Məhkəmə qərarları › İş №2(012)-365/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-365/2021

10.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-365/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxx» MMC-nin vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» MMC-nə qarşı «maddi ziyanın ödənilməsi və əmək haqqı kartının cavabdehdən alınması» tələbinə dair mülki işə 10 iyun 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC tərəfindən ona vurulan 14000 manat maddi ziyanın (2016-cı il tarixdən bu günədək ödənilməyən əmək haqqının) ödənilməsi və əmək haqqı kartının cavabdeh təşkilatdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh "xxxx” MMC-dən ona çatası 15000 manat əmək haqqının, əmək haqqını qanunsuz saxladığına görə hər gün üçün 3% ödəncin, Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 500 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun və qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, 19 aprel 2016-cı il tarixdən cavabdeh təşkilatla əmək müqaviləsi bağlamaqla, bu əmək müqaviləsi üzrə də həmin təşkilatda "ekspeditor" vəzifəsinə işə qəbul edilmişdir. Bağlanmış əmək müqaviləsinə görə ona hər ay 250 manat əmək haqqı verilməli idi. İşlədiyi müddət ərzində işin öhdəsindən layiqincə gəlmiş və üzərinə düşən öhdəliyi bir ekspeditor kimi həmişə vaxtında yerinə yetirmişdir. İstifadəsinə verilmiş nəqliyyat vasitəsilə sürücü şofer Fərruxla birlikdə lazımı məntəqələrə gedib, malları paylamış və xidməti işlərini də yüksək səviyyədə icra etmişdir. Cavabdeh bu təşkilata heç bir borcu və kəsiri yaranmamışdır. “xxxx" MMC-də işlədiyim dövr üçün ona əmək haqqı hesablanmış, bu barədə adına bank kartı olmasına baxmayaraq həmin kart və o karta vurulan ona çatası əmək haqqı ona ödənilməmişdir. Şirkət tərəfindən ona əmək haqqı ayrılmasını bu barədə elektron sistemdən çıxarışı əldə etdikdən sonra məlumatlı olmuşdur. Bu barədə xəbəri olduqdan sonra 15.07.2020-ci il tarixli ərizə ilə “xxxx” MMC-nin rəbərliyinə müraciət edərək ona çatası əmək haqqının ödənilməsini xahiş etsə də onun ərizəsini cavabsız qoymuşlar. Hal-hazırda onunla şirkət arasında əmək müqaviləsi davam edir. Lakin yenə də şirkət ona çatası əmək haqqını ödəməməklə-hərəkətsizlik göstərir. Hətta onunla birgə sürücü işləyən X1 da müqavilə üzrə çatası olan əmək haqqı ödənilməmişdir. Onunla şirkət arasında olan şifahi razılaşmaya əsasən satılan malların müəyyən faizindən əldə olunan gəlirlə o həm şirkətə məxsus olan malları satmalı, bu malları satarkən avtomobilə benzini tökməyi və sürücüyə də əmək haqqını onun ödəməyini bildirmişdilər. Qeyd etmək istəyir ki, qanunla-əmək müqaviləsi üzrə bizə çatası əmək haqqları hələ də bu günədək onlara ödənilməmişdir. “xxxx" MMC rəsmi olaraq işlədiyi əmək müqaviləsinin bağlandığı tarix 19.04.2016-cı ildəndir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000101 nömrəli əmək müqaviləsi bildirişindən də görünür ki, əmək müqaviləsi bildirişi 13.09.2019-cu ildə sistemə daxil edilmişdir. Əmək müqaviləsi 19.04.2016-cı il tarixdən müddətsiz olaraq bağlanmışdır. İşçinin aylıq əmək haqqının məbləği 250 manatdır. Aylıq əmək haqqının 250 manat olması səbəbi ilə göstərilən düsturla “xxxx” MMC-nin ona olan bu günki borcunu göstərməyə çalışacaqdır. Əmək müqaviləsinin bağlanma tarixi-19.04.2016-hazırki tarix-19.04.2021 işlədiyi dövr 5 il (5il x l2 ay= 60 ay), yəni 60 aydır. 60 ay hər ay 250 manat əmək haqqı hesablandığından 60 x 250=15000 manat edir. Cavabdeh təşkilat “xxxx” MMC' ona çatası əmək haqqını mənimsəyərək vaxtında ona ödəməmişdir buna görə də qanunvericiliyin tələbinə görə hər gün üçün 1 % əlavə haqq ödəməlidir. Həmçinin cavabdeh ona məxsus olan pul vəsaitini qanunsuz olaraq saxladığından qanunvericilikə müəyyən edilmiş illik 5% məbləğində haqqı da ödəməlidir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «xxxx» MMC-nin vəkili-nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, «xxxx» MMC özəl müəssisə olduğundan və İddiaçı ekspeditor olduğuna görə iddiaçıya vəzifə maaşından kənar əlavə ödənişlər edilmişdir. Əlavələrin həcmi iddiaçının satdığı və ya payladığı məhsulun həcminə əsasən dəyişirdi. İddiaçıya artq 1200, 1300 və ya 1600 manat məbləğədək ödəniş edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçının maaş kartına son haqq hesab ödənilmişdir. Həmdə iddiaçıya indiyədək 3009,79 manat əmək haqqı hesablanaraq ödənilmişdir. Məhkəmə iclasına şahid qismində cəlb edilmiş X3 ifadəsində bildirdi ki, o, 2016-cı ilin aprel ayında cavabdeh təşkilat ilə əmək müqaviləsi bağlayaraq ekspeditor vəzifəsində işləməyə başlamışdır. Əmək müqaviləsinə əsasən, ilkin olaraq əmək haqqı 180 manat olmuş və daha sonradan isə əmək haqqı artırılaraq 250 manat olmuşdur. Lakin o heç bir zaman əmək haqqını almamışdır. Ona yalnız payladığı məhsuldan əldə edilən vəsaitin 12 faizi həcmində ödəniş olunmuşdur. İş materiallarında olan 19 aprel 2016-cı il tarixli, İ-165 saylı əmək müqaviləsindən görünür ki, işəgötürən «xxxx» MMC ilə işçi İddiaçı arasında 19 aprel 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan 19 aprel 2016-cı il tarixli, İ-165 saylı maddi məsuliyyət haqqında müqaviləyə əsasən, İddiaçı oğlu işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlanmağı, görüləcək işi layiqincə yerinə vetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyi öhdəsinə götürür: ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır; müəssisənin, idarənin, təşkilatın rəhbəliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli, və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır; etibar edilmiş maddi sərvətlərin, pul vasitələrinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir; etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. «X8 LTD» MMC tərəfindən aşağıdakı tələbləri yerinə yetirməyi öhdəsinə götürür: ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasna və görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün şərait yaratmalıdır; işçini maddi sərvətlərin qorunub saxlanılması və maddi ziyanın ödənilməsinə dair qüvvədə olan tam maddi məsuliyyət haqqındakı qanunvericilik aktlarının tələblərilə, həmçinin müəssisəyə, idarəyə təşkilata dəyən ziyanın maddi məsul şəxs tərəfindən ödənilməsi barədə təlimatlarla, normativlərlə və eyni zamanda saxlama, qəbul etmə, emal etmə, satış (buraxılış: yaxud verilmiş maddi sərvətlərin məsrəfi və başqa qaydalarla əvvəlcədən tanış etməlidir; müəssisə üzrə müəyyən olunmuş qaydalara uyğun inventarizasiyanı həyata keçirməlidir ; maddi məsul şəxsin günahı üzündən müəssisəyə, idarəyə təşkilata dəyən ziyanın miqdarı müəyyən edildikdən sonra ödənişinin mövcud qanunvericiliyin tələblərinə uyğun tələb etmək, maddi məsul şəxsin günahı üzündən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. İş materiallarında olan «X8 LTD» MMC-nin 99/k saylı, 15 avqust 2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə 17 avqust 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan «xxxx» MMC tərəfindən verilmiş cədvəldən görünür ki, İddiaçı Rabitəbank vasitəsi ilə 2016-2020-ci il tarixlərini əhatə edən ödənilmiş əmək haqqının illər və aylar üzrə məbləği 3009,79 manat təşkil edir. Məhkəmə işdə iddiaçını və cavabdeh təşkilatın vəkili-nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı 19 aprel 2016-cı il tarixdən cavabdeh təşkilatla əmək müqaviləsi bağlamaqla həmin təşkilatda "ekspeditor" vəzifəsinə işə qəbul edilmiş, bağlanmış əmək müqaviləsinə görə ona hər ay 250 manat əmək haqqı verilməsi nəzərdə tutulmuş və İddiaçı əmək müqaviləsinə 17 avqust 2020-ci il tarixdə xitam verilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi hüquqlarını müdafiə etdiyi «xxxx» MMCin özəl müəssisə olduğunu, İddiaçı şirkətdə ekspeditor işlədiyinə görə vəzifə maaşından kənar əlavə ödənişlər edildiyini və əlavə ödənişlərin daxilində idiaçıya vəzifə maaşının da ödənildiyini bildirmiş, əlavə ödənişlərin ödənilməsi məhkəmədə təstiqini tapsada əmək haqqının ödənilməsi ilə bağlı cavabdeh təşkilat həmin halları təstiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.Bundan başqa iş materiallarında olan «xxxx» MMC tərəfindən verilmiş cədvəldən görünür ki, İddiaçı Rabitəbank vasitəsi ilə 2016-2020-ci il tarixlərini əhatə edən ödənilmiş əmək haqqının illər və aylar üzrə məbləği 3009,79 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh "xxxx” MMC-dən 3009,79 manat əmək haqqı məbləği cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cü maddəsinin d bəndinə əsasən əmək müqaviləsi üzrə işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Bundan başqa məhkəmə iddia tələbinin əmək haqqı qanunsuz saxlanıldığına görə hər gün üçün 3% ödənilməsi hissəsinin də qismən təmin olunması nəticəsinə gəlir. Belə ki, məhkəmədə işin faktiki hallarından görünür ki, İddiaçı işlədiyi illər ərzində əmək haqqını cavabdeh təşkilatın təqsiri nəticəsində almamışdır və məhkəmə tərəflər arasında balansı nəzərə alaraq hesab edir ki, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə məcəllənin “əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə iddia tələbinin Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 500 manatın və qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla cavabdehdən alınaraq ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissələrlə bağlı sübutlar və əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manat cavabdeh təşkilatdan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsnin tələbinə əsasən, bütün hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx” MMC-dən 3009,79 manat əmək haqqı, hər gecikdirilmiş gün əmək haqqının bir faizi məbləğində ödənc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar