Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4092/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili-nümayəndəsi Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinin Xüsusi notariusu X3 tərfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli 8İ-17564 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən 08 dekabr 2023-cü il tarixində reyestr nömrəsi 8İ- 17564 olan icra qeydi tərtib edilmiş, həmin icra qeydi icra olunması üçün AR Ədliyyə Nazirliyi Abşeron rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra qeydində "xxxx" ASC-nin xeyrinə İddiaçındən DCL00297772-02 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 32.746,48 (otuz iki min yeddi yüz qırx altı manat 48 qəpik) manat pulun tutulması qeyd edilmişdir. Bundan əlavə borclu İddiaçı MMC-dən 12.707,73 (on iki min yeddi yüz yeddi manat 73 qəpik) manat məbləğində cərimə, penya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla ümumlikdə 45.479,21 (qırx beş min dörd yüz yetmiş doqquz manat 21 qəpik) manat məbləğində pulun tutulmalı olduğu qeyd edilmişdir. 15 dekabr 2023-cü il tarixində Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhz belə bir qərarın varlığından 28 dekabr 2023-cü il tarixində xəbər tutmuşlar. 30 dekabr 2023-cü il tarixində rəsmi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək icra qeydinin surətini almışdır. Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən 08 dekabr 2023-cü il tarixində tərtib edilmiş icra qeydinin heç bir hüquqi əsası yoxdur. Belə ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında imzalanmış olan DCL00297772-02 nömrəli müqaviləyə əsasən Borclu tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmişdir. Tələbkar "xxxx" ASC tərəfindən hesablanmış olan əsas borc məbləği və həmin məbləğə hesablanmış cərimə və penya məbləği həddindən artıq şişirdildiyi üçün yaranmış olan ümumi borc məbləği mübahisəli bir məbləğdir. Borclu ilə tələbkar arasında daha əvvəlcədən alınmış olan kredit məbləği ilə bağlı borclu tərəfindən aparılan ödənişlərin əsas və faiz məbləğindən silinməsinin düzgün formada aparılmaması ilə bağlı mübahisəsindən notariat orqanının xəbəri ola bilməzdi. Sadəcə bildirişə cavab verilməməsi borcun mübahisəsiz olması ilə nəticələnməməli idi. Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən 08 dekabr 2023-cü il tarixində tərtib edilmiş icra qeydinin ləğv edilməsi üçün 09 yanvar 2024-cü il tarixində ona rəsmi qaydada müraciət etdik. Maraqlı olan haldır ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən qeyd edilən müraciətə cavab verilməmişdir. Daha sonradan həmin icra qeydi icra edilməsi məqsədi ilə Abşeron rayon icra və Probasiya Şöbəsinə həvalə edilmiş və həmin şöbənin icra məmuru X1 tərəfindən 15 dekabr 2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə sonuncunun imzalamış olduğu 08 sentyabr 2021-ci il tarixli DCL00297772-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 79.405,00 (yetmiş doqquz min dörd yüz beş) manat məbləğində illik 17% həddində olmaqla 12 (on iki) ay müddətinə kredit xətti açılmışdır. Həmin kredit xəttinə əsasən verilmiş olan kredit xəttinə illik 32% (gündəlik 0,0889%) olmaqla cərimə faizinin hesablanacağı qeyd olunmuşdur. Tərəflər arasında imzalanmış kredit xətti müqaviləsinin şərtlərinə əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-dən 09 sentyabr 2021-ci il tarixində 43.000 (qırx üç min) manat, 10 sentyabr 2021-ci il tarixində 17.500 (on yeddi min beş yüz) manat, 12 oktyabr 2021-ci il tarixində 1.440,00 (bir min dörd yüz qırx) manat olmaqla ümumlikdə 61.940,00 (altmış bir min doqquz yüz qırx) manat pul vəsaiti kredit olaraq cəlb edilmişdir. 2021-ci ildə ümumlikdə İddiaçı MMC tərəfindən "xxxx" QSC-nə 2.572,49 (iki min beş yüz yetmiş iki manat 49 qəpik) manat pul vəsaiti ödənilmişdir ki, bu vəsaitin tamamı "xxxx" ASC tərəfindən faiz borcuna silinmişdir. 2022-ci il tarixində ümumlikdə İddiaçı MMC tərəfindən "xxxx" ASC-nə 10.714,60 (on min yeddi yüz on dörd manat 60 qəpik) manat pul vəsaiti ödənimişdir ki, bunun 298,53 (iki yüz doxsan səkkiz manat 53 qəpik) manat hissəsi əsas borcdan, 7.897,32 (yeddi min səkkiz yüz doxsan yeddi manat 32 qəpik) manat faiz borcundan, 2.518,75 (iki min beş yüz on səkkiz manat 75 qəpik) manat cərimə borcundan silinmişdir. 14 sentyabr 2022-ci il tarixində qabaqcadan ödəniş qaydasında edilən ödəniş bank tərəfindən tamamilə cərimə borcu olaraq silinmişdir. Həmçinin 31 oktyabr 2022-ci il tarixində qabaqcadan ödəniş şəklində həyata keçirilən 2.190,00 (iki min yüz doxsan) manatlıq ödəniş tam şəkildə cərimə borcuna silinmişdir. 2023-cü il tarixində 28 avqust 2023-cü il tarixinə qədər 30.816,99 (otuz min səkkiz yüz on altı manat 99 qəpik) manat pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-nə ödənilmişdir ki, bunun 28.894,99 (iyirmi səkkiz min səkkiz yüz doxsan dörd manat 99 qəpik) manat pul vəsaiti əsas borcdan, 1.922,00 (bir min doqquz yüz iyirmi iki) manatlıq hissəsi tam şəkildə cərimə borcuna silinmişdir. İşdə də olan cədvəldən göründüyü kimi İddiaçı MMC tərəfindən ödənişlərin aparılmasında gecikmə olmadığı halda 1.922 manatlıq vəsait birbaşa faiz borcuna silinməkdə və bunun səbəbləri ilə bağlı Cəmiyyətə məlumat verilməməkdədir. "xxxx" ASC-dən əldə edilən maliyyə arayış cədvəlinə əsasən İddiaçı MMC tərəfindən 08 sentyabr 2021-ci il tarixli kredit xətti üzrə alınmış olan kreditə görə "xxxx" ASC-yə 29.193,52 (iyirmi doqquz min yüz doxsan üç manat 52 qəpik) manat əsas borc, 10.469,81 (on min dörd yüz altmış doqquz manat 81 qəpik) manat faiz borcu, 4.440,75 (dörd min dörd yüz qırx manat 75 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 44.104,08 (qırx dörd min yüz dörd manat 08 qəpik) manat pul vəsaitinin ödənildiyi qeyd olunmuşdur. Cəmiyyət tərəfindən bu günə qədər ümumlikdə 44.104,08 manat pul vəsaiti ödənildiyi halda, BANK bunun 10.469,81 manatlıq hissəsini faiz borcuna, gecikmə olmadığı halda 4440, 75 manat cərimə borcuna silmiş, bu səbəbdən 32.746,48 manatlıq borcunun olduğu qeyd edilmişdir. Bir digər maraqlı məqam ondan ibarətdir ki, cəmiyyət tərəfindən kredit vəsaitləri vaxtında ödənildiyi halda 4.440,75 manatlıq cərimə yazaraq ödənilən pul vəsaitindən silməklə yanaşı, icra qeydində yenidən əlavə olaraq 12.707,73 manat cərimə borcu hesablanmışdır. İşdə olan materiallardan da göründüyü kimi İddiaçı MMC tərəfindən verilən hazırki iddia üzrə tələb mübahisəlidir. Hər nə qədər cavabdeh notarius bankın tələbini mübahisəsiz olduğu və bu səbəbdən qeyd edilən borcun mübahisəsiz qaydada tutulmalı olduğu qənaətinə gəlmişsə, Cəmiyyət tərəfindən ödənilmiş olan vəsaitlər Bank tərəfindən qəbul edilərək Cəmiyyətin kredit borcuna münasibətdə düzgün hesablanmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, icra qeydi ilə bağlı bildiriş cəmiyyətə göndərilib, lakin bildiriş ilə bağlı heç bir etiraz verilməmişdir. Hesablanmış məbləğlər düzgün hesablanmayıb. Çünki cərimə məbləği əsas borcun 33 faizi miqdarındadır. Bu da ekspertiza keçirilməsi zərurəti yaradır. Cəmiyyət ümumiyyətlə ödənilmiş məbləğlərdən faiz, cərimə və əsas borclarına nə qədər ödənilməsini bilmir. Bu da yalnız ətraflı araşdırma nəticəsində öyrənilə bilər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz etdi və onun əsassız olduğundan rədd edilməsini xahiş etdi. O, bildirdi ki, bankla cəmiyyət arasında olan öhdəlikləri maliyyələşdirmə üçün ərizəyə əsasən İddiaçı MMC-yə öhdəliklər 343 gün icra edilmədiyindən xx.xx.2023-cü il tarixdə borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmişdir. Həmin bildiriş xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə çatdırılmışdır. Bildiriş qəbul edildikdən sonra 20 gün müddətində borc ödənilmədiyi üçün bank tərəfindən icra qeydi tutulması üçün elektron qaydada notariat sistemi vasitəsilə müraciət edilmiş və qanunvericiliklə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Bundan sonra Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq qaydada icra qeydi verilmişdir. İddiaçı tərəfin müddət keçdikdən sonra icra qeydini mübahisələndirilməsi əsassızdır və iddia tələbi borcun ödənilməsini yubatmaq məqsədilə verilmişdir. İş üzrə cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmişdir. Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu Bahadur İslamov məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-17564 saylı xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, "xxxx" ASC-nin xeyrinə "xxxx" MMC-dən 32 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 32746 manat 48 qəpik (otuz iki min yeddi yüz qırx altı manat qırx səkkiz qəpik), 12707 manat 73 qəpik (on iki min yeddi yüz yeddi manat yetmiş üç qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 45479 manat 21 qəpik (qırx beş min dörd yüz yetmiş doqquz manat iyirmi bir qəpik) pul tutulmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli, DCL00297772-02 nömrəli maliyyələşdirmə üçün ərizədən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə illik 17% həddində olmaqla 12 (on iki) ay müddətinə qaytarılmaq şərtilə 79.405,00 (yetmiş doqquz min dörd yüz beş) manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit xəttinə əsasən verilmiş olan kredit xəttinə illik 32% (gündəlik 0,0889%) olmaqla cərimə faizinin hesablanacağı qeyd olunmuşdur. İşdə olan Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Abşeron Rayonu 1 Saylı Notariat Kontorunin 8İ-17564 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu İddiaçınə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən borclu İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu xx.xx.2021-ci il tarixli, DCL00297772- 02 nömrəli maliyyələşdirmə üçün ərizə ilə bağlı yaranmış borcun ödənilməsi üçün xəbərdar edilmiş, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişin göndərilməsi ilə bağlı 822503 saylı xəbərnamədən görünür ki, İddiaçı MMC-nin adından Elvin İskəndərov xx.xx.2023-cü il tarixdə zərfi qəbul etmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli, DCL00297772-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən İddiaçı MMC "xxxx" ASC-dən 12 ay müddətinə illik 17 % ödəmək şərtilə 79405 manat kredit xətti açılmışdır. Borc vaxtında ödənilmədiyinə görə bank ərizə ilə notariat orqanına müraciət etmiş, Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən 8İ-17564 saylı xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. İcra qeydinə görə İddiaçı MMC-dən "xxxx" ASC-nin xeyrinə cəmi 45479,21 manat pul tutulmalıdır. Hazırda İddiaçı MMC Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-17564 saylı 08 dekabr 2023-cü il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində İddiaçı MMC icra qeydinin ləğv edilməsinə əsas kimi Cəmiyyət tərəfindən ödənilmiş olan vəsaitlərin Bank tərəfindən qəbul edilərək Cəmiyyətin kredit borcuna münasibətdə düzgün hesablanmamasını göstərmişdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Təlimatın 162-ci maddəsinə görə icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısındakı 2-ci bəndə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İş materiallarından da görünür ki, məlum icra qeydi verilərkən Notariat Ofisi tərəfindən qanun pozuntusuna yol verilməmişdir. İşdəki xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, kreditor "xxxx" ASC tərəfindən borclu İddiaçı MMC-yə ümumilikdə 45454,21 manatı borcunun 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Lakin İddiaçı MMC həmin bildirişə heç bir münasibət (borcun ödənilməsi və ya etiraz) bildirməmişdir. Bu hal iddiaçının vəkili-nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda da öz əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri məlum icra qeydinin ləğv edilməsi üçün əsas deyildir. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapmır. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4092/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4092/2024
05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver