Məhkəmə qərarları › İş №2(012)-4488/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4488/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4488/2021 26.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh Allahverdiyev Rövşən Əhməd oğlunun iştirakı ilə, İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin cavabdeh Allahverdiyev Rövşən Əhməd oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 26 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti cavabdeh Allahverdiyev Rövşən Əhməd oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Allahverdiyev Rövşən Əhməd oğlundan vurulmuş ziyanın əvəzi olaraq 340 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaitinin iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.10.2019-cu il tarixdə, saat 14:04 radələrində Bakı şəhəri, Həsənoğlu küçəsində cavabdeh Allahverdiyev Rövşən Əhməd oğlu LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, özünə məxsus «VOLKSWAGEN PASSAT» minik markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X2 məxsus olan «JEEP Grand Cherokee» minik markalı, **-GX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan vurmuşdur. Bakı şəhəri DYPİ-nin inzibati xəta haqqında protokoluna əsasən, Allahverdiyev Rövşən Əhməd oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.4-cü və 511.1-ci maddələri ilə təqsirli bilinmiş və onun barəsində 14.10.2019-cu il tarixdə İXP ******* saylı “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, «JEEP Grand Cherokee» minik markalı, **-GX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 340 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq sığorta aktı tərtib edilməklə LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X2 dəymiş zərərə görə 340 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti hazırda ödədiyi 340 manat məbləğində sığorta ödənişinin əvəzini subroqasiya qaydasında cavabdeh Allahverdiyev Rövşən Əhməd oğlundan tələb edir. İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Allahverdiyev Rövşən Əhməd oğlu iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 697087 №-li sürücülük vəsiqəsindən müəyyən edilir ki, «VOLKSWAGEN PASSAT» minik markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Allahverdiyev Rövşən Əhməd oğludur. Mülki işin materiallarında olan 19.07.2019-cu il tarixli, PST********** №-li “İcbari Sığorta” Müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, Allahverdiyev Rövşən Əhməd oğluna məxsus «VOLKSWAGEN PASSAT» minik markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 19.07.2019-cu il tarixdə ASC "xxxx" Sığorta Şirkəti tərəfindən 1 il müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün sağlamlığa vurulan zərərə görə 5000 manat və bir hadisə üzrə sağlamlığa vurulan zərərə görə 50000 manat sığorta məbləğində icbari sığorta növü üzrə sığortalanmışdır. Mülki işin materiallarında olan 696468 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən edilir ki, «JEEP Grand Cherokee» minik markalı, **- GX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi X1 04.04.2019-cu il tarixdə X2 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir və etibarnamə 04.04.2020-ci il tarixədək qüvvədədir. Mülki işin materiallarında olan ******* №-li “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, 14.10.2019-cu il tarixdə, saat 14:04 radələrində Bakı şəhəri, Həsənoğlu küçəsində Allahverdiyev Rövşən Əhməd oğlu «VOLKSWAGEN PASSAT» minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə «JEEP Grand Cherokee» minik markalı, **-GX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.4-cü və 511.1-ci maddələri ilə təqsirli bilinmişdir. Mülki işin materiallarında olan 24.10.2019-cu il tarixli sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, avtomobillə toqquşması nəticəsində «JEEP Grand Cherokee» minik markalı, **-GX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol yan arxa hissəsi zədələnmişdir. Mülki işin materiallarında olan İC AA 4784/19 saylı işə dair 13.11.2019-cu il tarixli sığorta aktından müəyyən edilir ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən 340 manat məbləğində sığorta ödənişinin X2 ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Müvafiq qəbz mülki işə əlavə edilmişdir. Mülki işin materiallarında olan 15.10.2019-cu il tarixli əmlaka dair qiymətləndirmə aktından müəyyən edilir ki, «JEEP Grand Cherokee» minik markalı, **-GX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmir-bərpa xərcləri 340 manat (1 ədəd arxa sol stop 120 manat, arxa bufer təmiri 40 manat, dəmirçi 30 manat, rəngsaz 120 manat və oboyşik 30 manat) olaraq müəyyən edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh Allahverdiyev Rövşən Əhməd oğlu idarə etdiyi «VOLKSWAGEN PASSAT» minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Həsənoğlu küçəsində hərəkət edərkən «JEEP Grand Cherokee» minik markalı, **-GX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə ASC "xxxx" Sığorta Şirkəti tərəfindən ümumilikdə 340 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda şirkət subroqasiya qaydasında cavabdehdən həmin məbləğdə pul tələb edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından göründüyü kimi, avtomaşına dəyən ümumi ziyanın məbləği 340 manat müəyyən edilir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Allahverdiyev Rövşən Əhməd oğlundan sığorta ödənişi üçün 340 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinə ödənilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdeh Allahverdiyev Rövşən Əhməd oğlundan alınaraq iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Allahverdiyev Rövşən Əhməd oğlundan 340 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaiti tutularaq LPO ASC "xxxx" Sığorta Şirkətinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar