Məhkəmə qərarları › İş №2(012)-3901/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3901/2022

23.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3901/2022 23.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Abşeron rayon 1 saylı Notariat kontoru tərəfindən verilmiş vərəsəlikdə miras əmlakın cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və İddiaçı arasında tam bərabər, yəni, hər birinə ¼ hissədə pay torpaq kimi saxlanılması, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın (reyestr nömrəsi **********47) etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 4 saylı Abşeron Ərazi İdarəsinin cavabdeh, Abşeron rayon 1 saylı Notariat Kontorunun 3-cü şəxs qismində cəlb edilməklə, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə miras əmlak üzərinə həbs qoyulması, torpaq sahəsinə dair verilmiş çıxarışın isə ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X3 rayon Məmmədli kəndində yaşamış və həmin kənddə ona məxsus 994.05 ha torpaq sahəsi (çıxarış: reyestr nömrəsi **********87) olmuşdur. X18 05 dekabr 2012-ci il tarixdə vəfat etdikdən sonra 05 mart 2012-ci il tarixdə həmin torpaq sahəsindən mərhumun payına düşən ¼ hissə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Abşeron rayon 1 saylı Notariat kontorunun notariusu tərəfindən mərhumun həyat yoldaşı X11 və hər birinin miras əmlakdan bərabər hissələrdə pay almaları göstərilmişdir. Abşeron rayon 1 saylı Notariat kontorunun notariusu Ramiz Hümmətov tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə vərəsə kimi X8 çıxarış verilməsi barədə 30 yanvar 2014-cü il tarixli 189 nömrəli məktub göndərilmişdir. X6 adına verilmiş 13 dekabr 2018-ci il tarixli ******* nömrəli çıxarışda isə İddiaçı bir vərəsə kimi adı çıxarışda qeyd olunmamışdır. Yəni, vərəsələrin böyük oğlu kimi pay verilməmiş, cavabdehlərə isə ¼ hissədə pay verilmişdir. Sonradan isə bildirilmişdir ki, iddiaçı yaddan çıxmışdır. Hal-hazıra qədər həmin torpağın ərazisində yaşamağına, evin və mal-qaranın saxlanması üçün tikdiyi tövlənin olmasına baxmayaraq, çıxarışda adının olmaması ilə əlaqədar olaraq Milli Arxiv idarəsi yanında Abşeron Rayon Dövlət Arxivlər idarəsinə ərizə ilə müraciət olunmuş, həmin idarənin 23 dekabr 2021-ci il tarixli F1306 nömrəli cavab məktubunda göstərilmişdir ki, Məmmədli kənd inzibati ərazi vahidi 1 nömrəli Təsərrüfatbaşına kitabın 14-cü vərəqəsində İddiaçı adına şəxsi hesab açılmış, adına 0.12 ha torpaq sahəsi göstərilmiş, özü, həyat yoldaşı və nəvəsinin həmin ünvanda yaşamaları bildirilmişdir. Mərhum anası X6 vəfatından sonra 30 noyabr 2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Abşeron rayon 1 saylı Notariat kontoru tərəfindən verilmiş vərəsəlikdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.0644 ha olan torpaq sahəsindən miras əmlak kimi övladlar arasında tam bərabər, yəni, hər birinə ¼ hissədə pay torpaq verilməsi göstərilmişdir. Sonradan, miras hesab edilən mübahisəli Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha olan torpaq sahəsinə dair 15 yanvar 2021-ci il tarixdə yeni çıxarış (reyestr nömrəsi **********47) verilmiş, həmin çıxarışda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birinə 3/8 hissədə, Cavabdeh3 və İddiaçı isə 1/8 hissədə torpaq payı düşmüşdür. Notariat kontorunda sənədləşmə gedərkən iddiaçının iştirakı olmamış, hansı səbəbdən ona 1/8 hissədə pay torpağının düşməsindən xəbəri olmamış, notariat kontorunda heç bir sənədə imza atmamışdır, halbuki, anasından qalan miras torpaqdan iddiaçıya ¼ hissədə pay düşməlidir. Ona görə də 30 noyabr 2021ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında hər birinə ¼ hissədə pay torpaq verilməsini cavabdehlərdən tələb edir. Çıxarışda göstərilmiş torpaq paylarının düzgün olmadığını hesab edir, çünki “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında hər birinə ¼ hissədə pay torpaq verilməsi göstərilmişdir. Hesab edir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha torpaq sahəsinə dair 15 yanvar 2021-ci il tarixdə verilmiş çıxarış (reyestr nömrəsi **********47) etibarsız sayılmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, notariat kontorunda iştirak etməmiş, bu səbəbdən də hesab edir ki, aparılmış hərəkətlər qeyri-qanuni xarakterlidir. Notariat qurumu tərəfindən onun adına ¼ hissədə pay müəyyən olunmamışdır. Onun iddia tələbi üzrə Abşeron rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2(012)-1074/2022 saylı qətnaməsi olsa da, ona qətnamə təqdim olunmamış və bu barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, hesab edir ki, onun tərəfindən qanun pozuntusu olmamışdır. Tərəfindən rüsum ödənilmiş, vəkili ona zəng edərək qardaşının, yəni, iddiaçının gəlmədiyini bildirmiş, hətta mübahisə yaranmışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, icraata xitam verilməsi barədə ərizə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlaka dair payların düzgün müəyyən edilməklə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində baxılmış və iddia tələblərinin rədd olunmasına dair 27 aprel 2022-ci il tarixli, 2(012)-1074/2022 saylı qətnamə çıxarılmışdır. Hal-hazırda, həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədən və hazırkı iddia ərizəsinin dəlillərindən görünür ki, hər iki tələb eyni tələbdir, əsaslar eyni əsaslardır və tərəflər eyni tərəflərdir. Belə olan halda, qanunvericiliyin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa, bu halda, eyni mübahisə barəsində təkrarən məhkəməyə müraciət edilməsinə yol verilmir. Hesab edir ki, göstərilən əsasla hazırkı mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Ona görə də hazırki mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs ünvan 1 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, xx.xx.2022ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi “tərəflərin miras qalmış əmlakda paylarının ¼ hissədə saxlanılmaqla miras əmlak üzərinə həbsin qoyulması” hissəsində təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6i ərazisində yerləşən ümumi sahəsi 0.0644 ha torpaq sahəsinin 3/8 hissəsi Cavabdeh2, 3/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi İddiaçı, 1/8 hissəsi isə Cavabdeh3 adına bölünməklə 3/8 hissəyə dair Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1001 saylı reyestr kitabının 42 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********47 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -ünvan 2 ünvanladığı xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, ünvan 5 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X12 X23 kitabında sahəsinin planı və ölçüsü əsasında Abşeron rayonu, Məmmədli kəndində 994.05 kv.m torpaq sahəsində mərhumun payına düşən ¼ hissə torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi X6 ərizəsi qəbul edilmişdir. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq yuxarıda göstərilən əmlaka dair çıxarış verilməsi xahiş olunmuşdur. -Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2V-56 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 05 dekabr 2012-ci il tarixdə vəfat etmiş Abşeron rayonu, Məmmədli kəndində yaşamış X12 vərəsəsi X11 miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X23 kitabında xx.xx.2008-ci il tarixdə 10610 nömrə ilə uçota alınmış A№110380 seriyalı torpaq sahəsinin planı və ölçüsü əsasında ünvan 6ində 994.05 kv.m torpaq sahəsində mərhumun payına düşən ¼ hissə torpaq sahəsindən (Çıxarış: reyestr nömrəsi **********87, qeydiyyat nömrəsi **********, tarix xx.xx.2014) ibarətdir. Vərəsəlik işinin nömrəsi 48 nömrə ilə qeydə alınmışdır. -Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli F1303 saylı arxiv arayışından görünür ki, Abşeron rayon Dövlət arxiv fonduna əsaslanaraq bildirilir ki, Məhəmmədi kənd inzibati ərazi vahidi 1 №-li Təsərrüfatbaşına kitabının 14-cü vərəqəsində İddiaçı adına şəxsi hesab açılmışdır: 1. İddiaçı - ailə başçısı (xx.xx.1971-ci il təvəllüdlü, Azərbaycanlı), 2. X14 - arvadı (xx.xx.1972ci il təvəllüdlü, Azərbaycanlı), 3. X13 - nəvəsi (xx.xx.1995-ci il təvəllüdlü) olması göstərilmişdir. Bundan başqa, təsərrüfatbaşına kitabında İddiaçı adına 1994-1995-ci ilin məlumatına görə ümumi torpaq sahəsi 0.12 ha göstərilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1074/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, 4 saylı Abşeron Rayon Ərazi İdarəsi və Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha torpaq sahəsindən payların müəyyən olunmasına dair Abşeron rayon 1 saylı notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha torpaq sahəsi üzərində 15 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, xüsusi mülkiyyət hüququnun olmasını təsdiq edən çıxarışın ləğv edilməsi, əmlaka dair payların düzgün müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması barədə iddiası rədd edilmişdir. Qətnamədən daha sonra görünür ki, məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 vərəsələri: oğulları-İddiaçı, Cavabdeh1, qızları-Cavabdeh2, Cavabdeh3 və onların hər biri ¼ hissədə pay almalıdır. Daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan göründüyü kimi, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0644 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə pay hüququ üzrə 3/8 hissədə Cavabdeh1, 3/8 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh3, 1/8 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən, sübutetmə vəzifəsi İddiaçı üzərinə düşmüş, lakin iddiaçı Abşeron rayon 1 saylı notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə əsas verən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha torpaq sahəsi üzərində 15 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, xüsusi mülkiyyət hüququnun olmasını təsdiq edən çıxarışın ləğv edilməsi, əmlaka dair payların düzgün müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması hissəsi iddianın Abşeron rayon 1 saylı notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı olduğundan iddia tələbi rədd edilməlidir. -Abşeron rayon Məhkəməsinin sorğusuna əsasən, məhkəməyə daxil olmuş 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********87 saylı məktubuna əlavə olunmuş sənədlərdən görünür ki; -X2 adından İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ilə alıcı X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar ünvan 6ində yerləşən 0.099405 ha torpaq sahəsindən 0.035 ha hissəsini alıcıya 5000 manata satmışlar. -İddiaçı ünvan 5 ünvanladığı xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2017ci il tarixdə vəfat etmiş ünvan 6i ünvanında yaşamış mərhum anası X6 vəfatından sonra ünvan 6ində yerləşən anasının payına düşən 0.099405 ha torpaq sahəsinin miras əmlak olaraq qaldığını qeyd etmiş və ondan başqa Cavabdeh1, Cavabdeh2, X10 vərəsə kimi qeyd etmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli A № 342609 saylı plan və ölçünün surətindən görünür ki, ünvan 6i ərazisində yerləşən ümumi sahəsi 0.064405 ha torpaq sahəsi X6 və başqalarının mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2014-cü il tarixli 4ə-1364 reyestr nömrəli alqı-satqı müqaviləsi olmuşdur. -ünvan 7 ünvanladığı xx.xx.2020-ci il tarixli 2561 saylı məktubdan görünür ki, xx.xx.2017-ci ildə vəfat etmiş X5 miras qalmış torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair Cavabdeh1 müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsəlik işi açılmışdır. Təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik, onun üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş mərhum X5 bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək ölmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-1-ci maddəsinin tələbini rəhbər tutaraq sorğunu təqdim edən şəxs vasitəsi ilə açılmış vərəsəlik işi ilə əlaqədar mərhum X5 miras qalmış daşınmaz əmlak barədə daşınmaz əmlakın reyestrindən çıxarış və müvafiq məlumat verilməsi xahiş olunmuşdur. -4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AA № 558104 saylı plan və ölçünün surətindən görünür ki, ünvan 6i ərazisində yerləşən ümumi sahəsi 0.0644 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2020-ci il tarixli 2v-148 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. -Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2V-148 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 vərəsələri İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər biri miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak 4 saylı Abşeron ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışa əsasən, ünvan 6ində yerləşən ümumi sahəsi 0.0644 ha torpaq sahəsində Xədicənin payın düşən 2/4 hissədən ibarətdir. -Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6i ərazisində yerləşən ümumi sahəsi 0.0644 ha torpaq sahəsinin 1/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh1, 2/4 hissəsi X6 adına bölünməklə 1/4 hissəsinə dair Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1001 saylı reyestr kitabının 42 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********47 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6i ərazisində yerləşən ümumi sahəsi 0.064405 ha torpaq sahəsinin 1/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh1, 2/4 hissəsi X6 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1001 saylı reyestr kitabının 42 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********47 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -ünvan 6ində yerləşən **********87 reyestr nömrəli torpaq sahəsinin bölgü eskizindən görünür ki, Cavabdeh2, Cavabdeh1 və X6 adına 0.064405 ha torpaq sahəsi qeydə alınmaqla 0.035 ha torpaq sahəsi satılmış və bölgü eskizi imzalanmaqla təsdiq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 6ində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı, vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, ünvan 6i ərazisində yerləşən 0.099405 ha torpaq sahəsi mərhum X12 mülkiyyətində olmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. X12 xx.xx.2012-ci il tarixdə vəfatından sonra mərhumun həyat yoldaşı X11 xx.xx.2014-cü il tarixli 2V-56 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qalmış torpaq sahəsi üzərində irs almış və daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* reyestr nömrəli çıxarışa əsasən, ünvan 6ində yerləşən 0.099405 ha torpaq sahəsinə 2/4 hissədə X6, ¼ hissədə Cavabdeh2, digər ¼ hissədə isə Cavabdeh1 payı müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin 0.035 ha hissəsi xx.xx.2014-cü il tarixli müqavilə əsasında alıcı X1. Beləliklə də, ünvan 6i ərazisində yerləşən 0.064405 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixli RX seriyalı ******* reyestr nömrəli yeni çıxarış verilmişdir. X6 xx.xx.2017-ci il tarixdə vəfatından sonra xx.xx.2020-ci il tarixli 2V-148 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qalmış əmlak olaraq ünvan 6i ərazisində yerləşən 0.0644 ha torpaq sahəsindən Xədicənin payına düşən 2/4 hissə paydan İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri ¼ hissədə pay almışlar. Hazırda, İddiaçı xx.xx.2020-ci il tarixli 2V-148 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, hər birinin ¼ hissədə müəyyən edilmiş payın saxlanılmaqla miras əmlak üzərinə həbsin qoyulmasını, Daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********47 reyestr nömrəli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlaka dair payların düzgün müəyyən edilməklə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki işə mahiyyəti üzrə hüquqi qiymət verilərək iddia ərizəsinin təmin edilməməsinə dair Abşeron rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2(012)-1074/2022 saylı qətnaməsi qəbul edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qanunun və Plenum Qərarının tələblərinə istinad edərək qeyd etməyi zəruri hesab edir ki, 2(012)-1074/2022 saylı mülki iş üzə çıxarılmış qətnaməyə əsasən Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-148 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və xx.xx.2021-ci il tarixli **********47 reyestr nömrəli çıxarışın ləğv edilməsinə əsas olan hallar öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən hallara və faktlara dair mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından iddia tələbləri təmin edilməmişdir. İddiaçının hazırki iddia tələbinin predmetini isə tərəflərin miras paylarının ¼ hissədə saxlanılmaqla miras əmlakın üzərinə həbsin qoyulması və çıxarışın ləğv edilməsi təşkil edir. Beklə ki, qanuni qüvvəyə minmiş qətnamədə iddia tələbi vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi kimi qoyulmuşdur ki, bu tələb hazırkı tələblə mahiyyət üzrə eynilik təşkil edir və məhkəmə həmin eynilik təşkil edən tələbə mahiyyəti üzrə baxıb qiymət vermişdir. Göründüyü kimi, 2(012)-1074/2022 saylı mülki iş üzrə məhkəmə araşdırması zamanı hazırkı iddia tələbinə və çıxarışın ləğvi tələbi araşdırılaraq hüquqi qiymət verilmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə iclasları iddiaçının iştirakı ilə keçirilməklə, həmin mülki iş üzrə tədqiq olunmuş faktlar hazırki mülki iş üçün də preyudisial xarakter daşıyır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi dəyişdirilib verilməsinə baxmayaraq artıq qanuni qüvvəyə minmiş qətnamədə həmin tələbə hüquqi qiymət verilmişdir. Başqa sözlə, qanunvericilik eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə ikinci dəfə məhkəmə aktının qəbul edilməsini qadağan edən imperativ norma nəzərdə tutmuşdur. Bununla yanaşı, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 2(012)- 1074/2022 saylı mülki üzrə iddia tələbi ilə mahiyyət etibarı ilə bənzərlik təşkil edən iddia ərizəsi təqdim etmişdir ki, hazırki iddia tələbində fərqli hal olaraq, “payların düzgün müəyyən edilməsi” deyil, “payların ¼ hissədə olmaqla saxlanılması” tələbi irəli sürülmüşdür. Beləliklə hazırkı iddia tələbinin “payların ¼ hissədə olmaqla saxlanılması” hissəsi məhkəmənin əvvəlki qanuni qüvvəyə minmiş Qətnaməsi ilə artıq qiymət verildiyindən həmin tələb əsaslı deyildir və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X4 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarı”nın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə qanunun tələblərini, Plenum Qərarını və mülki iş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1074/2022 saylı qətnaməsini tədqiq edərək qeyd edir ki, iddiaçının hazırki iddia tələbində ləğv edilməsini xahiş etdiyi ¼ hissədə payın saxlanılması əsaslı olmadığından tələbin “ünvan 6i ərazisində yerləşən 0.0644 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması” hissəsi də əsaslı ola bilməz və ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “payların saxlanılması, miras əmlak üzərinə həbs qoyulması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin “tərəflərin hər birinin ¼ hissədə payın saxlanılması, ünvan 6i ərazisində yerləşən 0.0644 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması” hissəsində əsaslı olmadığından təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar