Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4213/2025 06.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Vəki oğlunun iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən dağıdılmış izləmə kamerası, liftlərin kart sisteminin proqram təminatı qurğusuna görə MTK ya dəymiş 840 manat ziyanın ödənilməsi və təxribat işi apararaq, özləri və öyrətdikləri adamların kommunal haqlarının ödənilməməsinə dair pozuculuq fəaliyyətləri aparmaqla MTK rəhbərliyinə və idarəediciyə qarşı atdıqları əsassız şər, böhtan, təhqirlərə görə rəhbərliyin işgüzar nufuzuna əsasız xələl gətirdiklərinə görə Abbasov Rəsul Vəkil oğlu, X1 5000 manat təzminat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 aprel 2025-ci il tarixdə Cavabdeh2 binanın birinci girişində quraşdırılmış liftin kart sisteminə dair qurğu və proqram təminatı qurğusunu dağıdaraq MTK və 840 manat ziyan vurmaqla özbaşınalıq etmiş, sakinləri MTK nın idarəedicisinin üzərinə qaldırmış, onun işgüzar nufuzuna xələl gətirən nalayiq hərəkətlər etmişdir. Bütün bunlar MTK tərəfindən aktlaşdırılmışdır. Digər tərəfdən bina sakinləri, 187-ci mənzilin sahibi Abbasov Rəsul Vəkil oğlu və 170 nömrəli mənzilin sahibi X9 idarəetməni ələ almaq məqsədilə qanunsuz olaraq sakinlər arasında pozuculuq fəaliyyəti göstərərək idarəedicinin işini iflic vəziyyətə salmaq üçün kommunal haqlarının ödənilməməsi üçün hər cür təxribata əl atırlar. Binada olan 255-ə qədər mənzil və qeyriyaşayış mülkiyyətçilərindən 60-a qədər mülkiyyətçiləri müxtəlif vədlərlə aldadaraq öz tərəflərinə çəkib kommunal haqlarının ödənilməməsinə təhrik etmişlər ki, bu da digər sakinlərin narahatlığına səbəb olmuş, xidmətə mənfi təsir göstərməkdədir. Bu səbəbdən İdarəedici "xxxx" ASC-yə nasosların, liftlərin işləməsinə sərf olunan elektrik enerjisinin pulunun verilməsində süni əngəl deməkdir. Həm də pulu ödəyən sakinlərin haqlarına girməkdir. Çünki ödəyən sakinlərin hesabına ödəməyənlər də liftdən və sudan istifadə edirlər. Abbasov Rəsul Vəkil oğlu, X9, Cavabdeh2 və onlara qoşulan bir neçə sakinlərin pozuculuq fəaliyyəti barədə Polisə məlumat verilmiş, onlara xəbərdarlıq edilərək izahatları alınmışdır. Lakin adıçəkilən insanlar öz qanunsuz əməllərindən əl çəkməyərək, qrupbazlıq edib MTK rəhbərliyinə əsassız olaraq şər və böhtan atmaqla, müxtəlif efir kanallarını dəvət edərək rəhbərliyin adına təhqiramiz ifadələr, nüfuza xələl gətirən əsassız böhtanlar atırlar. Bu xoşagəlməz hallar artıq 4 aydır davam edir, 200 sakin narahatlığı barədə MTK-ya şikayət edirlər. MTK rəhbərliyi binanın idarə olunmasında heç bir marağı yoxdur, əksinə tezliklə binanın idarəetməsini bacarıqlı kiməsə vermə niyyətini həmin sakinlərə dəfələrlə bildirmişdir. Lakin hər şey qanun daxilində, sivil yolla olmalıdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı MTK-nın direktoru X10 elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh2baba oğlunun MTK tərəfindən binanın 1-ci girişində (təhlükəsizlik və oğurluq hallarına qarşı) liftdə quraşdırılmış müşahidə kamerası, lift kart sisteminin avadanlıqları və proqram təminatları dağıdaraq bərbad hala salması MTK-ya 840 manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Hadisənin video görüntüsü və hadisənin törədilməsi barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunaraq müvafiq orqanlara təqdim olunmuş, lakin izahatları alınmaqla heç bir tədbir görülməmişdir. Cavabdeh Abbasov Rəsul Vəkil oğlu xx.xx.2024-cü ildə MTK-nın elektrik təsərrüfatının təhlükəli zonasına icazəsiz daxil olmuş, avtomat qurğulara müdaxilə etməklə baş elektrik paylayıcı avtomatına ziyan vuraraq onu sıradan çıxartmış, özünə və ətraf üçün təhlükəli şərait yaratmışdır. Onun bu özbaşınalığı barədə akt tərtib olunmuş və dəymiş ziyan 460 manat təşkil etmişdir. Həmin qurğunun yenisi alınaraq sakinlərin işıq məsələsi bərpa olunmuşdur. Digər tərəfdən pozuculuq fəaliyyəti göstərən cavabdehlər Rəsul Abbasov və Teymur Mansurov sakinlər arasında təbliğat apararaq özləri kommunal haqlarını ödəmədikləri halda digər sakinlərin də komunal haqlarının verilməsinə mane olur, aylıq kommunal haqları yığılsa, 6000 manat eləmədiyi halda (yarısı yığılmır) efirdə və sakinlər arasında çıxış edərək rəhbərliyin ayda 10000 manat kommunal haqlarını mənimsədiklərini deyərək əsassız şər-böhtan atmaqla məşğul olaraq rəhbərliyin nüfuzuna xələl gətirirlər. Qrup halında pozuculuq fəaliyyəti göstərən bu sakinlər 250 mülkiyyətçisi olan binada rəhbərliyə qarşı əsası olmayan şayələr, korrupsiya, yeyinti və hətta TV kanallarını dəvət etməklə əsassız şər böhtan yaydırmaqla MTK rəhbərliyinin işgüzar və ictimai nüfuzuna ciddi zərbələr vurmaqla məşğul olurlar. 200 sakininin qapılarını döyməklə, imza, sənəd toplamaqla məşğul olan bu insanlar narahatlıq yaradır, insanları bezdirərək hər cür çirkin vasitələrdən istifadə edirlər ki, onların kommendant seçilmək ambisiyaları həyata keçsin. Onların bütün bu hərəkətlərinə dair kifayət qədər sübut və dəlillər əllərindədir. Bütün bunları və sadalamadığını çoxsaylı pozuculuq faktlarına dair çirkin əməllərinə baxmayaraq, yenə də öz hərəkətlərinə davam edib idarəetməni pozur və əngəllər yaradırlar. 200 özünə hörmət edən sakinlərin istək və mənafeyini 20-30 özünə hörmət etməyən, böyük-kiçik bilməyən adamların ambisiyasına qurban verib MTK-nı idarəetmə məsuliyyətindən azad etmək və idarəetməni belə insanların ixtiyarına buraxmaq istəmir. Bu insanlar öz aralarında idarəedici təyin etməklə saxtakarlıq edib sakinlərdən nəğd kommunal pulları da yığaraq vəkil, məhkəmə xərclərini qarşılaması fikirləri də dolaşır. Qanunsuz ödəniş edən sakinlərin səs yazıları var. Cavabdeh olaraq Cavabdeh2bala oğlu özbaşınalıq edərək MTK-ya vurduğu 840 manat maddi ziyanı, Abbasov Rəsul Vəkil oğlu 460 manat vurduğu ziyanı ödəməklə və hər üç cavabdehin MTK rəhbərliyi və idarəedicisinə şər, böhtan ataraq efirdə və sakinlər arasında əsassız çıxışları ilə işgüzar və ictimai nüfuzuna zərbə vurduqları üçün 5000 manat təzminat ödəmələrini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o öz pulu ilə MMC yaratmış, sahibkar olaraq ******* manat xərc çəkmişdir. Onun icazəsi olmadan aparatı sökərək ona vermişlər, aparatın istifadəyə yararlı olub-olmaması barədə məlumatı yoxdur. Cavabdehlər komendantın işini pozur. Sayğacı yanmasına səbəb olaraq ona maddi ziyan vurmuşlar. Cavabdeh3 elektrik naqillərini sıradan çıxarmış, cərimə olunmuşdur. Cavabdeh2 aparatı sökmüş, proqrama ziyan vurmuşdur. Cavabdeh1 onun nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, televiziyadan bir çəkiliş qrupu gəlmiş, bu zaman o sadəcə baş verənləri bildirmişdir. Bu səbəbdən hazırda iddiaçı ona qarşı iddia qaldırmışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, polisə müraciət edilən gün aparat çıxardılmışdır, qərardad əvvəl çıxardılıb. Polis idarəsində iddiaçının nümayəndəsi şəxsən özü izahatında “aparatı sökün, gətirin” deyə bildirmişdir. O, ustadır. Polis rəisinin yanında Nümayəndə sökməyə razılıq verdikdən sonra videoçəkilişlə qeydə alaraq səliqəli şəkildə proqrama ziyan vurmadan, səliqəli şəkildə sökərək həmin günün sabahında yararlı şəkildə aparatı özünə - Nümayəndə təqdim etmişdir. Belə ki, liftdən istifadə etmək bütün sakinlər tərəfindən mümkün olmadığından bunu etməli olmuşlar. Lakin heç bir ziyan vurulmamış və video çəkilişdə də, bu aydın görünür. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı binanın idarəçiliyini onlara verməlidir, lakin bina təhvil verilmir. Bununla bağlı tərəflərindən məhkəməyə müraciət olunmuş və məhkəmə qətnaməsi ilə iddiaları təmin olunmuş, İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 265 saylı çoxmənzilli binadan çıxarılmış, binanın idarəetməsindən kənarlaşdırılmış, binaya dair bütün sənədlər, əmlaklar Abşeron rayon Xırdalan Bələdiyyəsinə təhvil verilmişdir. İddiaçı tərəfin qeyd etdiyi aparat təxminən 3 ay əvvəl - polisə müraciət edilən gün çıxarılmışdır. Tərəflərindən heç bir maddi ziyan vurulmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş müqavilədən imtina etdiyi üçün iddiaçının qohumu - Bəhruz adlı şəxs onun işığını söndürmüş, bununla bağlı Nümayəndə bildirmiş, daha sonra işiğı yandırmaq üçün naqilləri açmaq istəmiş, lakin bu mümkün olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X28, X29, X6, X13 imzaları ilə təsdiqlənərək tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktda “Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanda inşa olunan 3 girişli, 12 mərtəbəli yaşayış binasının birinci girişində MTK tərəfindən liftdə quraşdırılmış kart sistemi qurğusu, proqram təminatı qurğusu və izləmə kamerası həmin binanın 73 saylı mənzilin sakini Cavabdeh2 tərəfindən dağıdılaraq yararsız hala salınmış, liftin işləməsi rejimi pozulmuş, onu bərpa olunması uçun mütəxəssis dəvət olunaraq liftin işləməsi təmin edilmişdir. Bütün bunlar əlavə xərc hesabına əmələ gəlmişdir. Bütün bu pozuculuq fəaliyyəti MTK-ya 840 manata başa gəlmişdir. Ona görə də Cavabdeh2 MTK-ya dəymiş 840 manat ziyanı və haqqında bu özbaşınalığa görə cəza tədbiri görülməlidir ki, gələcəkdə belə hallar təkrar olmasın” ifadələri qeyd olunmuşdur. -Məhkəmə iclasında elektron daşıyıcı və CD-disk materialı tədqiq edilmişdir. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3445/2025 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 265 saylı çoxmənzilli binadan çıxarılması, X2 və İddiaçı MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 265 saylı çoxmənzilli binanın idarəetməsindən kənarlaşdırılmaları, X6 və İddiaçı MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 265 saylı çoxmənzilli binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakların Abşeron rayon Xırdalan Bələdiyyəsinə təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin İddiaçı MTK-dan X14, X4, X7, X15, X16, X19, X20, X8, X21, X11, X12, Cavabdeh3, X17, Cavabdeh1, X5 və X3 xeyrinə tutulması qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 3(012)-2099/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh3 Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Abşeron Rayon Polis İdarəsinə qaytarılması qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh3 tərəfindən elektrik naqillərinin sıradan çıxması nəticəsində ona nəticəsində zərər dəydiyini irəli sürərək 460 manat məbləğində, Cavabdeh2 tərəfindən aparatın sökülməsi ilə əlaqədar proqrama ziyan dəydiyini iddia edərək 840 manat maddi, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirildiyini irəli sürərək 5000 manat məbləğində mənəvi ziyanın əvəzini məhkəmə qaydasında tələb etmiş, cavabdehlər isə iddia tələbini qəbul etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23-cü maddəsinin tələblərinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X18 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır” Yuxarıda sadalanan normaların məzmunundan və mahiyyətindən müəyyən edildiyi kimi, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddianın əsaslılığı üçün 3 şərt eyni anda mövcud olmalıdır. Yəni hazırki mübahisəyə münasibətdə məhkəmə müəyyən etməlidir ki, cavabdeh tərəfindən iddiaçı barədə işlədilmiş ifadələr şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl yetirən ifadələrdir, həmin ifadələr həqiqətə uyğun deyildir və həmin ifadələr yayılmalıdır. Məhkəmə tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı tələb edilən 840 manat və 460 manat pul məbləğlərinin uyğun olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 təqsiri ucbatından ona maddi ziyan dəyməsi əsasında yarandığını iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirən, təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş CD-disk materiallarında öz əksini tapan videogörüntülərdə Cavabdeh2 diqqətlə aparatı sökməsi aydın şəkildə görünür. Həmçinin iddiaçının nümayəndəsi də öz izahatında aparatın istifadəyə yararlı olub-olmaması barədə məlumatı olmadığını qeyd etmişdir. Eyni zamanda məhkəmə işin faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən cavabdehlər tərəfindən onların iddiaçı barəsində yayıldığı irəli sürülən və işin materiallarında olan məlumatların, ifadələrin şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələr olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın əsassız olması qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş elektron daşıyıcıda yer alan (səsləndirilən) ifadələrdə konkret olaraq hər hansı bir şəxsin adı çəkilmir. Bununla da iddiaçı öz iddiasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmadığından cavabdehlər tərəfindən qeyd edilənlər iddiaçının şərəf və ləyaqətini ləkləyən məlumatlar hesab edilə bilməz. Odur ki, məhkəmə yuxarıda işin qeyd edilənlərə hallarına əsasən hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmədiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı MTK tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Bundan əlavə Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə Abşeron Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat (30 manat + 70 manat) dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4213/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4213/2025
06.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver