Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3790/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon Polis İdarəsinə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh Abşeron Rayon Polis İdarəsinin əsl Cavabdeh2 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzil 30 may 1987-ci il tarixli, 565 nömrəli order əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatları formal xarakter daşıyır. Belə ki, Cavabdeh1 18 ildən çoxdur ki, ailə həyatı qurmuş və Abşeron rayonu, Ceyranbatan qəsəbəsində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Bu səbəbdən də, Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması gələcəkdə iddiaçının mənzillə əlaqədar alqı-satqı, girov, bağışlama hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Odur ki, cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə zərurət vardır. Beləliklə qeyd edir ki, həmin şəxs mənzildə formal olaraq qeydiyyatdadır və həmin evdə yaşamır. Formal qeydiyyatda qaldığı üçün onun istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən, o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri yalandır. Belə ki, o, hazırda sözügedən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzilin yaxınlığında yerləşən evdə 16 ildən çoxdur ki, yaşayır. Qeyd edir ki, hazırda yaşadığı ev əvvəllər tövlə vəziyyətində olmuş, sonradan o evi, sanitar qovşağı tamamilə təmir etmişdir. Odur ki, yalnız kompensasiya veriləcəyi təqdirdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzildən qeydiyyatdan çıxacaqdır. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X2 Deputatlar Soveti tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 565 nömrəli orderin surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzilə dair order İddiaçı adına verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat vərəqəsindən görünür ki, cavabdehlər Cavabdeh1 və İmanova X1 rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzildə qeydiyyatdadırlar. -AR DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı, ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh1 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qüvvəyə minmiş qərarı və icra vərəqəsinə əsasən qeydiyyatdan çıxarıla bilər. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, X2 Deputatlar Soveti tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 565 nömrəli orderə əsasən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. İddia ərizəsindən görünür ki, Cavabdeh1 18 ildən çoxdur ki, ailə həyatı qurmuş və Abşeron rayonu, Ceyranbatan qəsəbəsində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatları formal xarakter daşıyır. Bu səbəbdən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh1 İddiaçı oğlu olmaqla sonuncunun ailə üzvüdür. Mülki Prosessual Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi X2 Deputatlar Soveti tərəfindən İddiaçı order 1987-ci ildə verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəyə 8 iyul 1982-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə qeyd edir ki, X2 Deputatlar Soveti tərəfindən verilmiş xx.xx.1987-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzil, 565 nömrəli order ilə İddiaçı adına verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat vərəqəsinə əsasən, cavabdehlər Cavabdeh1 və İmanova X1 rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzildə qeydiyyatdadırlar. Cavabdeh1 izahatından məlum olduğu kimi cavabdehlər iddiaçıya məxsus mənzildə qeydiyyatda olsalar da mübahisə predmeti olan evin yaxınlığındakı cavabdeh tərəfindən təmir edilmiş evdə 16 ildən çoxdur ki yaşayırlar. Göründüyü kimi cavabdehlər artıq uzun illərdi ki, iddiaçıya məxsus mənzildə yaşamırlar və həmin mənzildən istifadə etmirlər. Cavabdehlər iddiaçıya məxsus sözügedən evdə yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. Qeyd edilənlərə və 8 iyul 1982-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etmədiklərindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3790/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3790/2025
19.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver