Məhkəmə qərarları › İş №2(012)-4415/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4415/2024

23.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4415/2024 23.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş faktları təsdiq edən sübutların siyahısını elə sənədlər təşkil etməlidir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin hazırki işdən görünür ki, İddiaçı iddia tələbində Cavabdeh MMC-dən ona dəymiş 432000 manat maddi və 70000 manat mənəvi ziyan olmaqla, cəmi 502000 manat pulun alınıb ona verilməsinə dair qətnamə, həmçinin cavabdeh şirkətin əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılmasını xahiş etsə də iddia tələbinin əsasını təşkil edən hallara dair heç bir rəsmi sənədə istinad etməməklə, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərməməklə MPM-in 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Yuxarıda qeyd olunanları məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələbinə əməl etməməsi kimi qiymətləndirir və Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar