Məhkəmə qərarları › İş №2(012)-3902/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3902/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3902/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 dekabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “CHEVROLET CAMARO” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 12.500 manatın və ödənilmiş dövlət rüsumu üçün 30 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də AZ/MİC/15/0009 nömrəli şəhadətnamə ilə 22.01.2015-ci il tarixdən 21.10.2016-cİ il tarixədək “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” ilə avtomobilin "xxxx" MMC tərəfindən sığortalanmışdır. Cavabdeh 11 aprel 2015-ci il tarixdə Bakı-Quba yolunun 23 kilometriliyində "xxxx" MMC-yə etibarnamə ilə məxsus olan “Chevrolet Camaro” markalı **-SG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, "AZƏRYOLSERVİS” MMC-nin istifadəsində olan dəmir məhəccərlərə vuraraq həmin avtomobilə 12 500 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı cavabdeh Bakı-Quba yolun YPX postu tərəfindən qeydə alınaraq, Cavabdeh barəsində İXM-nin 151.1-ci maddəsi ilə 11.04.2015-ci il tarixli, MYP 350542 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolla müəyyən olmuşdur ki, sürücü-Cavabdeh “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı ASC tərəfindən 6679/F/S/CM-097/2015 nömrəli Sığorta aktına əsasən “Chevrolet Camaro” markalı **-SG- *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 12 500 manatı etibarnamə ilə avtomobilin sahibi olan "xxxx" MMC-yə ödəmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına nümayəndəsinı göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verilərək bildirmişdir ki, 11 aprel 2015ci il tarixdə Bakı-Quba yolunun 23-cü kilometrliyində "xxxx" MMC-yə etibarnamə ilə məxsus olan “Chevrolet Camaro” markalı **-SG-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Barəsində Azərbaycan Respublikası İXM-nın 151.1-ci maddəsi ilə 11.04.2015-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, avtomobilin təmiri ilə bağlı 3500 (üç min beş yüz) manat məbləğində xərcləri "xxxx" MMC-yə ödəmişdir. Dəymiş ziyanla bağlı nə həmin MMC, nə başqa fiziki və ya hüquqi şəxs tərəfindən ona müraciət olunmayıbdır. Çünki dəymiş zərərin məbləği qabaqcadan tərəfindən tam ödənildiyindən buna ehtiyac olmamışdır. Tərəfin iddia vermək hüququ barəsində tərtib edilmiş protokolun qüvvəyə mindiyi andan yaranır. Həmin vaxtdan isə altı ildən artıq müddət keçibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Buna görə də, bu tələb üzrə iddia müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən, iddia müddətini tətbiq edərək iddiaçı "xxxx" ASC-nin ondan vurulmuş maddi ziyana görə 12 500 (on iki min beş yüz) manatın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia ərizəsinin dəlilləri əsassız və subyektiv mülahizələrə əsaslanan dəlillərdir. Bu səbəbdən də iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, iddia ərizəsinə nəzər saldıqda görünür ki, iddiaçının ərizəsinin əsasını cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı idarə olunan avtomobilə ziyan dəyməsi və bu ziyanın iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilməsi təşkil edir. İddiaçı hesab edir ki, sığortaçı olaraq sığortalıya dəymiş ziyanı qarşıladığı üçün onun cavabdehə qarşı Subroqasiya hüququ yaranır və iddiaçı yuxarıda qeyd olunan pul məbləğini cavabdehdən tələb edə bilər. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə istinad etmişdir. İstinad olunan maddi hüquq normaları iddia ərizəsinin əsaslılığını sübut edən hal hesab edilə bilməz. Cavabdeh "xxxx" MMC-dən nəqliyyat vasitəsini etibarnamə ilə kirayəyə götürmüşdür. "xxxx" MMC avtomobillərin kirayə verilməsi ilə məşğul olan şirkət olmuşdur. "xxxx" MMC kifayət qədər riskli işlə məşğul olduğu üçün kirayəyə verilən avtomobilləri sığorta şirkətində sığortalatdırmışdır. Cavabdeh əməlində isə cinayət tərkibi mövcud deyildir və onun törətdiyi əməl qəsdən törədilmiş əməl deyildir. O, hadisə baş verən an sürücülük hüququna malik olmuş, nəqliyyat vasitəsini etibarnamə əsasında tam qanuni əsaslarla idarə etmiş, eyni zamanda heç bir alkoqollu içkidən və psixotrop maddədən istifadə etməmişdir. Tam qanuni əsaslarla nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə olunmuşdur. Eyni zamanda, “MMC” ilə sığortaçı arasında nəqliyyat vasitəsinin üçüncü şəxslərin idarəetməsinə verilməsini məhdudlaşdıran heç bir müddəa mövcud olmamışdır. Hər halda, belə bir bənd olmuş olsaydı "xxxx" MMC nəqliyyat vasitəsini cavabdehə idarəetməyə verməzdi, ya da sığorta ödənişi almamış olardı. Yəni, qəza sığortaçının özü tərəfindən də törədilə bilərdi. Belə olan təqdirdə, sığorta şirkəti onsuz da sığorta ödənişini həyata keçirməliydi. Hesab edir ki, burada qanuni əsaslarla nəqliyyat vasitəsinin idarə olunmasından söhbət gedirsə riskləri də mülkiyyətçi ilə sığorta şirkəti daşıyır. Sığortaçının cavabdehdən pul tələbi tam qanunsuz və əsassızdır. Odur ki, iddiaçının iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AC seriyalı 062095 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, "Chevrolet Camaro” markalı **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Mülki iş materiallarında olan 15.08.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X3 13.08.2013-cü ildə verilmiş AC № 062095 qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus "Chevrolet Camaro” markalı, buraxılış ili 2011-ci il, ban: 2G1FC1ED7B9137781, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-yə istifadə, idarə etməyi, qazanc məqsədi ilə istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 10 (on) il müddətinə etibar etmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, "xxxx" MMC ona məxsus olan "Chevrolet Camaro” markalı, buraxılış ili 2011-ci il, ban: 2G1FC1ED7B9137781, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının hüdudlarında AB № 656054 nömrəli sürücülük vəsiqəsinin sahibi Cavabdeh 01 aprel 2015-ci il saat 13:00 tarixindən 16 aprel 2015-ci il saat 13:00 tarixinədək idarə etməyi həvalə etmişdir. Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 03.06.2015-ci il tarixli 6679/F/S/CM-097/2015 saylı sığorta aktından müəyyən edilir ki, "xxxx" MMC-yə məxsus "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.01.2015-ci il tarixdən 21.10.2016-cı il tarixədək “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növündə sığortalandığından "xxxx" MMC-yə zərərə uğramış "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13000 (on üç min) manat zərər dəymişdir. Müəyyən edilmiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 500 (beş yüz) manat azadolma məbləği çıxılaraq cəmi 12500 (on iki min beş yüz) manat 11.04.2015-ci il tarixdə "xxxx" MMC-yə ödənilmişdir. Mülki işin materiallarında olan Avtonəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsindən müəyyən edilir ki, "xxxx" MMC-yə məxsus "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.01.2015-ci il tarixdən 21.10.2016cı il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyətində sığortalanmış, ümumi sığorta haqqı 1045 manat təşkil edir. Mülki iş materiallarında olan 017830 nömrəli arayışdan görünür ki, Cavabdeh 11.04.2015-ci il tarixdə saat 14:15-də Bakı-Quba yolunun 44-cü km "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində avtomaşının qabaq hissəsi tamamilə deformasiya olmuşdur. Mülki işin materiallarında olan DİN-nin BPDYPİ-nin YPXİ-nin 11.04.2015-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, 11.04.2015-ci il tarixdə saat 14:15 radələrində Bakı-Quba yolunun 44-cü km-də dəmir mühəcərə dəyərək yol-nəqliyyat hadisəsi - toqquşma baş vermişdir. Təqsiri olan şəxs "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdehdur. Mülki işin materiallarında olan 11.04.2015-ci il tarixli, MYP 350542 №-li inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, 11.04.2015-ci il tarixdə saat 14:15 radələrində "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Quba yolunun 44-cü km-də birtərəfli yolda hərəkət zolağını dəyişməklə manevr etmiş nəticədə idarəetməni itirərək yolun sol cinahında yol qurğusuna sonra sağ cinahında yol qurğusuna çırpılmışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Mülki işin materiallarında olan 03.06.2015-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 12500 (on iki min beş yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Mülki iş materiallarında olan 18.05.2015-ci il tarixli X1 müəyyən edilir ki, "Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilib və müəyyən olunmuşdur ki, onun yararsız hala düşmüş hissələri cəmi 13000 manat təşkil edir. Mülki işin materiallarında olan 16.05.2021-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 9/6556 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 18.05.2015-ci il tarixli qüsur aktı (cild i.v 11) məlumatlarına əsasən 2011-ci il buraxılışlı “Chevrolet Camaro” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı, mühərrikin iş həcmi 3600 sm3 avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10147,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 9179,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 968,00 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh 11 aprel 2015-ci il tarixdə Bakı-Quba yolunun 23 kilometrliyində "xxxx" MMC-yə etibarnamə ilə məxsus olan “Chevrolet Camaro” markalı **-SG-*** dövlət nömrə nişanlı avtomobillə etibarnamə əsasında hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, "AZƏRYOLSERVİS” MMC-nin istifadəsində olan dəmir məhəccərlərə vuraraq həmin avtomobilə 500 manat azadolma məbləği çıxıldıqdan sonra, 12 500 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12500 manat məbləğində sığorta ödənişi edilmişdir. Göründüyü kimi, dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında cavabdehdən həmin məbləğdə pul tələb edir. Məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza rəyinə əsasən isə “Chevrolet Camaro” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10147,00 manat müəyyən edilmişdir. Ekspertiza rəyini təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən “Chevrolet Camaro” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşınma dərəcəsi nəzərə alınmaqla cəmisi 10147,00 manat təşkil edir ki, həmin məbləğdən 500 manat franşiza - azadolma məbləği çıxılarsa, nəticədə 9647 manat ziyan məbləği müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 9647 manat məbləğində ziyana görə pul tutulmalıdır. Məhkəmə iddiaya cavabdehin etirazının dəlillərinə və iddia müddətinin tətbiqi ilə bağlı münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hazırkı halda da sığorta ödənişi həyata keçirən iddiaçı qanunla ona verilmiş hüququndan istifadə edərək subraqasıya qaydasında iddia tələbi irəli sürmüşdür. MM-nin 373.3. maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2. maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan yaranan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən (qanundan irəli gələn öhdəliklərə) irəli gələn tələblərə isə ümumi iddia müddəti (10 il) şamil edilir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta ödənişi 30.07 2015-ci il tarixdə ödənilmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə 03.06.2020-ci il tarixdə müraciət etmişdir, qanunla müəyyən edilmiş 10 illik iddia müddəti ötürülmədiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır ki, həmin məbləğin 25 manatı cavabdehə, 25 manatı isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 9647 (doqquz min altı yüz qırx yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 25 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 25 manat məbləğində pul məhkəmə ekspertizası xərci olaraq tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar