Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4212/2021 25.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdehlər ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə, Hökməli qəsəbə Bələdiyyəsinə və X3 qarşı çıxarışın ləğv olunması tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə. Hökməli qəsəbə Bələdiyyəsinə və X3 qarşı çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı X2 adına bərabər paylı mülkiyyətlə 03.06.2015-ci il tarixli **********29-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Nikahın pozulmasına qədər həmin çıxarış barədə məlumatı olmamışdır. Həmin çıxarışın ilkin sənədləşməsi saxtalaşdırılmışdır. Belə ki, çıxarışda qeydə alınan ev bacısı oğlu X6 məxsusdur. Kommunal qeydiyyatı və ilkin sənədləşmələrdə öz əksini tapmışdır. O, hal-hazırda Almaniyadadır. Keçmiş yoldaşı bacısı oğlunun Almaniyada olmasından sui-istifadə edərək qonşudan evə aidiyyəti olmayan, tamamilə kənarda yerləşən JN-335A nömrəli torpağın 0.0135 ha sahəsini alqı-satqı müqaviləsi ilə almış, həmin sahənin koordinatlarını Hökməli Bələdiyyəsində dəyişdirmişdir. Ləğv edilmiş DTXK-nin verdiyi koordinatlardakı faktiki sahənin üzərinə salmış, planı və ölçünü qeyri qanuni dəyişdirmişdir. Buna görə Hökməli bələdiyyəsindən məktub və baş plandan çıxarış alaraq reyestr xidmətinə təqdim edərək, faktiki uyğunsuzluq olan sənədlərlə qeyri-qanuni olaraq evi torpağa yerləşdirərək qeydə aldırmışdır. DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi saxtalaşdırılmış sənədləri qəbul etmiş və qeydə almışdır. O, aidiyyəti üzrə ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə dəfələrlə müraciətlər edib sənədlərin yoxlanılmasını və ləğv edilməsini tələb etmişdir. Oradan ona sənədlərdə uyğunsuzluğun olduğu bildirilmişdir. Lakin ləğv edilməsinin məhkəmə qaydasında olduğunu şifahi bildirərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşlə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsi 2- 1(118)-1189/2021 saylı, 22 iyun 2021-ci tarixli qərardadla işin mülki məhkəmədə baxılmasını tövsiyə etmişdir. Eyni zamanda izah etmişdir ki, guya o, bacısı oğlunun hüquqlarının müdafiəsi ilə məşğul olur. Mübahisələndirilən fərdi-yaşayış evində faktiki yaşayır. Bacısı oğlu gedərkən evini yaşamaq üçün ona vermişdir. Cavabdeh evə saxta yolla çıxarış almışdır. O, çıxarışa onu da payçı olaraq daxil etmişdir. Payçı olaraq sənədlərin saxtalaşdırılmasını iddia edir və çıxarışın ləğvini tələb edir. Odur ki, hazırda iddia tələbi ilə məhkəməyə müraciət edərək, X2 adına onunla bərabər paylı hüquqla verilmiş, 03.05.2015-ci il tarixli, **********29 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağı məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdeh Hökməli qəsəbə Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyib, izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilənlərin hüquqi əsası yoxdur. Odur ki. İddia tələbinin rədd edilməsini xahiş etdi. Digər cavabdeh X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki. 2008-ci ildə iddiaçı ilə nikaha daxil olmuşlar, birgə nikahlarından 2010-cu ildə övladları olmuşdur. 2008-ci ildə yarımtikili evə gəlin köçmüşdür. Sonra həmin evdə yaşayaraq evi tikdirmişlər. Mübahisəli ev və torpaq sahəsi qonşunun adına rəsmiləşdirilmişdir. Sonra o, torpağın sənədləri ilə maraqlanaraq torpağın sənədlərini düzəltmiş, torpaq və evə çıxarış almışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 64.8 kv.m olan əmlak daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 26.09.2019-cu il tarixdə X2 və İddiaçı adına qeydiyyata alınmışdır. - Texniki pasportun surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair texniki pasport 24.09.2019-cu il tarixdə tərtib olunaraq təsdiq edilmişdir; - Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2-1(118)-1189/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh1nə qarşı X2 adına onunla bərabər paylı hüquqla verilmiş, 03.05.2015-ci il tarixli, **********29 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21.10.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN- 335A nömrəli “torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamə əsasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında 0.0135 ha torpaq sahəsi X2 adına 03.06.2015-ci il tarixli, **********29 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, çıxarış və “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Sözügedən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş koordinat məktubu əsasında verilmişdir. Bundan başqa, bildirilmişdir ki, X2 adına olan 0.0135 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə sənəd arasında uyğunsuzluq olduğu üçün Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında 23.06.2016-cı il tarixdə, ********** nömrəli ərizə ilə torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq “torpaq sahəsinin planı və ölçüsü” sənədinə cari dəyişiklik edilmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki. İddiaçı ilə X5 arasında olan nikah 01 may 2018-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı arvadı cavabdeh X2 adına 12.07.2016-cı il tarixli **********29-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. İddiaçı ilə X2 nikahı 01 may 2018-ci ildə pozulmuşdur. Bundan sonra X2 adına ********** qeydiyyat nömrəli (1/2 hissə), İddiaçı adına ********** qeydiyyat nömrəli (1/2 hissə) olmaqla çıxarış verilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, X2 adına onunla bərabər paylı hüquqla verilmiş, 03.05.2015-ci il tarixli, **********29 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun əmələ gəlməsi və ona xitam verilməsi əsasları sırasında olan özəlləşdirmə (o cümlədən dövlət mənzil fondunun özəlləşdirilməsi) mülkiyyətin bir növünün digərlərinə keçid sərbəstliyinə (ictimai və dövlət maraqları ilə bağlı hallar istisna olmaqla), habelə iqtisadi fəaliyyətin azadlığına təkan verən üsul kimi Konstitusiyanın prinsip, ideya və normalarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarını, istinad edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddiaçı iddia tələbi ilə bağlı yetərli sübutlar təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə, Hökməli qəsəbə Bələdiyyəsinə və X3 qarşı çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4212/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4212/2021
25.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver