Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3829/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X3) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə 31 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X3) icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 10000 manat borc və 20 manat dövlət rüsumu, ümumilikdə 10020 manat tutularaq X2 ödənilməsinə dair Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli icra qeydinə əsasən İddiaçı 10000 manat borc və 20 manat dövlət rüsumu, ümumilikdə 10020 manat tutularaq X2 ödənilməlidir. Həmin borcun nədən ibarət olması iddiaçıya bəlli deyil. Ona borcu yalnız icra zamanı məlum olmuşdur. İcra qeydində göstərilir ki, İddiaçı vaxtında ödəmədiyi 10000 manat pul tutulmalıdır. Lakin həmin borcun nədən ibarət olması, nə vaxt yaranması iddiaçıya bəlli deyil. İddiaçı və X3 arasında borc verilməsi ilə bağlı şifahi razılıq olsa da, tərəflər notariusa getsələr də, son anda onlar arasındakı fikir ayrılığına görə iddiaçı müqaviləni imzalamaqdan imtina etmişdir. Buna görə də, tərəflər arasında hansısa borcdan söhbət gedə bilməz. Belə müqavilə varsa belə iddiaçı tərəfindən imzalanmamışdır. İcra qeydi verilərkən notarius tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, notarius borcun mübahisəli olub-olmaması məsələsini araşdırmamış, iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmiş, göndərilmişsə belə, ona çatdırılıb-çatdırılmaması məsələsi araşdırılmamışdır. Belə olan halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan 18.12.2018-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, “borc verən” X3 “borc alan” İddiaçı 10 000 manat məbləğində borc pul verir və sonuncu həmin məbləği 18.12.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürür. Həmin müqavilə tərəflərin hər ikisi tərəfindən imzalanmışdır. Mülki işin materiallarından olan 07.01.2021-ci il tarixli bildirişdən müəyyən edilir ki, İddiaçı iyirmi gün ərzində 10000 manat məbləğində pul vəsaitini X2 ödəmədiyi təqdirdə barəsində icra qeydi aparılaraq müvafiq orqanlara göndəriləcəyi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən məlumatlandırılmışdır. Mülki işin materiallarından olan 8İ-1852 №-li 19 mart 2021-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı X1 xeyrinə vaxtında ödənilməmiş 10000 manat və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10020 manat pulun tutulması müəyyən edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının” notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısında” nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, 19 mart 2021-ci il tarixli icra qeydi ilə iddiaçıdan üçüncü şəxsin xeyrinə 10020 manat pulun tutulması müəyyən edilmişdir. İddiaçı hazırda həmin icra qeydinin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun bildirdiyinə görə icra qeydi qanunvericiliyin tələblərinə zidd şəkildə tərtib edilmişdir. Belə ki, iddiaçı həmin gün notariat orqanına maraqlı şəxslə kredit müqaviləsi bağlamağa getsə də, tərəflər arasında olan fikir ayrılığı nəticəsində iddiaçı tərəfindən həmin müqavilə imzalanmamışdır. Həmçinin icra qeydi iddiaçıya yalnız icra mərhələsində məlum olmuşdur. Məhkəmə iddia ərizəsini işin materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işdə olan sübutlardan müəyyən edilir ki, tərəflər arasında imzalanan kredit müqaviləsi qanunun tələblərinə uyğun şəkildə imzalanmış və tərəflər tərəfindən imzalanmışdır. Eləcə də, iddiaçı borcunu ödəmədiyi təqdirdə icra qeydi tərtib ediləcəyi barədə notariat orqanı tərəfindən bildirişlə məlumatlandırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X3) icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X3) icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3829/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3829/2021
31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver