Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4250/2024 21.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan ünvan 1 ünvanında olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə vəfat etmiş, mərhum atası X1 ona miras qalmışdır. Atasından miras qalmış əmlakla bağlı 18 saylı Bakı şəhər Notariat ofisində vərəsəlik işi açılmış və vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evi onun adına sənədləşdirilmişdir. Cavabdehlər olan Cavabdeh2 onun keçmiş həyat yoldaşı və Cavabdeh1 isə onun doğma bacısıdır. Cavabdeh2 ilə aralarında olan rəsmi nikah Abşeron Rayon Məhkəməsinin 2(012)- 2639/2024 saylı qətnaməsilə pozulmuşdur. Hal-hazırda Cavabdeh2 , iki azyaşlı övladları ilə Tovuz rayonunda atasına məxsus evdə yaşayır. Digər cavabdeh bacısı Cavabdeh1 isə uzun illərdir xaricdə yaşayır, onunla aralarında atalarından qalmış mirasla bağlı heç bir mübahisə yoxdur. Cavabdeh2 və Cavabdeh1 faktiki olaraq qeyd olunan ünvanda yaşamırlar və onların həmin ünvanda qeydiyyatda olmaları formal xarakter daşıyır. Sonuncuların təqsiri üzündən qanuni mülkiyyətçi kimi mübahisələndirilən evinə o, istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarının ciddi surətdə pozulması deməkdir. Bu səbəbdən də, mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun şəkildə izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir üzürlü səbəb göstərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil iddia tələbi ilə tanış olmaq üçün iclasın təxirə salınmasını xahiş etsə də, növbəti iclaslarda iştirak etməmiş, iddia tələbinə münasibətini məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. İş materiallarında olan; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X13 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********32-10301 reyster nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında ümumi sahəsi 0,0261 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 93,70 kv.metr olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh1, Cavabdeh2, X12 qızı və X9 həmin ünvanda qeydiyyatdadırlar. - xx.xx.2023-cü il tarixli, 2V-44 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş –X2 vərəsəsi ünvan 4i ünvanında qeydiyyatda olan İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 93,70 kv.metr olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0261 ha olan torpaq sahəsində tam pay almışdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2639/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 16 aprel 2013-cü il tarixli, 530 saylı nikahın pozulması, 31 iyul 2014-cü il təvəllüdlü X6 və 10 avqust 2022-ci il təvəllüdlü X9 anaları Cavabdeh2 yanında qalması, xx.xx.2024-cü il tarixdən başlayaraq 31 iyul 2014-cü il təvəllüdlü X3 və 10 avqust 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, iddia tələbi 10 avqust 2022-ci il təvəllüdlü X7 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməsi, cavabdeh İddiaçı 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin aliment hissəsi dərhal icraya yönəldilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli AR-İİ 886470 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 və X4 tərəfindən İddiaçı 5 il müddətinə bir sıra səlahiyyətlər etibar edilmişdir. Etibarnamədən görünür ki, həmin səlahiyyətlərə onlara çatası miras payını qəbul etmək də aiddir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir, cavabdehlərdən Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə onun keçmiş arvadıdır. Cavabdeh1 öz miras payından imtina etmişdir. İddiaçı Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə nikah dövründə Cavabdeh2 qeyd edilən evə qeydiyyata alınmış olsa da, hazırda qeyd edilən mənzildə yaşamır. Məhkəmə iddia tələbinin Cavabdeh1 münasibətdə qeyd edir ki, Cavabdeh1 miras payından iddiaçının xeyrinə imtina etmiş, bununla da qeyd edilən əmlaka dair bütün hüquqlarından məhrum olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. - 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. - 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüququn itirilməsi də qeyri-mümkündür. Ona görə də iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 münasibətdə olan hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, tərəflər arasında mübahisəli evlə bağlı hüquq münasibəti 2013-cü ildən yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. http://e-qanun.az/files/code/data/0/c_c_9.htm Məhkəmə hesab edir ki, işin bu cür halında iddiaçının mövcud iddia tələbi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli Qərarının 3.9-cu bəndində göstərilir ki, ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı arasındakı nikah pozulduğundan, onlar arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlərdən heç biri hazırda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmış olsalar da, lakin hazırda həmin evdə yaşamırlar. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Qərardan daha sonra görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Konstitutsiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüquqa xitam verilməsi qeyrimümkündür. Ona görə də iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 1 ünvanında olan istifadə hüquqlarıın itirlməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4250/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4250/2024
21.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver