Məhkəmə qərarları › İş №2(012)-4274/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4274/2023

12.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4274/2023 12.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların cavabdehin hesabına çıxarılması və qanunsuz hərəkətlərin edilməsinin cavabdehə qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əşyaların cavabdehin hesabına çıxarılması və qanunsuz hərəkətlərin edilməsinin cavabdehə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 306 ünvanda yerləşən 0.0039 (39 kv.metr) ha torpaq sahəsi reyestr № **********87, qeydiyyat № ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğunu nəzərə alıb, həmin torpaqdan istifadə etməyinə mane olan 1 (bir) ədəd kondisaner matoru, 1 (bir) ədəd su çəni və 1 (bir) ədəd bir ədəd pəncərənin Cavabdeh öz vəsaiti hesabına çıxarılması, həmçinin də, cavabdeh tərəlındən qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması və dövlət qaydasında ödədiyi 100 (yüz) manat vəsaitin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 306 ünvanda yerləşən 0.0039 (39 kv.metr) ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Bu barədə iddiaçıya “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” reyestr № **********87, qeydiyyat № ********** olan elektron çıxarış və plan ölçü verilmişdir. Qonşuluqda yerləşən cavabdehə məxsus qanunsuz və sənədsiz inşa edilmiş qeyri-yaşayış sahəsinə dair 1 (bir) ədəd kondisaner matoru, 1 (bir) ədəd su çəni və 1 (bir) ədəd pəncərə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə mane törədir. Baxmayaraq ki, bu barədə dəfələrlə cavabdehə iradını bildirsə də, cavabdeh iradını qəbul etməmiş və iddiaçıya qarşı aqresiv davranmışdır. Cavabdehə məxsus qeyri-yaşayış binasının digər üç tərəfi heç kimə mane olmur, istəsə kondisaner motorlarını və pəncərəni özünə məxsus qeyri-yaşayış binasının digər üç tərəfindən birinə quraşdıra bilər, lakin bunu etmək istəmir, iddiaçıya qarşı qərəzli mövqe göstərərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsini ondan almaq istəyir. Həmin torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuş və hal-hazırda mülkiyyətindədir. Cavabdeh hazırda iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə və ərazidə tikinti inşa etməyinə imkan vermir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan baxaraq iddia tələbini müdafiə etdiyini nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmaını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək, etirazında göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, etiraza əlavə etdiyi 273 saylı qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçının özbaşına tikili adlandırdığı tikili qeyri yaşayış sahəsi olaraq 2003-cü ildə dövlət reyestrində qeydiyyata alınaraq həmin tikilitə texniki pasport verilib, iddiaçı torpaq sahəsindən uzun müddətdir ki, istifadə etdiyini göstərsə də iddia ərizəsinə əlavə etdiyi çıxarışdan görünür ki, 39 kv.m torpaq sahəsinə xx.xx.2023-cü ildə mülkiyyət hüququ əldə etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının mülkiyyətində olan 39 kv.m torpaq sahəsində hər hansı bir tikili mövcud deyildir. Mövcud vəziyyətdə cavabdehin qanuni istifadəsində olan tikilidə quraşdırılmış kondensioner matorunun, 1 ədəd su çəninin və 1 ədəd pəncərənin iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olmasının iddia edilməsi mümkünsüzdür. Belə ki, tikiliyə pəncərə qoyulanda 39 kv.m torpaq sahəsi boş ərazi olmuşdur. Özünəməxsus torpaq sahəsində tikinti işlərinə imkan verilməməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddia ərizəsinə əlavə etdiyi Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, həmin ərazidə tikinti işləri aparılmasına razılıq verilməmişdir. Yəni layihə sənədləri olmayan tikinti işlərinin aparılmasına maneçilik törədilməsi mümkünsüzdür. Başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 39 kv.m ərazidə diametri 22 sm olan şam ağacı vardır. İddiaçı göstərilən ağaca mülkiyyət hüququ əldə etməmişdir. Yəni bəhs olunan ağacın mövcudluğu da həmin ərazidə tikintini məhdudlaşdırır. İddianın hüquqi əsaslandırılmasına münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh tərəfdən iddiaçının mülkiyyət hüququndan istifadəsinə hər-hansı bir maneçilik mövcud deyildir. Eyni zamanda iddiaçı Şəhər Salma və Tikinti Məcəlləsinin 96.5.1 maddəsinə istinad etmişdir. Yuxarıda göstərildiyi kimi cavabdeh tilikiyə mülkiyyət hüququnu 2003-cü ildə əldə edib ki, həmin vaxt Şəhər Salma və Tikinti Məcəlləsi qəbul edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinə verilən etirazı müdafiə edərək, iddia tələbinn təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin vəkili-nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0039 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1246 saylı reyestr kitabının 4 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********87 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh adına 1 nömrəli reyestr kitabının 069 səhifəsində 273 reyestr nömrəsi ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun Xırdalan şəhəri, H.Əliyev pr, 28-də “köhnə bazarın və sağlamlıq mərkəzinin yanında olan ağacın Zaman adlı şəxs tərəfindən kəsilmə ehtimalı olması” barədə idarəyə ünvanladığı müraciəti əməkdaşlar tərəfindən iştirikı ilə yerində araşdırılmışdır. Əraziyə keçirilən baxış zamanı İddiaçı xüsusi mülkiyyətində olan (**********87-saylı reyestr nömrəli) torpaq sahəsində bir ədəd d=22 sm şam .ağacının bioloji inkişafda olduğu müəyyən edilmiş, qanunsuz ağac kəsilməsi faktına rast gəlinməmişdir. Ərazi tərəflərindən nəzarətə götürülmüş və həmin ağacın qorunması mühafizə olunması ilə bağlı Xırdalan Bələdiyyəsinə məktubla müraciət olunmuşdur. - Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində qeyri-yaşayış obyektinin qarşısında tikinti aparılması barədə 11 iyul 2023-cü il tarixli müraciəti Memarlıq və tikinti şöbəsində araşdırılmışdır. Araşdırma zamanı Abşeron rayon Xırdalan şəhəri, Heydər Əliyev prospektində onun istifadəsində olan obyektin qarşısında tikinti işlərinin aparılması aşkar olunmamışdır. Məktubda qeyd olunan ünvanda aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün ünvan nəzarətə götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 306 ünvanda yerləşən 0.0039 (39 kv.metr) ha torpaq sahəsi reyestr № **********87, qeydiyyat № ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğunu nəzərə alıb, həmin torpaqdan istifadə etməyinə mane olan 1 (bir) ədəd kondisaner matoru, 1 (bir) ədəd su çəni və 1 (bir) ədəd bir ədəd pəncərənin Cavabdeh öz vəsaiti hesabına çıxarılması, həmçinin də, cavabdeh tərəlındən qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması və dövlət qaydasında ödədiyi 100 (yüz) manat vəsaitin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa manelər əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0039 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmışdır. Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adına qeydə alınmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən qoyulmuş 1 (bir) ədəd kondisaner matoru, 1 (bir) ədəd su çəni və 1 (bir) ədəd pəncərənin onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə mane törətdiyini iddia etsə də həmin maneyənin həqiqətən də onun hüquqlatrını pozmasına dair hər hansı bir sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə də, iddiaçı iddia tələbində istinad etdiyi həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə də, qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, yalnız çıxarışları və məhkəmə aktını təqdim etməklə kifayətlənmişdir ki, həmin sənədlər də iddia tələbinin əsaslılığının sübut edilməsi üçün kifayət deyildir. Ona görə də iddia ərizəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı əşyaların cavabdehin hesabına çıxarılması və qanunsuz hərəkətlərin edilməsinin cavabdehə qadağa qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar