarmamaqla nəinki iddiaçıya maddi ziyan vurmuş, o cümlədən keçən müddət ərzində məhkəmə çəkişmələrinin olması, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsi iddiaçının psixoloji və mənəvi cəhətdən sarsıntı keçirməsinə, stress yaşamasına səbəb olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona xx xxxx 2018-ci il tarixdə ödənilməli olan 44 500 ABŞ dolları məbləğin hazırkı məzənnəsi 75 650 manatın müqavilə üzrə ödənilməli tarixdə ödənilməməsi ilə bağlı illik 5% olmaqla 7565 manat (75 650 x 5 : 100= 3782,5 x 2 il = 7565), əldən çıxmış fayda üçün 30 260 (75 650 x 20 : 100=15 130 x 2 il=30 260), cavabdeh tərəfindən borcun vaxtında ödənilməməsi ilə bağlı keçirdiyi əsəb sarsıntıları ilə bağlı mənəvi ziyan üçün 10 000 manat məbləğində pul vəsaiti cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi X3 da iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyib təmin edilməməsini məhkəmədən xahiş etdi.Belə ki, borcu birdəfəyə qaytarmaq imkanı olmadığından , tələb əmlaklarına yönəlmişdir, hissə-hissə borcunu ödəyir. Borclu olduğu 44.500 ABŞ dollarından tələbkara xx.xx.2020-ci il tarixdə 16470 ABŞ dolları və xx.xx.2020-ci il tarixdə 2353 ABŞ dolları pul ödəmişdir. Maddi cəhətdən problemləri olduğundan yerdə qalan 25677 ABŞ dollarını ödəyə bilmir və onun hissə-hissə ödənilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarından olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4529/2018 nömrəli qətnaməsindən müəyyən edilir ki, ilkin iddianın təmin edilməsi, Cavabdeh 44500 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə verilməsi, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ilk iddia üzrə cavabdehdən tutulub iddiaçıya verilməsi, qarşılıqlı iddiasının rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Mülki iş materiallarından olan Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-888/2019 nömrəli qətnaməsindən müəyyən edilir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 4529/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Mülki iş materiallarından olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4460/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından müəyyən edilir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-888/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin materiallarından görünür ki, qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndən sonra Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. İşin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixli qərarla borclunun əmlakının axtarılması barədə icra məmuru qərar qəbul etmişdir. Bundan sonra borclunun aşkar olunan Abşeron rayonu Göradil kəndində yerləşən iki ədad 0.06 ha. torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb həmin əmlaklara yönəldilmişdir. Bundan sonra borclu qeyd edilən borcundan 16 470 ABŞ dollarını xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə 2353 ABŞ dolları pul tələbkara qaytarmış və bu barədə qəbz vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti başa çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin illik 5% olmaqla 7565 manat, əldən çıxmış fayda üçün 30 260 manat hissəsi üzrə cavabdeh tərəfindən iddiaçıya məxsus borc pul məbləğindən hər hansı şəkildə faydalanması və ya həmin məbləği əsassız əldə edilməsi sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, borc pulun nəzərdə tutulan vaxtda iddiaçıya qaytarılmaması, nəticədə iddiaçının borc pulun geri qaytarılması üçün məhkəməyə müraciət etməsi və iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi, onun icraya yönəldilməsi və göründüyü kimi borc məbləğinin hələ də cavabdeh tərəfindən tam ödənilməməsi halı özü-özlüyündə iddia tələbinin mənəvi zərər hissəsində tələb hüququnun əsaslı olması nəticəsinə gəlməyə əsas verir. Bununla belə məhkəmə cavabdehin borclu olmasını, lakin borcunu ödəməyə təşəbbüs göstərməsini, artıq bir qismini ödəməsini,əmlak vəziyyətini nəzərə alıb, mənəvi zərərin məbləğinin 2000 manat məbləğində qiymətləndirilməsini lazım bilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 2000 manat məbləğində pul tutulmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. X4 10-cu bəndinə əsasən mənəvi zərərin miqları işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntılrının xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə, işin sair diqqətə layiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mənəvi zərərə görə 2000 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu üçün 30 manatın 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 2000 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin, qalan hissədə iddia təmin edilməsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-356/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-356/2021
17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver