Məhkəmə qərarları › İş №2(012)-4441/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4441/2024

23.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4441/2024 23.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müraciətə cavab verilməsi ilə bağlı öhdəlik qoyulması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müraciətə cavab verilməsi ilə bağlı öhdəlik qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçı Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunu cavabdeh kimi göstərib iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müraciətinə cavab verilməsi barədə cavabdeh orqan üzərinə öhdəlik qoyulmasını xahiş etmiş və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə istinad edərək inzibati hüquq münasibətlərindən əmələ gələn iş üzrə tərəf olduğu üçün dövlət rüsumu ödəməkdən azad olunduğunu bildirmişdir. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinin tələbinə görə məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi halında dövlət rüsumu tutulur. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsində qeyd edilmişdir ki, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı iddia ərizəsinin başlıq hissəsində şəhid ailəsinin üzvü və İİ qrup əlil olduğunu qeyd etsə də iş materiallarına bu faktı təsdiq edən hər hansı mötəbər sübut əlavə etməmiş, nəticədə iddia ərizəsinə onun tərəfindən iddia ərizəsinin verilməsi üçün miqdarı qanunla müəyyən olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzi və ya onun dövlət rüsumu ödəməkdən azad olunmasını təsdiq edən sənədi əlavə etməməklə MPM-in 152.1.5-ci maddəsinin tələbinə riayət etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin xahiş edirəm hissəsini təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinin məzmunundan göründüyü kimi Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru qanunvericilik normalarının tələblərini pozaraq iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə cavab verməmiş, iddiaçı isə öz növbəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci və 70-ci maddələrinə istinad edərək, xx.xx.2024-cü il tarixli müraciətinə cavab verilməsi barədə cavabdeh orqan üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2.1.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin dövlət notariat ofisləri inzibati orqandır. Odur ki, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sturukturuna daxil olduğundan, məhkəmə qeyd edir ki, iddiaçı Səfərov X1 rayon 1 saylı Dövlət Notariat Kontorunun hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və ya inzibati məhkəməyə şikayət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası МPМ-nin 152.4-cü əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müraciətə cavab verilməsi ilə bağlı öhdəlik qoyulması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar