Məhkəmə qərarları › İş №2(012)-4059/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4059/2021

31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4059/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayonu 2 saylı Notariat ofisinə qarşı (3-cü şəxs: X4) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə 31 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu 2 saylı Notariat ofisinə qarşı (3-cü şəxs: X4) icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının tam təmin edilməsi və Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən aparılmış 8İ-2053 nömrəli, 06.04.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən verilmiş 8İ-2053 nömrəli, 06.04.2021-ci il tarixli icra qeydinə əsasən tələbkar X2 tələbi ilə ipoteka qoyan İddiaçı 50.000 (əlli min) manat pul vəsaitinin X2 xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında ümumi sahəsi 107.4 kv.m olan mənzilə yönəldilməsi və mənzilin 30 gün müddətinə boşaldılması nəzərdə tutulmuşdur. İcra qeydi Abşeron rayon İcra Şöbəsinin icraatındadır, hazırda icra qeydi üzrə icra hərəkətləri keçirilməkdədir. İcra qeydi qanunsuz və əsassızdır. Borc müqaviləsi üzrə nəzərdə tutulan borcun ödənilməsinə dair bildiriş aidiyyəti üzrə notariat orqanı tərəfindən İddiaçı göndərilməmiş, onun xəbərsiz olmasından istifadə edərək qanunsuz şəkildə icra qeydi tərtib edilərək aidiyyəti üzrə Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. İpoteka predmeti olan mənzil tərəflər arasında bağlanmış borc müqaviləsində göstərilən borcun təminatıdır. Bunun üçün notariat orqanı ipoteka predmetinin tutmaya yönəldilməsinə dair icra qeydi tərtib edərkən sözügedən məsələnin məhkəmə mübahisəsi olmasını, məhkəmə tərəfindən borc öhdəliyinə dair məsələlərin tam araşdırılaraq tutmanın konkret məbləğ üzərində təyin edilməsini, mənzilin açıq hərracda yalnız məhkəmə qərarı əsasında satılmasının müəyyən edilməsini nəzərə almamışdır. Bundan əlavə, notariat orqanı qanunsuz şəkildə borc müqaviləsi üzrə öhdəliyin icrası üçün tələbə dair prosessual müddətin (3 il) tələbkar tərəfindən (borc verən) üzrsüz səbəbdən buraxılmasını nəzərə almadan qanunsuz icra qeydi tərtib etmişdir. Belə olan halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Abşeron rayonu 2 saylı Notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirdi ki, İddiaçı sonuncu dəfə 2020-ci ilin avqust ayında ona ödəniş etmişdir. O, borcunu tam şəkildə 2016-cı ilin dekabr ayına qədər ödəməli olduğu halda bu günədək ödəməmişdir. Məhkəmə tərəfin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə 17.02.2016-cı il tarixdə qeydə alınmışdır. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 21.07.2016-cı il tarixli 308441 №-li arayışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı, X5, X3 və X6 qeydiyyatdadırlar. Mülki işin materiallarından olan 21.07.2016-cı il tarixli 3M-1249 saylı kredit müqaviləsindən müəyyən edilir ki, “borc verən” X4 “borc alan” İddiaçı 50000 manat məbləğində borc pul verir və sonuncu həmin məbləği 21.12.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarından olan 21.07.2016-cı il tarixli 3M-1250 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, “ipoteka qoyan” İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 107.4 kv/m, yaşayış sahəsi 56 kv/m, yardımçı sahəsi 51.4 kv/m olan 2 otaqlı fərdi yaşayış evini 3M-1249 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “ipoteka saxlayan” X2 xeyrinə ipoteka ilə yüklü edir. Həmin ipoteka müqaviləsi ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir. Mülki işin materiallarından olan 21.07.2016-cı il tarixli 7E-4211 №-li, 7E-4214 №-li və 7E-4216 №-li notariat orqanında təsdiq edilmiş ərizələrdən müəyyən edilir ki, müvafiq olaraq X3, X5 və X1 Paşa Kazım oğlunun istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekaya (girova) qoyulmasına etiraz etmir və ipoteka (girov) ilə yüklü edilmiş əmlaka (girov predmetinə) tutma yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdürlər. Mülki işin materiallarından olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışdan müəyyən edilir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə 23.07.2016-cı il tarixdə X2 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işin materiallarından olan Abşeron rayonu 2 saylı Notariat Kontorunun 21.07.2016-cı il tarixli 146 №-li məktubundan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilməsinə dair müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən xahiş edilmişdir. Mülki işin materiallarından olan 06.04.2021-ci il tarixli 8İ-2053 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən müəyyən edilir ki, X2 tələbi ilə İddiaçı 50000 manat tutulması və tutmanın İddiaçı məxsus ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 3 ünvanında yerləşən əmlaka yönəldilməsi və 30 gün müddətinə boşaldılması qərara alınmışdır. Mülki işin materiallarından olan 07.04.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına 07.04.2021-ci il tarixdə daxil olmuş Abşeron rayonu 2 saylı Notariat Kontorunun 2053 nömrəli, 07.04.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və 3-cü şəxs notariusda kredit müqaviləsi imzalamış və həmin müqavilənin təminatı üsulu kimi iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini 3-cü şəxsin xeyrinə ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü etmişdir. Cavabdeh notariusun icra qeydi ilə iddiaçından 50000 manatın tutulması və tutmanın həmin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qərara alınmışdır. Həmin icra qeydi Abşeron rayon İcra və probasiya şöbəsinə daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Hazırda iddiaçı icra qeydini mübahisələndirir və həmin icra qeydinin ləğvi tələbi ilə məhkəməyə müraciət edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının” notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısında” nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-2053 nömrəli, 06.04.2021-ci il tarixli icra qeydinin ləğv edilməsini tələb etsə də, icra qeydinin ləğvi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununda və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, mübahisələndirilən icra qeydi “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan tələblərə uyğun tərtib edilmiş, notarius tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş, notariat ofisi tərəfindən icraya yönəldilmiş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan tələblərə uyğun olduğundan icra məmuru icra qeydini qəbul etmiş, icraata başlama haqqında qərar qəbul etmiş və qərarı bildirişlə birlikdə borcluya göndərmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisələndirilən icra qeydinin məzmunu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş tələblərə də uyğundur. Belə ki, mübahisələndirilən icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məlumatları özündə əks etdirmiş və icra olunması üçün icraya yönəldilmişdir. Bundan əlavə, iddiaçı notariat orqanının borc müqaviləsi üzrə öhdəliyin icrası üçün tələbə dair 3 illik müddətin tələbkar (borc verən) tərəfindən üzrsüz səbəbdən buraxılmasını nəzərə almadan icra qeydini tərtib etdiyini iddia etsə də, işin məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, borclu tələbkara sonuncu ödənişi 2020-ci ilin avqust ayında etmiş, icra qeydi isə 2021-ci ilin aprel ayında verilmişdir. Beləliklə, borclu ilə tələbkar arasında münasibətlər davam edən münasibət olduğundan burada icra qeydinin tərtib edilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu 2 saylı notariat ofisinə qarşı (3-cü şəxs: X4) icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar