Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4016/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2019-cu il tarixli, ******* nömrəli aktın ləğvi və həmin akt əsasında qanunsuz və əsassız olaraq hesablanmış 399,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdam rayonu, Çəmənli kəndinin qeydiyyatında olmaqla, məlum hadisələrlə əlaqədar hal-hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində 4 nəfərdən ibarət ailə üzvləri ilə birgə yaşayır. 2019-cu ilin aprel ayında iddiaçının məskunlaşdığı ərazidə Cavabdeh əməkdaşları tərəfindən qaz sayğacları dəyişdirilən zaman iddiaçının istifadəsində olan qaz sayğacını da götürərək yenisini quraşdırmışlar. Sayğac dəyişdirilən zaman iddiaçı orada olmamışdır. Yeni sayğac quraşdırıldıqdan sonra, yəni 2019-cu ilin aprel ayından 2020-ci ilin noyabr ayınadək iddiaçının qaz istifadəsi ilə bağlı borcunun olması barədə məlumatı olmamışdır. 2020-ci ilin noyabr ayından başlayaraq məbləğindən asılı olaraq etdiyi hər bir ödəniş zamanı müəyyən məbləğdə vəsaitin tutularaq borca silinməsi prosesi başlanmışdır. Yalnız bu zaman müəyyən edilmişdir ki, iddiaçının 2019-cu ilin aprel ayında qaz sayğacında yaranmış nasazlıq səbəbindən məlumatı və imzası olmadan aktlaşdırılaraq sayğac çıxarılmış, dəymiş ziyan hesablanaraq sayğac üzrə hesaba əlavə olaraq 399,60 manat borc yazılmışdır. Bu barədə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının iştirakı və imzası olmadan aktlar tərtib olunmuş, dəymiş ziyanın ödənilməsi ilə bağlı tələbnamə yazılmışdır. 2019-cu ildə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının köhnə qaz sayğacının sökülərək aparılması və yenisi ilə əvəz olunması səbəblərinin respublikada aparılan quruculuq və abadlıq işlərinin bir istiqaməti olaraq düşündüyündən, təqdirəlayiq hal kimi qəbul etmiş və bu kimi qanunsuz və əsassız borc yazılmasına gətirib çıxarması düşünülməmişdir. 2019cu ildə yazılmış borca görə tutulmaların 2020-ci ilin noyabr ayından başlanması bir daha sübut edir ki, 399,60 manat borcun yazılması əsassız və qanunsuzdur. Çünki əgər onların qeyd etdikləri kimi sayğaca hansısa müdaxilə olunsaydı, qaz sayğacını dəyişən zaman akt tərtib olunardı və iddiaçıya da tərtib edilmiş akta görə izah edib qazın hara sərf olunmasını göstərərdilər. Həmçinin qaz sayğacı evin çöl hissəsində, beləliklə nəinki iddiaçının, istənilən şəxsin müdaxiləsi üçün açıq şəraitdə quraşdırılmışdır. Hər hansı müdaxilə olunmadan iddiaçının istifadəsində olan sayğacın cavabdeh idarənin ərazi üzrə əməkdaşları tərəfindən dəyişdirilərək aparılmasından sonra öz maraqlarına uyğun hansısa qüsur müəyyən edilməsi barədə rəy almaları qanunamüvafiq deyil. Göründüyü kimi iddiaçıya münasibətdə qanunverciliyin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçının cavabdeh tərəfə bu günə kimi dəfələrlə şifahi müraciət etməsinə və əsassız və qanunsuz borc məbləğinin ləğvini tələb etməsinə baxmayaraq, hələ də bir heç əsaslı cavab verilmir, borcun ödənilməsinin təmin edilməsi üçün müxtəlif bəhanələr gətirilir. Bunun özü bir daha sübut edir ki, mübahisəni məhkəmədən kənar şəkildə həll etmək, razılaşmaq mümkün deyil. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqlarının bərpası, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyib izahatında bildirdi ki, İddiaçı tərəfindən Abşeron rayonu, Masazır kəndində yaşadığı evdə sayğacın çıxış borusunun deşildiyi aşkar olunduğundan Cavabdeh əməkdaşları tərəfindən müvafiq rəyə əsasən əsaslı olaraq 30 aprel 2019-cu il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən hesablanmış 399,60 manat borc hesablanmışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan 30.04.2019-cu il tarixli, ******* saylı aktın surətindən müəyyən edilir ki, 30.04.2019-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********37470) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, Cavabdeh İB-nin AST-04402 nömrəli rəyinə əsasən sayğacın çıxış borusunun deşildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq 30.04.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 m3/saat x 6 saat x 90 gün = 648 m3, 1,5 m3/saat x 8 saat x 90 gün = 1080 m3, 1,4 m3/saat x 18 saat x 90 gün = 2268 m3, cəmi 3996 m3 (399,60 manat) əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan 24 may 2021-ci il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********37470 olan ünvan üzrə aprel 2019-cu il tarixli akt əsasında 399,60 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən evə adi qaz sayğacına (abonent kodu **********37470) dair hesablanmış 399,60 manat borc silinməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir və yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən evə adi qaz sayğacına (abonent kodu **********37470) dair hesablanmış 399,60 manat cərimə borcu silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumuna görə 2 0 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4016/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4016/2021
26.07.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver