Məhkəmə qərarları › İş №2(012)-435/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-435/2021

19.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-435/2021 19.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Cavabdeh1 MMC-nin iştirakçısı İddiaçı və onun vəkili-nümyandəsi Vəkil, Cavabdeh1 MMC-nin direktoru (qanuni təmsilçisi) Cavabdeh2 vəkili-nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC-nin iştirakçısı İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh1 MMC-nin direktoru (qanuni təmsilçisi) Cavabdeh2, Cavabdeh1 MMC-nin iştirakçısı Cavabdeh4 və Cavabdeh3 qarşı «məlumatların verilməsinin və iştirakçıların ümumi yığıncağında iştirakının təmin edilməsi vəzifəsinin həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 MMC-nin iştirakçısı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək "Cavabdeh1" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında ona verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "Cavabdeh1" MMC-nin, "Cavabdeh1" MMC-nin direktoru (qanuni təmsilçi) Cavabdeh2, "Cavabdeh1" MMC-nin iştirakçısı Cavabdeh3 və "Cavabdeh1" MMC-nin iştirakçısı Cavabdeh4 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 MMC-nin iştirakçısı İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Nizamnamə kapitalında 33.3 %-lik iştirak payıyla Cavabdeh1 MMC-nin 3 təsisçisindən biridir. Cəmiyyətin təsis edilməsində iştirakı cəmiyyətin fəaliyyətindən mənfəət əldə etmək məqsədi ilə edilmişdir. Lakin Cəmiyyətin dövlət qeydiyyatına alındığı 2010-cu ildən indiyədək nəinki onun fəaliyyətindən hər hansı bir dividend əldə edə bilməmiş, eləcə də Cəmiyyətin təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti, eləcə də hər ildə bir dəfədən az olmayaraq çağırılması qanunvericiliklə məcburi hesab edilən iştirakçıların növbəti ümumi yığıncağı barədə hər hansı bir məlumatı yoxdur. Cəmiyyətin təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti, eləcə də iştirakçıların ümumi yığıncağı barədə məlumatların ona verilməsi, iştirakçıların ümumi yığıncağında iştirakının təmin edilməsi barədə cavabdehə dəfələrlə etdiyi şifahi və yazılı müraciətlər cavabsız saxlanılır, eləcə də iştirakçıların ümumi yığıncaqlarında iştirakı qəsdən təmin edilmir. "Cavabdeh1" MMC-nin maliyyə hesabatının audit yoxlanışının həyata keçirilməsi üçün 2010-2019-cu il üzrə illik maliyyə hesabatının onun tərəfindən müəyyən edilmiş auditora təqdim edilməsinə dair ərizə ilə xx.xx.2019-cu ildə "Cavabdeh1" MMC-yə müraciət etmişdir. Məktub poçt tərəfindən "ünvan səhvdir" yazılaraq geri qaytarılmışdır. Bu məktubdan başqa, Cəmiyyətin digər təsisçilərinin qeydiyyatda olduqları ünvana, Cəmiyyətin direktorunun qeydiyyatda olduğu ünvana, direktorun nömrəsinə, elektron poçt ünvanına da eyni məzmunlu məktublar göndərmişdir. Lakin cavabdehlər bu günə kimi ərizəsində qeyd etdiyi tələbini təmin etməmiş və bununla bağlı ona hər hansı cavab verməmişdir. Cavabdehlər onun iştirakçı olaraq bütün hüquqlarını pozduğundan və pozmaqda davam etdiyindən Cəmiyyətin təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların ona verilməsi, eləcə də iştirakçıların ümumi yığıncağında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlərə həvalə edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümyandəsi Vəkil məhkəmədə iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh1 MMC-nin direktoru (qanuni təmsilçisi) Cavabdeh2 vəkili-nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Digər təsisçinin cavabdeh olaraq qoyulması əsassızdır. Cavabdeh1 MMC-də ümumi yığıncaq keçiriləndə məktub göndərilir. İddiaçıya məktub göndərməyibsə, bu o deməkdir ki, yığıncaq olmayıb. Qeyd olunanlara əsasən, o, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1 MMC-nin iştirakçısı Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından görünür ki, İddiaçı Cavabdeh1 MMC-nin təsisçilər və nizamnamə kapitalındakı mayasının miqdarı 10 pay müəyyənləşdirilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin nizamnaməsinin 2.2-ci maddəsinə əsasən, İddiaçı Cavabdeh1 MMC-nin nizamnamə kapitalındakı payı-10 manat, 10 pay, pul şəklində müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə aydın oldu ki, Cavabdeh1 MMC-nin iştirakçısı İddiaçı Cavabdeh1 MMCnin təsisçilərindən biridir. «Cavabdeh1 MMC-nin iştirakçısı kimi onun məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə dair məlumatlar almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cii maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır, iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. "Cavabdeh1" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında İddiaçı verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər "Cavabdeh1" MMC-nin, "Cavabdeh1" MMC-nin direktoru (qanuni təmsilçi) Cavabdeh2, "Cavabdeh1" MMC-nin iştirakçısı Cavabdeh3 və "Cavabdeh1" MMC-nin iştirakçısı Cavabdeh4 üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar