Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4204/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə 31 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi zərərin əvəzi olaraq İddiaçı1 200000 manat, keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə İddiaçı2 100000 manat olmaqla, cəmi 300000 manat pulun Cavabdeh alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinin tələbləri baxımından tədbir görülməsini, habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, ona dəymiş mənəvi zərərə görə iddia tələbində göstərdiyi məbləğə əlavə olaraq 50000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 doktorluq dissertasiyasını müdafiə edərkən X1 (ŞAR) 2018-ci ildə işlədiyi şöbənin müdiri Cavabdehla arasında mübahisə yaranmışdır. O, fizika üzrə fəlsəfə doktoru, dosentdir və elmlər doktoru üzrə doktorantura təhsilini də bitirmişdir. Cavabdeh əvvəlcə ŞAR-ın digər əməkdaşlarını onun üstünə salmış, bu da alınmadıqda onun özü iddiaçının elmlər doktoru dissertasiyası müdafiə etməyinə əngəl yaratmaqdan ötrü əleyhinə şər-böhtanlar danışıb şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağılamaq yolunu tutmuşdur. Bu səbəbdən iddiaçı əvvəlcə cavabdeh və digərlərindən AMEA-nın rəhbərinə şikayət etsə də, problem həll olunmamış, əksinə cavabdeh onun əleyhinə təqdimatlar verərək onu işdən çıxartdırmış, daha sonra ona həsr etdirdiyi Rəsədxana iclaslarında haqqında müxtəlif böhtanlar uyduraraq onu “fərari” adlandırmış, daha sonra da onu “rəsmi sənədlərini saxtalaşdıran şəxs” adlandırmağa başlamışdır. Cavabdeh bildirmişdir ki, guya iddiaçı demişdir ki, onun hərbi biletində naməlum qeyd var və bu qeyd həmişə onu xilas edəcək. Daha sonra cavabdeh onun əmək kitabçasında 3 il boşluq olmasını və deməli bu sənədi saxtalaşdırdığını uydurmuşdur. Qarşılıqlı yazışmalar böyümüş, cavabdeh rəsədxanada onun əleyhinə iclaslar təşkil etdirib, şər-böhtanları ona ünvanlamağa başlamış və özünə bir neçə tərəfdar toplaya bilmişdir. Daha sonra onu onu şərəf və ləyaqətini aşağıladığı bəhanəsilə məhkəməyə vermişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh ŞAR-ın iddiaçıya həsr olunmuş ilk 21.06.2018-ci il tarixli Elmi Şurasının iclasında öz çıxışını rəsmiləşdirərək yazılı şəkildə hamıya yaymışdır. Həmin çıxış mətni sonradan ona verilmişdir. Cavabdeh 25 iyun 2018-ci il tarixdə ŞAR Həmkarlar Təşkilatının iclasını təşkil etdirib orada da eyni məzmunda çıxış etmişdir. Həmin çıxışda səslənən fikirlər tamamilə əsassızdır və yalandan ibarətdir. İddiaçı 2003-cü ildə ŞAR-a işə qəbul olunarkən onun hərbi bileti istənilmişdir və bütün səhifələrinin surətini çıxarıb özünə qaytarmışlar. Cavabdehin belə nitqlər söyləməsi onu gözdən salmağa xidmət etmişdir. İddiaçı 2013-cü ildə Rusiyanın Astronomiya jurnalında çap olunmaq üçün elmi məqalə göndərmişdir. Lakin həmin elmi məqalə sözügedən jurnalda 2013-cü ilin 4-cü nömrəsində çap edilmişdir. Göründüyü kimi, cavabdeh onun işgüzar nüfuzunu qəsdən aşağılayıb gözdən salmaqla məşğul olmuşdur. Əks halda, o cür mənfi rəydən sonra iddiaçının elmi məqaləsi xarici jurnalda çap edilməzdi. Cavabdehin tələbi ilə onun dissertasiya işinin və bütövlükdə elmi fəaliyyətinin araşdırılması, o cümlədən hərbi biletinin və əmək kitabçasının onun planlaşdırdığı çirkin məqsədlərə uyğun qaydada araşdırılması üçün 5 nəfərlik komissiya yaradılmış, iddiaçıya şiddətli töhmət verilmiş, ardınca qanunsuz olaraq işdən azad etdirmişdir. İddiaçı2 müxtəlif orqanlara sorğular vermiş və müəyyən sənədlər əldə etmişdir. Həmin sənədlərdə onun 2 dəfə fərarilik etməsi və cinayət törətməsi hadisəsi təsdiqini tapmamışdır. Cavabdeh və onun havadarlarının təşkil edib sonra internetdə, sosial şəbəkələrdə yaydığı belə məlumatlar yalan və böhtandan ibarətdir. Bu səbəbdən iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edib çıxışında iddiaçıların iddia etdikləri fikirləri səsləndirmədiyini bildirərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçıların şifahi vəsatəti ilə şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, AMEA-nın N.Tusi adına X2 və Veteranlar Şurasının sədri və aparıcı elmi işçisi vəzifəsində işləyir. İddiaçının elmi fəaliyyətinə yaxından bələd olmaqla onu yüksək qiymətləndirir. Cavabdehi əməkdaşlar arasında intriqalar yaradan şəxs olaraq tanıyır. Onun iddiaçı haqqında dediyi fikirlər tamamilə yanlışdır. Məhkəmə iclasında iddiaçıların şifahi vəsatəti ilə şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, “Şəffaflıq” qəzetinin təsisçisi və baş redaktorudur. Hazırda İddiaçı1 həmin qəzetin və saytın işçisidir. İddiaçı1la söhbət əsnasında bəlli olmuşdur ki, ona ünvanlanan ittihamların hamısı şər-böhtandan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin öz fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından və sübutlardan müəyyən edilir ki, iddiaçılar tərəfindən Cavabdeh çıxışlarında İddiaçı1 şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə gətirə biləcək məqamların mövcudluğu sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyası fikir və söz azadlığına təminat verir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd edilənlər işin faktiki hallarından irəli gələn, tərəfin mübahisələndirilən hüquq sferasında fikir və söz azadlığının, müstəqil düşüncəsinin təzahürüdür. Cavabdehin fikirlərinin şərəf və ləyaqətin alçaldılması olaraq qiymətləndirilməsi insanı onun iradəsindən kənar, başqa cür düşünməyə məcbur etmək kimi qiymətləndirilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçılar tərəfindən onların keçirdikləri fiziki və mənəvi sarsıntılar barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı dəymiş mənəvi zərərin ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinin tələbləri baxımından tədbir görülməsi” hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyildir və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıların iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etmələrinə baxmayaraq bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin əməllərində cinayət tərkibinin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı dəymiş mənəvi zərərin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4204/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4204/2021
31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver