Məhkəmə qərarları › İş №2(012)-4453/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4453/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4453/2020 19.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Yuzbaşıyev Nail Rizvan oğluna qarşı subroqasiya tələbinin təmin edilməsi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış «Chevrolet Aveo» markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 400 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 420,40 manat cavabdehlər Yuzbaşıyev Nail Rizvan oğlu və Cavabdeh1 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsində göstərmişdir ki, cavabdeh Yuzbaşıyev Nail Rizvan oğlu xx.xx.2014-cü il tarixdə idarə etdiyi Cavabdeh1 məxsus “Shacman” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 7-ci kilometrliyində yolda müəyyən edilmiş surət həddini aşaraq X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Chevrolet Aveo” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X2 maddi ziyan vurmuşdur. “İcbari Sığortalar haqqında Qanun” un 53.2-ci maddəsinə əsasən, “Shacman” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı və Yuzbaşıyev Nail Rizvan oğlunun səlahiyyəti olmadan qeyd edilən nəqliyyat vasitəsini idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Yuzbaşıyev Nail Rizvan oğlunun təqsirli olması DYPİ-nin CYP 970525 nömrəli X5 Protokolunda öz əksini tapmışdır. AR DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli, 016-82518-1220 saylı məktubunda da görünür ki, “Shacman” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 mülkiyyəti və qanuni sahibliyində olmuşdur. xx.xx.2014-cü il tarixində “Shacman” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Yuzbaşıyev Nail Rizvan oğlu tərəfindən sonuncunun səlahiyyəti olmadan idarə edildiyi üçün Cavabdeh1 məsuliyyət daşıyır. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Chevrolet Aveo” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə 700 manat zərər təyin edilmişdir. MİP-100339-B22 saylı sığorta müqaviləsinin 013542 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 300 manat azadolma məbləği çıxmaqla 400 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, MİP-100339-B22 nömrəli avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı Sığorta Şirkəti MMC ilə X3 arasında xx.xx.2010-cu ildə sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan AR DİN Baş Dövlət X6 xx.xx.2014-cü il tarixli X5 İş üzrə Qərarından görünür ki, Yuzbaşıyev Nail Rizvan oğlu AR İXM-nin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 013542 saylı sığorta aktından görünür ki, cavabdeh Yuzbaşıyev Nail Rizvan oğlu xx.xx.2014-cü il tarixdə idarə etdiyi Cavabdeh1 məxsus “Shacman” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 7-ci kilometrliyində yolda müəyyən edilmiş surət həddini aşaraq X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Chevrolet Aveo” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X2 maddi ziyan vurmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 400 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 07702634 №-li məxaric xəzinə orderindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC X1 bank hesabına 400 manat məbləğində pul köçürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, cavabdeh Yuzbaşıyev Nail Rizvan oğlu xx.xx.2014-cü il tarixdə idarə etdiyi Cavabdeh1 məxsus “Shacman” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 7-ci kilometrliyində yolda müəyyən edilmiş surət həddini aşaraq X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Chevrolet Aveo” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X2 maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Yuzbaşıyev Nail Rizvan oğlunun təqsiri iş materiallarında olan AR DİN Baş Dövlət X6 xx.xx.2014-cü il tarixli X5 İş üzrə Qərarından ilə də təsdiq olunur. Həmçinin sübutların tədqiqatı zamanı müəyyən edilir ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 400 manat müəyyən edilmiş və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən köçürülmə yolu ilə “Chevrolet Aveo” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı təşkilatın sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 400 manat sığorta ödənişinin məbləğini cavadehdən tələb etmək hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, avonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə subroqasiya hüququnun təmin edilməsiludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 20,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış «Chevrolet Aveo» markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 400 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 420,40 manat cavabdehlər Yuzbaşıyev Nail Rizvan oğlu və Cavabdeh1 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar